Kral bazara girdi, "Azeri Light" ucuzlaşdı, anbarlar isə dolub-daşır...

Kral bazara girdi, "Azeri Light" ucuzlaşdı, anbarlar isə dolub-daşır...
15:22 13 Noyabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının Avropa İttifaqı ölkələrinə neft təchizatına başlaması, gözlənildiyi kimi, Rusiya və Azərbaycana ziyan vurub.

Virtualaz.org saytı xəbər verir ki, Rusiya Mərkəzi Bankının Proqnozlaşdırma və Araşdırmalar Departamenti Səudiyyə Ərəbistanı neftinin Avropa bazarına daxil olmasından sonra "Urals" markalı neftlə "Brent" markalı arasındakı qiymət fərqinin ikincinin xeyrinə olaraq 3,5 dollara çatdığını açıqlayıb. Əvvəllər isə Rusiya nefti ilə "Brent" markalı neft arasında qiymət fərqi 2 dollardan çox deyildi.

Departament bildirir ki, bu, Rusiyanın tədiyyə balansı və ixracı, habelə büdcəsi üçün əlavə risklər yaradıb.

Səudiyyə Ərəbistanı neftinin Avropa bazarına daxil olması Azərbaycan neftinin də ucuzlaşmasına səbəb olub. Bir qayda olaraq "Azeri Light" markalı Azərbaycan nefti "Brent" markalı neftdən təxminən 2 dollar baha satılırdı.

Lakin Səudiyyə Ərəbistanının Avropanı ucuz neftlə doldurmasından sonra Azərbaycan neftinin differensialının son bir ayda iki dəfə və daha artıq aşağı düşməsinə səbəb olub. Bu barədə "Reuters"in təhlilində bildirilir.

Səudiyyə Ərəbistanının Avropaya neft ixracı bu ölkə neftinin ənənəvi bazarları olan Asiyada tələbatın aşağı düşməsindən sonra başlayıb. Kral Salman yeni bazarlar axtarıb tapmağı əmr edib və Səudiyyə Ərəbistanı bu ilin oktyabrında ilk dəfə Polşaya neft təchizatı həyata keçirib.

Ənənəvi olaraq Polşa və onun yerləşdiyi Şərqi Avropa regionu Rusiyanın "Urals" neftinin əsas bazarı hesab olunurdu. İndi isə Səudiyyə Ərəbistanının bazara daxil olması neftin qiymətlərinə əlavə təzyiq yaradıb, habelə müxtəlif neft markaları arasında qiymət müharibəsini başladıb.

Əslində bundan qabaq Rusiya Səudiyyə Ərəbistanının bazarına girmiş və Çinə neft təchizatını artırmışdı. Buna cavab olaraq səudiyyəlilər Avropanı ucuz neftlə doldurmağa başlayıblar və dekabr ayı üçün çatdırılacaq partiyanın qiyməti 2009-cu ildən bu yana ən aşağı olub.

Polşa ilə yanaşı, ənənəvi olaraq Rusiya neftini alan İsveç də son ayda Səudiyyə Ərəbistanı neftindən istifadə etməyə başlayıb.

Analitiklər isə qeyd edirlər ki, gələn ilin birinci yarısında Avropa bazarlarında vəziyyət daha da mürəkkəbləşəcək. Çünki neftayırma zavodlarının anbarları dolub-daşır. Habelə Atlantik okeanında üzən nəhəng tankerlərdə satılmayan neft var. Bu isə qiymətlərin daha da aşağı düşəcəyini qaçılmaz edir.

Hasilatı isə heç kim azaltmaq fikrində deyil və əksinə gözlənilir ki, sanksiyaların götürülməsinin ardınca İran bazarlara sutkada daha bir neçə milyon barrel əlavə neft çıxaracaq.

Afrikanın əsas neft hasilatçısı olan Nigeriyada isə hazırda 60 milyon barrel satılmamış neft yığılıb. Şimal dənizindən neft hasilatının maksimal səviyyəyə çatması, neftayırma zavodlarının anbarlarının, neft terminallarının dolub-daşması treyderləri məcbur edir ki, əllərindəki nefti alıcı tapana qədər tankerlərdə, açıq dənizlərdə saxlasınlar. Bu isə neftin qiymətinə əlavə təzyiq yaradır.

Xatırladaq ki, Azərbaycan neftinin əsas alıcıları Avropa ölkələri və İsraildir. Ancaq son bir neçə ayda İsrail İraqın Kürdüstan əyalətinin daha ucuz təklif etdiyi nefti almağa başlayıb.

Digər tərəfdən, Səudiyyə neftinin bazara daxil olması Azərbaycan nefti ilə daha ucuz olan digər neft markaları arasında qiymət fərqinin minimuma enməsinə səbəb olub. Bu isə ölkəyə neftdən daxil olan vəsaitlərin daha da azalması deməkdir.

Bu günə olan məlumata görə, dünya bazarlarında neft bir qədər də ucuzlaşıb və "Brent" markalı neftin bareli 44 dollara satılır. "Azeri Light"la "Brent" arasında qiymət fərqi azaldığından Azərbaycan neftinin satış qiyməti də bu səviyyəyə yaxındır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/382179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR