“Cənub” qaz dəhlizi “Atlantic Council Energy & Economic Summit”in əsas mövzularından biri olacaq

“Cənub” qaz dəhlizi “Atlantic Council Energy & Economic Summit”in əsas mövzularından biri olacaq
15:23 13 Noyabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, Nihad Budaqov, AZƏRTAC
“Cənub” qaz dəhlizi layihəsi noyabrın 18-20-də İstanbulda keçiriləcək Atlantik Şurasının Enerji və İqtisadiyyat Sammitinin (Atlantic Council Energy & Economic Summit) əsas müzakirə mövzularından biri olacaq.
AZƏRTAC xəbər verir ki, sammitin “Enerji geosiyasəti: “Cənub” qaz dəhlizi” adlı plenar sessiyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyovun, “Trans-Adriatik” (TAP) boru kəməri üzrə rabitə rəhbəri Lisa Givertin, “bp-Turkey”in rabitə direktoru Murat LeComptenin, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekutanın və digərlərinin məruzələri dinləniləcək.
Sammitdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, iqlim fəaliyyəti və energetika üzrə Avropa komissarı Miguel Arias Cañetenin, Xorvatiyanın Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin, ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın və digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, “Cənub” qaz dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub” qaz
dəhlizi Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu qaz boru kəməri (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərindən ibarətdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR