Prezident və xanımı mükafatlandırıldılar

Prezident və xanımı mükafatlandırıldılar
20:01 12 Noyabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev BMT-nin Əhali Fondunun mükafatına layiq görülüb.

ANS PRESS-in məlumatına görə, ölkə başçısı mükafata BMT-nin 1994-cü ildə Qahirədə keçirilən əhali və inkişaf üzrə Beynəlxalq konfransından irəli gələn məsələlərin reallaşdırılmasında siyasi iradə, yorulmaz fəaliyyət və böyük səylər göstərdiyinə, eləcə də Davamlı İnkişaf Proqramının Azərbaycanda dəstəklənməsi, o cümlədən qadınların və gənclərin sağlam həyat şəraiti imkanlarının genişləndirilməsi istiqamətindəki xidmətlərinə görə layiq görülüb. Mükafatı İlham Əliyevə BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin təqdim edib.

Mükafatlandırma Prezident İlham Əliyevin Babatunde Osotimehin ilə keçirdiyi görüşün sonunda baş tutub.

Görüşdə Babatunde Osotimehin ölkəmizin insan haqları və uşaq hüquqları məsələsində böyük nailiyyətlər qazandığını və gender bərabərliyinə, qadın və ana hüquqlarının qorunmasına önəm verdiyini vurğulayıb, Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək dəyərləndirib. Təmsil etdiyi təşkilatın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən Babatunde Osotimehin birgə proqramların hazırlanmasının və BMT-nin müxtəlif təsisatları ilə əməkdaşlığın əhəmiyyətini vurğuladı. O, ölkəmiz ilə təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını qeyd edib.


İlham Əliyevin Babatunde Osotimehin ilə görüşü


Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən müddət ərzində sosial siyasətin həmişə prioritet məsələlərdən biri olduğunu və əsas diqqətin ölkənin ehtiyaclarının ödənilməsinə yönəldiyini qeyd edib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycanda insanların gündəlik həyatına mənfi təsir göstərmədən iqtisadi islahatlar həyata keçirilməklə sosial proqramlar da paralel olaraq icra edilir və nəticədə iqtisadiyyat gücləndikcə insanların həyat şəraiti də yaxşılaşmağa başlayıb.

Səhiyyə sahəsində islahatlara toxunan ölkə başçısı Azəraycanda 500-dən artıq müasir xəstəxananın inşa olunaraq ən yeni tibbi avadanlıqla təchiz edildiyini, hər il milyonlarla insanın pulsuz tibbi müayinə olunduğunu vurğulayaraq bütün bunları ölkədə həyata keçirilən sosial siyasətin əhəmiyyətli bir hissəsi kimi dəyərləndirdi.

Azərbaycanın birinci xanımı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva da Babatunde Osotimehin ilə görüşüblər. Görüş zamanı Azərbaycanda qadınların hüquqları məsələləri müzakirə olunub Heydər Əliyev Fondunun 2008-ci ildən BMT-nin Əhali Fondu, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihələr həyata keçirdiyi diqqətə çatdırılıb.

BMT-nin Əhali Fondunun mükafatına həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevada layiq görülüb. Mehriban Əliyeva Azərbaycanda qadınların və uşaqların hüquqlarının qorunması, həmçinin gender bərabərliyi sahəsində göstərdiyi xidmətlərinə görə BMT-nın Əhali Fondunun xatirə diplomunu və hədiyyəsi ilə təltif edilib.


Mehriban Əliyeva və Leyla Əliyevanın Babatunde Osotimehin ilə görüşü


Mehriban Əliyevaya təqdim olunan mükafat

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364647

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR