BMT-nin rəsmisi ilə əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramının layihəsi müzakirə olunub

BMT-nin rəsmisi ilə əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramının layihəsi müzakirə olunub
13:53 13 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə səfərdə olan BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə S.Müslümov ölkəmizin dinamik sosial-iqtisadi inkişafının təmin olunması məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nailiyyətlərindən biri kimi, respublikamızda sabit demoqrafik vəziyyətin hökm sürdüyünü, demoqrafik göstəricilərin ilbəil yaxşılaşdığını vurğulayıb. Bildirib ki, bu gün Azərbaycan əhalinin 1,3 faizlik illik artımına görə Avropa məkanında ilk yeri tutur. Əhali sayının 9 milyon 666 min nəfərə çatdığı ölkədə sosial rifah səviyyəsinin getdikcə yaxşılaşması, səhiyyə sisteminin təkmilləşməsi, doğulanda gözlənilən ömür uzunluğunun da artaraq ötən il üçün 74,2 yaş, o cümlədən kişilərdə 71,6 yaş, qadınlarda 76,8 yaş təşkil etməsinə səbəb olub. Həmçinin körpə ölümü halları 1990-cı illə müqayisədə təqribən 2 dəfədən çox aşağı düşüb. Eləcə də 2000-ci illə müqayisədə körpə ölümü hər 1000 nəfər diri doğulana orta hesabla 16,4-dən 2014-cü ildə 10,2-ə qədər azalıb.
S.Müslümov Azərbaycanda ölümün səviyyəsinin nisbətən aşağı və sabit səviyyə ilə səciyyələndiyini bildirib. Qeyd edib ki, çoxsaylı insan ölümünə səbəb olmuş Ermənistanın hərbi təcavüzü nəticəsində 1992-1994-cü illərdə ölüm səviyyəsinin göstəricisi xeyli artmışdı. Sonrakı illərdə Azərbaycan ilə Ermənistan arasında atəşkəs əldə olunduqdan sonra ölümün səviyyəsi azalmış və 2014-cü ildə əhalinin hər 1000 nəfərinə 5,9 nəfərə enmişdir.
Nazir diqqətə çatdırıb ki, 1999-cu ildə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda “Demoqrafik İnkişaf Konsepsiyası” və 2004-cü ildə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” qəbul edilib. Bu Proqram uğurla icra olunub və növbəti mərhələ, yəni yaxın 10 il üçün “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Layihə ictimaiyyətin geniş iştirakı, habelə BMT-nin Əhali Fondunun ekspert dəstəyi şəraitində daha da təkmilləşdirlib.
S.Müslümov bildirib ki, əvvəlki sənədlərdə olduğu kimi, bu layihənin hazırlanmasında, ümumiyyətlə, ölkəmizdə demoqrafiya və əhali sakinliyinin inkişafı ilə bağlı siyasətin aparılmasında BMT-nin 1994-cü ildə Qahirə konfransında qəbul etdiyi “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının müddəalarına daim xüsusi önəm verilib. Eyni zamanda BMT-nin 2015-ci ildən sonrakı dövr üçün irəli sürdüyü vacib prinsiplər və eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının prioritetləri diqqətdə saxlanılıb. Nazir gələcəkdə də BMT-nin Əhali Fondu ilə səmərəli əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
B.Osotimehin Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində müsbət proseslərin BMT-nin Əhali Fondu tərəfindən maraq və rəğbətlə izlənildiyini vurğulayıb. O, təmsil etdiyi təşkilatın ölkəmizlə əməkdaşlığı gələcəkdə də məqsədyönlü şəkildə davam etdirmək əzmində olduğunu bildirib.
Görüşdə Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramının layihəsi və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_nin_resmisi_ile_ehali_sakinliyi_ve_demoqrafik_inkisaf_sahesinde_Dovlet_Proqraminin_layihesi_muzakire_olunub-901695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR