Devalvasiyanın ən təhlükəli nəticəsi

Devalvasiyanın ən təhlükəli nəticəsi
15:16 13 Noyabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

İlin əvvəlində baş vermiş devalvasiya ötən müddət ərzində yoxsulları daha da yoxsullaşdırıb, varlıları bir qədər də varlandırıb.

ANS PRESS-in məlumatına görə, bu disbalans Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci ilin 9 ayı üzrə pul siyasəti barədə icmalında dərc olunmuş rəqəmlərdən daha aydın görünür.

AMB-nin icmalında Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən bildirilir ki, 2015-ci ilin 9 ayında orta illik inflyasiya 3,7% təşkil edib. İlk baxışdan bunu əhalinin güzəranı baxımından yetərincə əlverişli inflyasiya rəqəmi saymaq olar. Hər halda, 2015-ci il fevral ayının sonunda baş vermiş qəfil devalvasiya nəticəsində milli valyuta bir gecə ərzində 34%-ə qədər dəyər itirdi.

Son iki il üzrə Azərbaycanda inflyasiyanın miqyası, %-lə


Vətəndaşlar narahatlıqla ölkə üzrə bütün qiymətlərin də bunun ardınca proporsional şəkildə artacağını gözləyirdi. Göründüyü kimi, bu, baş vermədi və bu baxımdan 9 ay ərzinə ölkə üzrə adambaşına düşən pul gəlirlərinin 4,5% artmasını normal saymaq olar.

Amma icmalın digər məlumatlarından görünür ki, bu, belə deyil. 2015-ci ilin 9 ayında ev təsərrüfatlarının istehlak xərcləri ötən ilin uyğun dövrünə baxanda 19,3% artıb. Göründüyü kimi, real olaraq əhalinin xərcləri 15%-ə qədər artıb.

Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev rəsmi inflyasiya göstəricisi ilə istehlak xərclərinin artımı göstəricisi arasında uyğunsuzluğu statistikanın aparıldığı metodika da görür. “Dövlət Statistika Komitəsi inflaysiya göstəricisini beynəlxalq normativ əsasında aparır - buraya 575-ə qədər məhsulun adı daxildir.

Həmin məhsullar sırasına hətta qara kürü də daxildir. Buna görə də inflyasiya göstəricisi aşağı alınır. Amma müstəqil ekspertlər, QHT-lər inflyasiya göstəricisini xalqın əsas istehlak malları üzrə hesablayırlar. Buna görə, real rəqəmlər 17-20% səviyyəsində alınır ki, bu da istehlak xərclərinin artımı göstəricisinə uyğundur”,- deyə Oqtay Haqverdiyev ANS PRESS-ə bildirib.


Oqtay Haqverdiyev - Nazirlər Kabinetinin sabiq şöbə müdiri


İqtisadçı ekspertin sözlərinə görə, indi ortabab ailələrinin gəlirlərinin 60 faizdən çoxu ərzaq alınmasına gedir: “Ölkə üzrə varlı yaşayanların payı 7-8% faiz təşkil edir. Qalanlar isə ortabablar və yoxsullardır. Mən pensiyaçılarla tez-tez ünsiyyətdə oluram. Onların gəlirləri əsasən ərzağa və qidaya gedir. 1990-cı illərdə əhalinin gəlirlərinin 70-80 faizə qədəri ərzaqa gedirdi. Sonradan bu rəqəm 60 faiz ətrafına düşdü. Devalvasiya bu göstəricini yenidən pisləşdirdi”.

Bazarda aparılan araşdırmalar devalvasiyanın ölkə əhalisi içində azlıq təşkil edən varlılar üçün yeni imkanlar yaratdığını göstərir. Bahalı geyimlər - şubalar, brend kostyumlar və s. 20 faizə qədər ucuzlaşıb. Təzə xarici avtomobillərin qşiyməti də 10 faizə qədər düşüb. Evlərin qiymətində isə ilin əvvəli ilə müqayisədə 20 faiz ucuzluq müşahidə edilir. Yəni varlı azərbaycanlılar devalvasiyadan çox məmnundurlar.

Son illər üzrə pərakəndə ticarət dövriyyəsinin artəm dinamikası, %-lə


Amma əhalinin ortabab hissəsinin yoxsullaşması cəmiyyətdə sosial gərginlik təhlükəsini artırır. Sosioloqlar bunu qloballaşma dövrünün ən böyük problemlərindən sayırlar. Məsələn, Virciniya və İllinoys universitetlərinin apardığı araşdırmaya görə, bu, hətta dünyanın ən varlı ölkələrindən olan ABŞ-da insanların həyatdan narazılığına səbəb olur. Araşdırmada bunun əsas səbəbi kimi, ABŞ ailələrinin 60 faizindən çoxunun aşağı gəlirli olması və onların sayının getdikcə artması göstərilir.

Buna görə, Oqtay Haqverdiyev hökuməti qiymətlərin cilovlanmasına və əhalinin gəlirlərinin artırılmasına istiqamətlənən addımlar atmağa çağırıb:

“Maaşların, pensiyaların artırılması ilə burda heç nəyə nail olmaq mümkün deyil. İstehlak bazarına 3-4 adam nəzarət edir. Maaşlar artan kimi dərhal qiymətləri qaldırırlar. Ona görə də əvvəlcə bu inhisarçılar aradan qaldırılmalıdır. Həm də kölgə iqtisadiyyat leqallaşdırılmalıdır. Mənim hesablamalarıma görə, Azərbaycan iqtisadiyyatının 30-35 faizi vergi nəzarətindən kənardadır”.

Məntiq aydındır, gizli iqtisadiyyatın vergi nəzarətinə cəlbi təbii ki, büdcə gəlirlərini, uyğun olaraq büdcədən maliyyələşən iş yerlərində maaşları artırar. Həmçinin leqallaşan iş yerləri işçiləri vaxtından çox istismar edə bilməz və bu da da real iş yerlərinin artmasına səbəb olar. Bu isə ailə gəlirlərinin artması ilə nəticələnər.

Azərbaycanda rubl davası

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=364701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR