Rabitə naziri vəzifəsini bu şəxs icra edir - FOTO

Rabitə naziri vəzifəsini bu şəxs icra edir - FOTO
11:42 13 Noyabr 2015
180 Digər
Ölkə mətbuatı
A- A+

"Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsi sabiq nazirin birinci müavini İltimas Məmmədova həvalə edilib".

Bunu anspress-ə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov deyib.

Onun sözlərinə görə, Ə. Abbasovun bütün səlahiyyətləri İltimas Məmmədova tapşırılıb və hazırda o, nazirin vəzifəsini yerinə yetirir.

Ötən gün ölkə başçısı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Hazırda nazir vəzifəsini icra edən İltimas Məmmədov 1963-cü il fevralın 10-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan oub.

1984-1989-cu illər ərzində Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun elektrotexnika fakültəsinə daxil olmuş və həmin institutu bitirərək, çoxkanallı elektrik rabitəsi mühəndisi ixtisasına yiyələnib.

1989-2000-ci illər ərzində İnstitutdan təyinatla Rabitə Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyində (BTRİB) mühəndis, xidmət rəisi, Bakı Kabel Qovşağının baş mühəndisi, 1997-ci ildə isə BTRİB-in baş mütəxəssisi vəzifəsinə yüksəlib.

2000-ci ildə Rabitə Nazirliyinin Telekommunikasiya şöbəsinin rəis müavini, 2001-ci ildə Rabitə Nazirinin Texniki Məsələlər üzrə müşaviri, 2004-cü ildə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri vəzifəsində işləyib.

2005-ci ildə rabitə və informasiya texnologiyaları nazirinin müavini təyin edilib.

2014-cu ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

İltimas Məmmədov informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) hazırlanmasında iştirak edib. Eyni zamanda Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramlarının layihələrin və digər hüquqi aktların hazırlanması üzrə İşçi Qruplara rəhbərlik edib.

10-dan artıq elmi məqalələrin müəllifidir. İki dəfə (1994 və 2002-ci illərdə) "Rabitə ustası" fəxri adına layiq görülüb.

2009-cu ilin dekabr ayında Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə əməkdar mühəndis fəxri adına layiq görülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/382121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR