Qəlbdə iki ləzzətdən biri yer tutar

Qəlbdə iki ləzzətdən biri yer tutar
12:42 13 Noyabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Bismilləhir-Rahmənir-Rahim!

İnsan öz həyatına, yaşayışına diqqət edəndə görür ki, etdiyi əməllərin içərisində elələri var ki, onlar bizim xoşumuza gəlir, bizə rahatdır, daha sadə dildə desək, bizə ləzzət edir. Elə əməl və davranışlar da var ki, onlar bizim xoşumuza gəlmir. Onlar bizə rahatlıq yaratmır, onları etmək bizim üçün xoş deyil. Xüsusən də mənəvi əməllər, təbii ki, ilk baxışda bizə çətin görünür. İnsan bu və ya digər davranışı, əməli həyata keçirərkən nəzər salanda görür ki, bunların bəzilərini böyük şövq və həvəslə etmək istəyir, bəzilərini yerinə yetirən zaman isə o həvəsi, şövqü, istəyi, o ləzzətlə etmək ruhiyyəsi onda olmur.

Cənnət xoşa gəlməyən işlərin qatlarına bürünüb

Həzrət Əmirəlmöminin (ə) bu xüsusda çox incə mətləblərə toxunaraq buyurur: "Cənnət xoş gəlməyən işlərin qatlarına bürünmüşdür, cəhənnəm isə şəhvətlərin". Burada təbii ki, şəhvətlər deyildikdə, geniş mənada nəfsin istəkləri nəzərdə tutulur. Bizim nəfsani istəklərimiz iki istiqamətdədir. Birincisi - harama tərəf, bir də ola bilər ki, mübah mövzulara tərəf olsun. Biz əqli işə salmadan elə öz-özlüyündə nəfsi istəklərimizin ödənməsinə tərəf hərəkət edəndə, hətta mübah mövzular da təkamülümüzə səbəb olmaz. Kifayət qədər hallar da olur ki, nəfsi istəklər məkruhlara, bəyənilməyən məsələlərə, hətta haramlara tərəfdir. Bu, həm ailə həyatımıza, həm ictimai həyatımıza, həm insanlarla ünsiyyətimizə aiddir.  

Cənnət insana lazım və zəruri olan, amma zahirən xoş gəlməyən, rahat olmayan işlərin qatlarına bürünmüşdür. İnsan gün ərzində etdiklərinin, həftə ərzində, ay ərzində etdiklərinin gərək hesab-kitabını etsin ki, bunların hansını hansı durumla həyata keçirdiyini özü üçün müəyyənləşdirsin. Elədiklərinin içərisində nə qədər Allahın razılığı olan, amma ona xoş gəlməyən, xüsusi rəğbət, həvəslə, ləzzətlə yerinə yetirmədiyi, ən azı başlanğıcında bu halı olmayan əməllər olub? Adət üzrə insanın aqibətinin xeyirliliyinə səbəb olacaq əməllər əksər hallarda heç də o yerlərdə deyil ki, onlara qarşı böyük bir fövqəl dərəcədə şövqü olsun.

Şəhvətə aludə olan qəlbdə pəhrizkarlıq olmaz

Həzrət Peyğəmbərimiz (s) buyurur: "Şəhvətlərə məftun olan qəlbdə pəhrizkarlığın məskunlaşması haramdır". Ümumiyyətlə, insan özü daxilən hesab-kitabını etməlidir. Gərək müəyyən etsin ki, son dövrdə nə qədər ürəyi istəmədiyi, amma Allahın razı olduğu işlərdən görüb. Hər kəs öz vəziyyətini hamıdan daha yaxşı bilir. Ürəyi istəmir, ona xoş deyil, amma Allahın razılığı olduğu üçün o işi görür. İnsan özünə nəzər salmalı, öz durumunu təhlil etməlidir. Çünki insanın istər haram müstəvisində, istər məkruh, Allahın bəyənmədiyi müstəvilərdə, eləcə də mübahlar - icazə verilən, neytral, nə pis, nə də yaxşı olan əməllər - müstəvisində də nəfsinin istədiklərini etməsi böyük bir hünər, bacarıq tələb etmir. Bu, çox təbii bir haldır. Amma, insan yalnız bu halına məftun olsa, bu halı ilə yaşasa - onun qəlbində pəhrizkarlıq üçün fürsət qalmaz.

Pəhrizkarlıq - iradəvi bir prosesdir, təfəkkürün, düşüncə prosesinin, əzmin nəticəsidir. Amma, insan nəfsani istəklərinə məftun olsa, gün ərzində ancaq onların təmini ilə məşğul olsa, burada onun pəhrizkarlıq və təqvalılığı üçün yer qalmaz.

Hansı bəndə Rəbbin istəyini öz istəyindən üstün tutsa...

Həzrət Rəsulallah (s) buyurur: "Allah Təala buyurur: "And olsun izzət və əzəmətimə, hansı bəndə Mənim istəyimi öz istəyindən üstün tutsa, mələklərimi onu qorumağa göndərərəm, göyləri və yeri onun ruzisinin zamini, təminatçısı edərəm və dünya öz istəyi ilə ona üz tutar"". Yəni əgər insan öz nəfsi istəklərini deyil, Allahın razı olduğu məsələləri həyata keçirsə, hətta onları həyata keçirən zaman ilkin mərhələdə heç şövqü də olmasa, amma Allahın razılığı olduğu üçün onları üstün tutsa - Rəbbimiz ona sonsuz lütf və inayətlər edər. Bizim müsibətlərimiz, məsələlərimiz bu mövzulardadır. Hərəkətlərimizi, davranışlarımızı, rəftarlarımızı həyata keçirən zaman gərək seçim edək. Diqqətli olmalıyıq ki, qərar verdiyimiz məsələlərdə ilk öncə düşünək: bu qərarı Allahın razılığına uyğun olduğuna görə veririk, ya öz nəfsi istəklərimizi təmin etdiyinə görə?

Bizim bütün məsələlərimizin, dünya işlərimizin sahmana düşməsinin kökündə əslində bu seçimlərimiz dayanır. Əgər seçimlərimizi düzgün edə bilsək - onların həm dünyamız, həm də axirətimiz üçün gözəl nəticələrini görərik. Hər zaman insanı düşündürən ən ciddi məsələlərdən biri budur ki, nə etsin ki, işləri qaydasına düşsün, yaşayışı sahmana düşsün, yaşayışının bərəkəti əmələ gəlsin. Bu, hər kəsi, hər şüurlu, aqil insanı düşündürən məsələlərdir. Xüsusən də, nəzərə almalıyıq ki, yaşayışın özünə yüksək templər əlavə olunub, qəflətdə olmaq üçün ciddi vasitələr meydana çıxıb. Öncəki dövrün insanları ilə bugünkü dövrün insanlarını müqayisə etsək, görərik ki, nemətlərin çoxalması ilə yanaşı, hər yeni dəyişikliklərin özündə daşıdığı müsbət yük və nemətlilik potensialı ilə yanaşı, bunların hər biri özü ilə yeni təhdidlər gətirir, yeni məsuliyyətlər yaradır. Son iyirmi, otuz ili nəzərdən keçirəndə görürük ki, bu tendensiya artmaq üzrədir. Sürət artıb, texnolojinin insan həyatına daxil olması daha da artıb və indidən belə də artacaq. Texnoloji, kommunikasion baxımından əlaqələrin qurulması bir qədər də artıb, daha da çox artacaq. Bütün bu məsələlər özlərində daşıdıqları nemətlilik yükü ilə yanaşı, özü özünə qalarlarsa, onlarla nəzarətsiz davranılarsa, hər biri həyatımız üçün ciddi təhdidə çevrilər. Bu, bir yeni mərhələdir.

Bütün işlərimizin islahı ibadətlərimizin islahından keçir

İnsan öz həyatını tənzimləmək, düzəltmək, islah etmək istəsə, gərək xüsusilə gününə, zamanına, vəziyyətinə, yaşayışına nəzər salsın. Hər zaman bu məsələ önəmli olub, günümüzdə isə fövqəl dərəcədə önəmlidir. Dəyərli əxlaq ustadlarından olan Ayətullah Behcət cənabları buyurur: "Əgər bilsək ki, insanın işlərinin islah olması, qaydaya düşməsi ibadətin islahı ilədir və onların başında da namaz durur ki, xuzu və xuşu vasitəsilə və o da ləhvdən, boş-boş, mənasız işlərdən uzaq durmaqla mövcudiyyət tapır - məsələ həll olar". Yəni biz bunun fərqində olmalıyıq ki, yaşayışımız, həyatımızın düzəlməsi ibadətlərimizin düzəlməsinə bağlıdır. İbadətlərin də başında namaz gəlir. Namazın düzəlməsi, namazın keyfiyyətinin islahı ilə bağlıdır. Namazın keyfiyyətinin iki mühüm daşıyıcısı var: xuzu və xuşu. Namazda Allaha itaət ruhiyyəsi və hüzuri-qəlbli olmaq ruhiyyəsi olmalıdır. Bu iki tərkib olarsa, namaz keyfiyyətli hesab olunar.

Deməli, əgər istəyiriksə həyatımız düzəlsin, islah olsun, müsbətə tərəf inkişaf tapsın - gərək ibadətimizi və onun da başında namazımızı düzəldək. Namazımızı düzəltmək üçün, namaz zamanı fikrimiz, qəlbimiz gərək namazda olsun, namazda olarkən gərək bəndəlik ruhiyyəmiz olsun. Bu da zahirən bizə ciddi görsənməyən, amma həyatımıza, ibadətlərimizə, namazlarımıza birbaşa təsiri olan bir məsələlərdən keçir. Biz gərək ləhv, boş-boş, mənasız işləri tərk edək. Söhbət haramlardan və məkruhlardan getmir. Bunlardan uzaq durmaq - təbii məsələdir. Söhbət boş-boş, mənasız, səmərəsiz işlərdən gedir. İnsanın qəlbinin, ruhiyyəsinin qidası nəhayətən nə iləsə əldə olunur. Əgər qəlb öz ruhiyyəsini, öz enerjisini mənasız, boş işlərə sərf edəcəksə, o qəlbin namaz üçün, ibadətlər üçün halı qalmayacaq. Namaz sıradan bir halda qılınacaq. Adi bir halda qılınan namazın nəticəsində bəndəlik ruhiyyəsi meydana gəlməyəcəkdir. Bunun gündəlik həyatımıza, yaşayışımıza da təsiri olmayacaq.

Amma ləhv, mənasız işlərdən uzaq dursaq - namazımızı gözəl halla, gözəl ruhiyyə ilə, mənasını dərk edərək qılarıq. Namazımızı bu cür qılsaq, ibadətimizin bəndəlik ruhiyyəsi yaranar. Nəticədə dünyamız, yaşayışımız sahmana düşər. Həyatımızın bərəkəti əmələ gələr. Evlərimizin bərəkəti əmələ gələr, ailədə münasibətlərin bərəkəti əmələ gələr, toplumda bərəkət əmələ gələr. Bunların hamısı mənasız, səmərəsiz işlərdən uzaq durmaqdan başlayır. Bəzən insan fərqinə varmayaraq internetə daxil olar, bir də ayılar ki, iki-üç saatı elə-belə, mənasız yerə gedib. Özü də fərqində varmadan arada ğina ilə, haram musiqi ilə, haram səhnələrlə də qarşılaşar. Bununla da günü tamamlanar və artıq ibadətlərdə heç bir ruhiyyəsi mövcud olmaz. Belə insanın namazlarının qəzaya getməsi, sübh namazlarına dura bilməməsi heç də təəccüblü deyil. Bütün bunlar şeytanın (lən) hoqqalarıdır ki, insan gözləmədiyi yerdən, anlamadığı yerdən onu məşğul edər, insanı qəflətə salar. Əgər həyatımızın bərəkətli olmasını istəyiriksə, gərək bu məsələlərə diqqət edək.

Kim ibadətin gözəlliyini duya bilər?

Məsumlardan (ə) buyurulur: "Təfəkkür və tədəbbürlə qılınan iki rükət namaz, gecədən sübhə qədər qəflətdə olan ürəklə qılınan namazdan üstündür". Yəni namazımızın təfəkkür və tədəbbür halı olmalıdır. Bu namazı niyə qılırıq, nə üçün qılırıq, nədir namaz? Namazın hədəfi qürbi-İlahiyə çatmaq, Allaha yaxınlaşmaqdırsa, o zaman namazlarımızı gərək təfəkkürlə qılaq. Qəflət halı ilə hətta bir gecə qılınan namaz da, iki rükət düşünərək qılınan namazın yanında zəifdir. Çünki, qafil qəlblə qılınan namazın həyatımız üçün heç bir təsiri olmaz.

Həzrət Əli (ə) buyurur: "Hər vaxt ki, Allah Təala bir bəndəni sevər, ibadətin gözəlliyini onun qəlbinə salar".  Əgər ibadətin gözəlliyi salınsa, biz ibadətin gözəlliyini hiss etsək, duysaq - deməli Allah bizi sevib. Gərək bu haldan möhkəm yapışaq. Bu nemətin qədrini möhkəm bilək. Əgər belə bir halımız yoxdursa, Allahın bizi sevməsi üçün lazımi davranışımız olmayıb. Deməli, daha da diqqətli olmalıyıq.

Həzrət Əli (ə) buyurur: "İbadətin ləzzətini necə duysun o kəs ki, həvayi-nəfsini dayandırmayır?!" Həvayi-nəfsə ardıcıl "hə" deməklə ibadətin ləzzəti bir yerdə ola bilmir. Bu qəlb yalnız bir ləzzəti daşıya bilir. Ya sən nəfsin istəklərinin həyata keçməsindən ləzzət alacaqsan, ya da Allaha ibadətindən. Bunlar ikisi bir-birinə ziddir və bir qəlbdə yer tapa bilməz. Nəfsimizin istədiyini nə qədər çox həyata keçirsək, ibadətin ləzzətini bir o qədər itirərik. Çünki, biz nə qədər nəfsimizin istəyinə uyğun davranırıqsa, o qədər Allaha bəndəlikdən uzaq düşürük. Uzaq düşürüksə, sevgidən məhrum oluruq. Sevgidən məhrum olanda isə, ibadətin şirinliyi və ləzzəti əldən gedir.

İbadətlərin keyfiyyəti mühümdür

Alimlərdən biri deyir ki, mənim ona görə bu mövzularda ruhiyyəm var ki, atam məni sübh namazından bir qədər qabaq oyadardı, İmam Hüseyn (ə) üçün rövzə deyib, ağlayardıq...

Biz etdiyimiz əməllərimizin keyfiyyətinə fikir verməliyik. Adam ziyarətə gedir, gərək burada davranışlarına fikir versin. Ariflər deyir ki, əgər insan ziyarətə gedən zaman özündə hal hiss etmirsə, gərək daxil olmasın. Əgər daxil olmaq icazəsini hiss etmirsə, gərək daxil olmasın. Getsin özünü qaydaya salsın, sonradan yenə gəlsin. Keyfiyyət - mühüm məsələdir. Belə deyil ki, böyük üləmalar, ariflər, müctəhidlərin vaxtı çox olub ki, namazlara, ziyarətlərə öncədən hazırlaşıblar. Sadəcə olaraq, bizdən fərqli olaraq, onlar bunun əhəmiyyətini başa düşüblər. Biliblər ki, on beş dəqiqə namazdan öncə hazırlaşacaq, sonra bir gün, bəlkə bir il, bir neçə il irəli düşəcək. Çünki, namazını islah edən, əslində həyatını islah edib. Namazını necə gəldi qılsa, həyatı da necə gəldi olacaq. Bunun fərqinə varıblar, davranışlarında da tətbiq ediblər. Xoş olsun o kəslərin halına ki, bunların fərqinə varır.

Allahım, bizə xoşumuza gəlməyən, amma Sənin razılığına uyğun olan işləri görməkdə iradə nəsib et!

Allahım, istəklərimizi Sənin istəklərinə tabe etməyi bizə nəsib et!

Allahım, bizə Sənə edilən ibadətin ləzzətini duymağı lütf et! Amin!

Hacı İlqar İbrahimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/382119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR