Bişkekdə Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi keçirilib

Bişkekdə Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi keçirilib
08:58 13 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bişkek, 13 noyabr, AZƏRTAC
TÜRKSOY, Azərbaycanın Qırğızıstandakı səfirliyi, bu ölkənin milli kitabxanası və Qırğızıstan Xalqları Assambleyasının təşəbbüsü ilə Bişkek şəhərində Xalq şairi, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi keçirilib.
Tədbirdə Qırğızıstan hökumətinin üzvləri, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, Bişkekdə yaşayan soydaşlarımız, həmçinin Azərbaycan, Türkiyə və Qazaxstandan dəvət olunan qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabın təqdimatı ilə əlaqədar sərgi də keçirilib.
Sonra Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.
Qırğızstan Milli Kitabxanasının direktoru, professor Jıldız Bakaşova böyük şairin yubileyinin bu kitabxanada keçirilməsindən məmnun olduğunu bildirib.
Qırğızıstanın mədəniyyət, turizm və informasiya naziri Altınbek Maksutov deyib ki, Bəxtiyar Vahabzadənin yubileyinin Bişkekdə keçirilməsi bir daha sübut edir ki, böyük şairi bütün türk dünyasında sevirlər. Nazir vurğulayıb ki, B.Vahabzadənin şeirləri gənclərə bir örnəkdir.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onu zəmanəmizin böyük şairi adlandırıb və bildirib ki, o Azərbaycan poeziyasının zirvələrindən biridir.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin də Bəxtiyar Vahabzadənin yaradıcılığına yüksək qiymət verdiyini qeyd edib. Səfir xüsusi vurğulayıb ki, Prezident İlham Əliyev şairin 90 illiyi yubileyinin keçirilməsi, Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncamlar imzalayıb.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı belə böyük tədbirin Bişkekdə keçirilməsini təşkili etdiyi üçün səfirə təşəkkürünü bildirib, Hidayət Orucova, Jıldız Bakaşovaya, böyük şairin şerlərini qırğız dilinə tərcümə edən Baxtıqul Çoturovaya TÜRKSOY-un xatirə hədiyyələrini verib.
Sonra Azərbaycandan dəvət olunan şair Əkbər Qoşalı, Qırğız-Türk “Manas” Universitetinin rektoru Səbahattin Balçı, Baxtıqul Çoturova, Bişkekdəki “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev böyük şairin ölməz poeziyasından danışıb, belə tədbilərin keçirilməsinin bir-birimizi daha yaxından tanımağımıza xidmət etdiyini bildiriblər.
Sonda “Azəri” Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs qruplarının iştirakı ilə böyük konsert proqramı keçirilib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Biskekde_Azerbaycanin_Xalq_sairi_Bextiyar_Vahabzadenin_90_illik_yubileyi_kechirilib-901595

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR