Mingəçevir şəhərinin ilk qurucuları

Mingəçevir şəhərinin ilk qurucuları
13:13 13 Noyabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 13 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Respublikamızın iri sənaye mərkəzlərindən olan Mingəçevir şəhəri bugünkü görkəmi üçün onun təməlini qoyan və bu işdə fəal iştirak edən insanlara borcludur. Belə insanlardan biri də şəhərin ilk qurucularından olan Baba Əliyevdir. O, Mingəçevirin təməli qoyulanda gündüzlər müəllim kimi çalışıb, gecələr yol çəkilişi işlərində fəhləlik edib.
Baba Əliyev AZƏRTAC-a bildirib ki, 1945-1947-ci illərdə Mingəçevir şəhərinin mərkəzi küçələri salınıb, şəhəri Yevlaxın Xaldan qəsəbəsi ilə birləşdirən yol çəkilib. Mingəçevirə 1948-ci il noyabrın 11-də şəhər statusu veriləndən sonra buraya yaşamaq üçün gələnlərin sayı artıb. Sənaye obyektlərinin inşası isə şəhərin ən iri sənaye mərkəzlərindən birinə çevrilməsinə səbəb olub. 67 il əvvəl şəhər statusu alan Mingəçevir qısa müddətdə ölkə sənayesinin inkişafına dəyərli töhfələr verib. Bu illər ərzində şəhər gündən-günə böyüyüb, ilbəil dəyişib və insanların əməyi sayəsində qocaman bir şəhər olub.
Respublikanın Əməkdar Mühəndisi Qəşəm İsmayılov da şəhərin qurucularından biridir. Əllərinin zəhməti, alın təri ilə şəhərin qurulmasında iştirak edən Qəşəm İsmayılov ötən illəri yaxşı xatırlayır. Əməyi daim dövlət tərəfindən qiymətləndirilən Qəşəm müəllim keçmiş sovet dövründə müxtəlif idarə və təşkilatlarda çalışaraq orden və medallara layiq görülüb. Qəşəm İsmayılov Mingəçevir Su Elektrik Stansiyasının inşasında yaxından iştirak edib. O bildirib ki, stansiyanın tikintisinə 1945-ci ildə başlanılıb. 1953-cü ildə ilk hidroaqreqat, 1954-cü ildə stansiya tam gücü ilə işə salınıb. Azərbaycanın müxtəlif şəhər və rayonlarından Mingəçevir Su Elektrik Stansiyasının inşasına 20 minədək insan cəlb edilmişdi. Ölkənin ən təcrübəli mütəxəssisləri Mingəçevirə, postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına cəlb olunmuşdu. Əməkdar mühəndis deyir ki, Mingəçevir su anbarı 1953-1959-cu illərdə su ilə doldurulub. Anbarın su tutumu isə 16070 milyon kubmetrdir. Su anbarının tikilməsi və su mənbəyini ondan götürən Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarının çəkilməsi ölkədə 970 min hektar sahəni suvarmağa imkan yaradıb, 200 min hektar sahənin su altında qalmaq təhlükəsini aradan qaldırıb.
Hazırda da Mingəçevirdə yaşayan Baba Əliyev və Qəşəm İsmayılovun ən sevimli istirahət yeri şəhərdəki “İlk qurucular parkı”dır. Onlar tez-tez parka gəlir, cavanlarla görüşür, xatirələrini paylaşırlar.














Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mingechevir_seherinin_ilk_quruculari-901676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR