Qorxu və təlaş yox, əsl qazanc məqamıdır

Qorxu və təlaş yox, əsl qazanc məqamıdır
21:05 12 Noyabr 2015
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Son zamanlar Azərbaycanda güclü inflyasiyanın olacağına, vətəndaşlarının öz pullarının qayğısına qalmağın vacibliyinə dair müəyyən fikirlər səslənir. Mən iqtisadçı olmasam da, sadəcə ən azından gedən siyasi, iqtisadi prosesləri izləməklə və əlahəzrət məntiqə söykənərək deyə bilərəm ki, bu fikirlər əsassız və bədniyyətlidir.

İnflyasiya ilə bağlı rəsmi rəqəmlər nə deyir?

Mərkəzi Bankın yanvar-sentyabr ayları üçün pul siyasətinə dair hesabatda açıqladığı rəqəmlərə görə, 2015-ci ildə inflyasiya 4,4 faiz həddində olacaq. Bildirilib ki, ilin sonuna kimi də inflyasiya birrəqəmli həddə olacaq. Qlobal istehlak bazarlarında qiymətlərin aşağı düşməsi, tərəfdaş ölkələrdə devalvasiyanın davam etməsi və pul kütləsinin dinamikası inflyasiyanın azalmasına təsir edir.

Əvvəllər Azərbaycan hökuməti istehlak məhsullarının qiymətlərinin 6,2 faiz artacağı barədə proqrnoz vermişdi. Dövlət Statistika Komitəsinin son məlumatına görə, bu ilin ötən 9 ayı ərzində ölkədə inflyasiya 3,7 faiz təşkil edib ki, bu da tam inandırıcı və məntiqə uyğundur. Ümumiyyətlə, ötən müddətdə Azərbaycanda istehlak səbətinə daxil olan 119 məhsul və xidmət üzrə (23 xidmət, 30 ərzaq və 66 qeyri-ərzaq) qiymətlə aşağı düşüb. Eyni zamanda 3 qeyri-ərzaq və 42 xidmət üzrə qiymətlər dəyişməz qalıb.

Beynəlxalq Valyuta Fondunun proqnozlarının qiymətləndirilməsinə də əsasən, Azərbaycanda inflyasiya MDB ölkələrinə nisbətən 10,9, digər ticarət tərəfdaşlarına nisbətən isə 3,4 faiz aşağı olacaq.

Məzənnədə dəyişiklik varmı?

Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər ki, son günlər ABŞ dollarının manata nəzərən məzənnəsində də ciddi bir dəyişiklik baş vermir.

Qeyd olunub ki, dəyişiklik daxili valyuta bazarında gedən proseslərlə əlaqədar deyil. Daxili valyuta bazarında vəziyyət tam nəzarət alıtındadır və tələb-təklif tarazlığı təmin olunur. Sadəcə, Mərkəzi Bank tərəfindən məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi çərçivəsində həyata keçirilməsi ilə əlaqədar beynəlxalq valyuta bazarında avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən milli valyutanın məzənnəsinə ötürülür.

Bankdan deyilib ki, son günlər ərzində dünya bazarında ABŞ dollarının avroya qarşı məzənnəsinin yüksəlməsi müşahidə edilir. Bu əsasən onunla izah edilir ki, Avropa Mərkəzi Bankı monetar genişlənmə proqramının həyata keçirilməsini davam etdirdiyi şəraitdə ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən əsas faiz dərəcəsinin yüksəldiləcəyi ehtimalı ilə bağlı məlumatlar yayılıb. Dünya bazarında müşahidə edilən bu proseslər fonunda manatın ABŞ dollarına qarşı məzənnəsində də yumşaq gündəlik dəyişmə baş verib.

AMB-dən bildiriblər ki, bir müddət əvvəl isə bu prosesin əksinə olaraq, dünya valyuta bazarlarında ABŞ dollarının məzənnəsinin avroya qarşı zəifləməsi nəticəsində ölkəmizdə də bu xarici valyutanın manata qarşı məzənnəsində ucuzlaşma müşahidə olunmuşdu. Belə ki, dolların manata qarşı rəsmi məzənnəsi bu il sentyabrın 15-də hətta 1,0469-dək ucuzlaşmışdı. Yəni normal bazar prosesi baş verir. O ki qaldı valyutadəyişmə məntəqələrinə, Mərkəzi Bank tərəfindən valyuta qanunvericiliyinə, o cümlədən valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi üzrə mövcud tələblərə riayət olunması daim diqqət mərkəzində saxlanılır.

Şayiə yayanların məqsədi nədir?

Deməli, nə manat ciddi şəkildə ucuzlaşıb, nə də güclü inflyasiya meylləri hiss olunur. Bəs onda bu şayiələri yayanların məqsədi nədir?

Bəri başdan deyim ki, bu məsələdə bəzi dairələrin merkantil, yəni ticarətdən qazanmaq, bəzi dairələrin isə dövlətin iqtisadi dayaqlarını sarsıtmaq və ölkədəki stabilliyi pozmaq maraqları var.

Aydın məsələdir ki, əhali "inflyasiya", "manatın ucuzlaşması" kimi ifadələrə çox həssas yanaşır və belə şayiələri eşidən kimi maksimal ehtiyat tədbirləri görməyə çalışır. Əvvəla, bu zaman dərhal manatın digər valyutalara, indiki halda isə ABŞ dollarına dəyişməsi meylləri artır. Halbuki qeyd etdiyim kimi, Azərbaycanda dolların bahalaşması nə müşahidə olunur, nə də bununla bağlı tutarlı proqnozlar mövcuddur. Deməli, bu ilin fevralında olduğu kimi, dollara "hücum" təşkil etməyə dəyməz. Çünki manatı dollara dəyişmək həvəsi ölkədə yenidən dollar çatışmazlığına və iqtisadi proseslərin tamam başqa məcraya yönəldilməsinə gətirib çıxara bilər. Bu isə əsasən, Azərbaycanı sevməyən və burada qarışıqlıq, təşviş, narazılıq yaratmaq istəyən kənar qüvvələrin marağına daha çox xidmət edir.

Digər halda isə "hər şey bahalaşacaq, manat öləcək" deyə hamı ticarət obyektlərinə üz tutub "vaxtında" daha çox mal almağa, banklardakı pullarını çıxarmağa çalışır. Halbuki bununla yenə də özlərinə ziyan etmiş olurlar. Belə ki, ticarət obyektlərində məhsullara tələbat artdıqca qiymətlər qalxacaq, digər halda isə banklarda pul kütləsi azaldıqca bank faizləri yüksələcək.

Normal inflyasiya həmişə iqtisadiyyatın inkişafının stimulu hesab olunub. Əksinə, deflyasiyanın olması iqtisadiyyata inflyasiyadan daha çox ziyan vurur. Deflyasiya zamanı faiz dərəcələri artır, bu, ölkəyə qısamüddətli kapital axınına səbəb olsa da, ölkədən kənara ixracı azaldır. İxracın azalması isə istehsalın da azalmasına, iş yerlərinin bağlanmasına və işsizliyin artmasına gətirib çıxara bilər. Əksinə, bu zaman kənardan ölkəyə məhsulların gətirilməsi tendensiyası artır. Çünki deflyasiya zamanı milli valyutanın mübadilə məzənnəsi yüksəlir ki, bu da idxalatçıların xeyrinə işləyir.

Nə etməli?

Belə şayiələrə uymağa meylli olanlar onu da bilməlidirlər ki, prezident İlham Əliyevin sahibkarlara verdiyi açıq dəstək və son zamanlar bu istiqamətdə atılan ciddi addımlar - sahibkarlara törədilən süni əngəllərin aradan qaldırılması, yoxlamaların 2 illik dayandırılması, lisenziyaların sayının azaldılması və s. iqtisadiyyatın inkişafına əlavə stimul verəcək. Artıq ekspertlər də bildiriblər ki, cəmi bir neçə aydan sonra, 2016-cı ilin əvvəllərindən etibarən ölkədə iqtisadi artımın sürətlənməsi meylləri hiss olunmağa başlayacaq. Yeni iş yerlərinin yaranması, rəqabətlilyin artması isə birmənalı olaraq yalnız inkişafa xidmət edir. Bu zaman həm məhsulların qiymətləri stabilləşir, həm xidmətlərin keyfiyyəti artır, həm də əhalinin gəlirləri artır, sosial rifahı yaxşılaşır.

İndi təlaşlanmaq, qorxuya düşmək lazım deyil. Əslində pullarını banklardan çıxarmaq və ya "hər şey bahalaşacaq" deyə əllərində olanlarını gedib qarşısına çıxan hər şeyi alıb taxçalara, anbarlara yığmaqdansa, onları biznesə yatırmaq və bundan gəlir əldə etməyin əsl vaxtıdır.

Şayiələrə uymayın! Dərindən düşünün ki, elə özünüz qazdığınız quyuya düşməyəsiniz...

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/381901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR