Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Bakıda “Məişət zorakılığının qarşısının alınması” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi məişət zorakılığının qarşısının alınması istiqaməti üzrə BMT təcrübəsinin öyrənilməsi, ikitərəfli əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Tədbirdə BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT-nin baş katibinin müavini Babatunde Osotimehinin başçılığı ilə nümayəndə heyəti ilə bərabər, Azərbaycanın hökumət nümayəndələri və digər qonaqlar iştirak edirlər.
Konfransda məişət zorakılığının qurbanları üçün istinad mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi və digər mövzular üzrə müzakirələr aparılır.