Sosial xidmət müəssisəsində uşaq hüquqlarına dair tədbir keçirilib (FOTO)

Sosial xidmət müəssisəsində uşaq hüquqlarına dair tədbir keçirilib (FOTO)
15:18 13 Noyabr 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Ombudsmanın təşəbbüsü ilə respublikamızda keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı sosial xidmət müəssisəsində uşaq hüquqlarına həsr olunmuş "dəyirmi masa" təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin və Xəzər rayon İcra Hakimiyyətinin, Ombudsman Aparatının, qeyri-hökumət qurumlarının nümayəndələri, sosial xidmət müəssisəsində yaşayan sağlamlıq imkanları məhdud uşaqların valideynləri iştirak ediblər.

"Dəyirmi masa"da ölkəmizdə uşaqların müdafiəsinin, onların sağlamlığına və mənəvi inkişafına diqqət və qayğı göstərilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun mühüm istiqamətlərindən biri olduğu vurğulanıb. Qeyd olunub ki, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə qoşulan ölkəmiz bu beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri uğurla yerinə yetirir. Uşaq əməyi ilə bağlı Beynəlxalq Əmək Təşkilatının konvensiya və tövsiyələrini ratifikasiya edən Azərbaycanda bu sahədə mütərəqqi və humanist yanaşmaları əks etdirən mükəmməl qanunvericilik bazası mövcuddur. Aparılan məqsədyönlü işlər respublikada uşaq əməyindən qeyri-qanuni istifadə hallarının minimuma enməsinə səbəb olub.

Milli sosial təminat sisteminin əhatə etdiyi insanların mühüm bir hissəsinin də uşaqlar olduğu diqqətə çatdırılıb. Bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqlara, valideyn himayəsindən məhrum uşaqlara, müharibə əlillərinin, şəhid ailələrinin və digər müvafiq təbəqələrdən olanların uşaqlarına, aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlara, beşdən çox uşağı olan qadınların uşaqlarına aylıq sosial müavinətlər ödənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında müvafiq kateqoriyalardan olan 1500 nəfər uşağa və ailələrinə reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Nazirlik tərəfindən cari ildə ötən illə müqayisədə 53 faiz çox, yəni 130 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Nazirliyin bərpa mərkəzlərində bu təbəqədən olan uşaqların bərpa müalicəsi, belə uşaqların xarici ölkələrdə və respublika daxilində müalicəsinə köməklik göstərilməsi və s. sahələrdə də müvafiq işlər aparılır.

Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə nazirliyin Xəzər rayonunun Şağan kəndindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Hazırda 330 nəfərdən çox uşağın yaşadığı bu müəssisələrdə uşaqların hərtərəfli təminatı, reabilitasiyası üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Dəyirmi masada ölkəmizdə uşaq hüquqlarının həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqların dövlət qayğısı ilə təmin olunması, onların tibbi və sosial reabilitasiyası istiqamətində görülən işlər müzakirə olunub.

Sonra tədbir iştirakçıları sosial xidmət müəsissəsində uşaqlar üçün yaradılmış şəraitlə tanış olublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2456019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR