“O səs Türkiyə” yarışmasına dəvətlə qatılan müğənnimiz kimdir? - “...Gökhanı seçdim”

“O səs Türkiyə” yarışmasına dəvətlə qatılan müğənnimiz kimdir? - “...Gökhanı seçdim”
17:34 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

“Sənətdə olan xanıma ailəli olmaq çətindir. İki övladım var, ailəliyəm. Buna görə özümü şanslı hesab edirəm. Sənət baxımından da şanslıyam. Alim Qasımovun tələbəsiyəm. Bu mənim üçün şərəfdir”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, müğənni Zemfira İbrahimova deyib.

 

Müğənni son gördüyü işləri barədə tamaşaçılara məlumat verib: “Yeni mahnım artıq yayımlanır. “Dəniz kimi” adlı mahnının sözləri Nəbi Xəzriyə, musiqisi Fərid Kərimliyə məxsusdur. Bu mahnıya klip çəkdirməyi düşünürəm. Bir ay ərzində bunu reallaşdırmaq istəyirik. Çünki mahnıya tələbat var, həm də mənə çox uğur gətirdi”.

 

Klipin rejissorunun Nail Naiboğlu olduğunu bildirən Z. İbrahimova, iştirak etdiyi “O səs Türkiyə” yarışmasından da danışıb. O bildirib ki, təklif qarşı tərəfdən gəlib: “Kazanda yarışmada qalib gəldim. Sonra bu yarışmanın təşkilatçıları məni də iştirak etməyə dəvət etdilər. Seçim turlarına deyil, birbaşa səhnəyə çıxdım. Nəticə uğurlu oldu. Çıxışımız bu həftə yayımlanacaq. Mən Gökhanı seçdim. Çünki Azərbaycan musiqisinə bələddir, eyni zamanda musiqiçi kimi savadlıdır. Ebru Gündeşə hörmətim var, amma öncədən də qərar vermişdim ki, nə zamansa bu yarışmaya qatılsam, Gökhanı seçəcəyəm. Mən səhnəyə çıxandan 15 saniyə sonra döndülər və mənə sual verdilər ki, haradasa oxuyurammı? Çünki istər-istəməz peşəkar ifaçı fərqlənir. Məndən əvvəl çox gözəl ifaçı çıxış etdi, amma ona dönmədilər. Mən şokda idim. Həyəcanlandım. Düşündüm ki, ona dönməyiblərsə, mənə necə dönəcəklər? Həm də vətəndə tanındığım üçün dönməzlər, deyə qorxurdum. Amma 15 saniyənin içində döndülər”.

 

Müğənni bildirib ki, musiqiçilər onun istədiyi mahnıları ifa edə bilmədiklərinə görə seçimi özləri etdilər: “Mahnı seçimini onlar etdilər. Mən “Azərbaycan maralı”, ya da “Nədən oldu?” mahnısını ifa etmək istəyirdim. Amma musiqiçilər ifa edə bilmədilər. “Sarı gəlin”, “Əziz dostum”, “Ayrılıq”  kimi bir neçə mahnımızı bilirlər, məndən öncə çıxış edən iştirakçılar da bu mahnıları ifa etdiklərinə görə çətinlik çəkdim. Onların seçimi Kibariyənin “Yastayım” mahnısı oldu. Heç zaman ifa etmədiyim bir mahnıdır. Amma öhdəsindən gəldim”.

 

Zemfira İbrahimova bu gün ifaçıların əksəriyyətinin monoton ifa etdiyini, eyni zamanda sponsor dəstəyi olduğu üçün gündəmdə olduqlarını vurğulayıb. O özü isə bunun əleyhinədir: “Müğənnilər çoxdur. Buna görə də özünü tanıtmaq, sevdirmək çox çətindir. Hər kəs eyni üslubda ifa edir, fərqlilik yoxdur. Həm də qonorar məsələsi önə çıxır. Pulum nə qədər çox olsa, bir o qədər efirdə çox olaram, özümü reklam edərəm. Amma istəyirəm ki, sponsorsuz, öz gücümə işləyim. Buna görə efirlərdə az görünürəm”.

 

Müğənni gərgin iş rejiminə baxmayaraq, evinin xanımı, ana və həyat yoldaşı olaraq, bütün işlərinin öhdəsindən gəldiyini qeyd edib: “Evimin bütün işlərini özüm görürəm. Səhərə yaxın evə gəlsəm belə, övladımı məktəbə yola salıram. Yeməyi də özüm bişirirəm. Bəzi hallarda anam da kömək edir, amma ümumiyyətlə, evimin işinin kiminsə görməsini xoşlamıram. Təvazökarlıqdan uzaq olsa da, mükəmməl ana, xanım və həyat yoldaşıyam”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221470

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR