Metroda dərman satılacaq

Metroda dərman satılacaq
15:36 13 Noyabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Bakı metrostansiyalarında satışlar yenidən genişləndirilə bilər.

Bunu ANS PRESS-ə açıqlamasında Bakı Meropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, stansiyalarda gül və kitablardan başqa bəzi dərman preparatlarının satışına da icazə verilə bilər.

"Metro stansiyalarında gül, kitab, təcili lazım olan dərman preparatlarının satışı, çoxfunksiyalı aparatların istifadəsi nəzərdə tutulur. Çoxfunksiyalı aparatlar dedikdə salfet, su satan aparatlar nəzərdə tutulur", - deyən metropoliten rəsmisi qeyd edib ki, başqa məhsulların satışına icazə verilməyəcək.

Nəsimi Paşayev dərmanların hansı şərtlərlə satılacağından da danışıb. O, dərmanların xüsusi icazə ilə satılacağını, onlara xüsusi nəzarət olacağını bildirib.



"Metroda yalnız satışına icazə verilən dərmanlar satılacaq. Hər istəyən metroda aptek aça bilməyəcək. Burada xüsusilə ilkin tibbi yardımda istifadə edilən preparatlar, metroda satışı mümkün olan, yəni saxlanma şəraiti uyğun olan dərmanlar olacaq", - deyə o əlavə edib.

Nəsimi Paşayev xüsusilə vurğulayıb ki, metroda satışa icazə verilərkən qarışıqlığın yaranmasına, sərnişinlərin hərəkətinə maneə törədilməsinə imkan verilməyəcək: "Bizim üçün əsas olan sərnişinlərin təhlükəsizliyi, rahatlığıdır. Metro stansiyalarında yalnız yerlər yaradılması mümkün olarsa, satışa icazə veriləcək".

O, icarə haqqı ilə bağlı məsələlərin Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırıldığını da deyib.

"Metropolitendəki o yerlər dövlət əmlakı olduğu üçün müqavilə birbaşa Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanır, Bakı Metropoliteni ilə deyil. İcarə haqqı və başqa bu cür şərtlər də onlarla müzakirə edilir. Metropolitenlə yalnız satış yerləri və satılacaq məhsullar razılaşdırılır", - deyə Nəsimi Paşayev bildirib.


Nəsimi Paşayev - Bakı Meropoliteninin mətbuat xidmətinin rəhbəri


Xatırladaq ki, bu il mart ayında Bakı metrostansiyalarındakı ticarət obyektləri tamamilə yığışdırılmışdı. Bu səbəbdən satılan məhsullar böyük endirimlərlə satılmışdı.

Həmin yerlərdə ticarətlə məşğul olanlara isə başqa yerlər təklif edilmişdi. Sonda metronun içərisində ticarətlə məşğul olanlara metrostansiyaların yaxınlığında xüsusi ticarət mərkəzlərində yerlər ayrıldı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=364694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR