“ASAN xidmət” Britaniya mətbuatında

11:03 13 Noyabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Böyük Britaniyanın ictimai xidmət sahəsində ən nüfuzlu jurnalı olan “Civil Service World” jurnalının oktyabr buraxılışında “ASAN - ictimai xidmətin təminatında qabaqcıllıq” adlı məqalə dərc edilib. Məqalə bu ilin sentyabr ayında Londonda keçirilən “Civil Service Live 2015” sərgisində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağasinin “ASAN xidmət” ilə bağlı təqdimatı əhatə edir. Təqdimat Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.
Jurnal Kamran Ağasinin çıxışından sitat gətirərək bildirir ki, vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən ictimai xidmətin effektivliyini artırmaq məqsədilə “one stop shop” kimi fəaliyyətə başlayan “ASAN xidmət”də hazırda 10 nazirlik və 18 biznes strukturu tərəfindən 280-dən çox xidmət təklif olunur.
Qeyd olunur ki, “ASAN xidmət” müştəri məmnuniyyətinin birinci dərəcəli hədəf olduğu unikal ictimai xidmət təqdim edən bir model hazırlayıb. Hər mərkəzdə gündə 2500-3000 insana xidmət göstərilir. K.Ağası şəbəkənin fəlsəfəsinin əsas etibarilə beş sütuna dayandığını bildirib: əlçatanlıq, hesabatlılıq, şəffaflıq, effektivlik və innovasiya.
ASAN ictimai xidmətlərin effektivliyini innovasiyalar yolu ilə inkişaf etdirməyə çalışır. K.Ağasi konfrans iştirakçılarını bu haqda məlumatlandıraraq bildirib ki, hər açılan yeni mərkəz özündə müştəri və ASAN işçilərinin ideyalarını birləşdirir: “ASAN davamlı olaraq inkişaf etmək üçün ən son texnologiyadan və innovativ həll yollarından istifadə etməyə çalışır. Bu layihə reallaşdığı zaman ASAN-ın multifunksional terminallarında bütün inzibati ödəniş və cərimələri eyni sistem vasitəsilə ödəmək mümkün olacaq”.
“ASAN xidmət” bu il “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında Birləşmiş Millətlər Təşkilatının ən yüksək mükafatına layiq görülüb. Kamran Ağasi bununla bağlı deyib ki, bu mükafat onları irəliyə getməyə daha da ruhlandırır: “BMT-nin strukturları və Dünya Bankı kimi bir çox beynəlxalq təşkilatlar “ASAN”ın ictimai xidmət sahəsindəki uğurlu modeli ilə maraqlanırlar. Biz öz təcrübəmizi digər ölkələrlə bölüşməyə, beləliklə də beynəlxalq ictimaiyyətə öz töhfəmizi verməyə hazırıq”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ASAN_xidmet_Britaniya_metbuatinda-901615

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR