x
Loading...

Azərbaycanın Əməkdar Rəssamı “Motsart” medalı ilə təltif olunub

Azərbaycanın Əməkdar Rəssamı “Motsart” medalı ilə təltif olunub
12:13 13 Noyabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+
.


Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycanın Əməkdar Rəssamı, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, Leonardo da Vinçi medalının, “Avropanın şərəfi” ordeninin, Rusiyanın nüfuzlu “Minilliyin adamı” mükafatının, Malta Ordeninin Beynəlxalq Cəngavər-Kavalerlər İttifaqının Zabit xaçının sahibi, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru Sakit Məmmədov daha bir mükafata layiq görülüb. Sakit Məmmədov mədəniyyətə və incəsənətə töhfəsinə, dünya birliyi qarşısında rəssam kimi xidmətlərinə görə “Motsart” medalı ilə təltif olunub. Mükafat rəssama Avropa Təbiət Elmləri Akademiyasının direktoru Vladimir Tıminski tərəfindən verilib.
Bu barədə AZƏRTAC-a məlumat verən rəssam medalı bütövlükdə Azərbaycan təsviri sənətinə verilən qiymət kimi dəyərləndirib.
Qeyd edək ki, 1958-ci il avqustun 5-də Neftçala şəhərində anadan olan Sakit Məmmədov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və İ.Y.Repin adına Sankt-Peterburq Dövlət Akademik İnstitutunu rəssamlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. S.Məmmədovun əsərləri dünyanın bir çox görkəmli siyasi xadimlərinin şəxsi kolleksiyalarında, Vatikan muzeyində, “Opera” qalereyasında (Sinqapur), Bakı Müasir İncəsənət və Azərbaycan Milli İncəsənət muzeylərində saxlanılır. Onun əsərləri dünyanın bir çox nüfuzlu qalereyalarında sərgilənir, ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa, Avstriya, Macarıstan, Avstraliya və digər ölkələrdə təşkil edilən sərgilərdə nümayiş olunur.
Azərbaycanın Əməkdar Rəssamı Sakit Məmmədov “Dədə Qorqud” Beynəlxalq Türk Dünyası Fondunun “Dədə Qorqud” mükafatına və “Vətən övladı” qızıl medalına, yeddi dəfə birinci dərəcəli fəxri diploma, müxtəlif medallara, “Vera” beynəlxalq kubokuna layiq görülüb.
Prezident İlham Əliyev məhz onun əsərini - Roma Papası II İohann Pavelin portretini Azərbaycanın adından Vatikana hədiyyə edib.
Sakit Məmmədov həm də ilk dəfə Azərbaycanda yaranan opalizm məktəbinin banisidir. Opalizm rəssamlıqda yeni üslubdur. Opal zərgərlikdə geniş istifadə olunur. Sakit Məmmədovun bütün tələbələri bu məktəbin davamçılarıdır. Hazırda rəssamın təqribən 10 tələbəsi həmin texnika ilə işləyir. Bu termin zəmanəmizə xas şəkildə - bədahətən yaranıb. Opalizm termini Samit Məmmədov rəngdən istifadə etmək texnikasını tələbəsinə izah edərkən yaranıb. Rəssamın gözü qızın boynundakı opal daşla işlənmiş kulona sataşır. Rəssama elə gəlir ki, kulon sanki onun əsərinin bir parçasıdır. Sonra öz əsərlərinin fraqmentlərini opal daşı ilə müqayisə edərək, öz üslubunu tapır. Opalizm məktəbinin əsası belə qoyulur.
Sakit Məmmədovun əsərlərində dolğunluğu ilə seçilən qırmızı, mavi, göy, tünd sarı rənglər onun sənətinin pərəstişkarlarını daim valeh edir. Onun əsərləri müalicə edir, sakitləşdirir, ürəyə təskinlik verir, saatlarla qarşısında durub tamaşa etmək istəyi yaradır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Amekdar_Ressami_Motsart_medali_ile_teltif_olunub-901649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR