Robert Prosineçki: "Moldova ilə yoldaşlıq görüşündə qələbə istəyirəm"

Robert Prosineçki: "Moldova ilə yoldaşlıq görüşündə qələbə istəyirəm"
17:47 13 Noyabr 2015
10 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan mili komandasının baş məşqçisi Robert Prosineçki Moldova ilə noyabrın 17-də keçiriləcək yoldaşlıq görüşü öncəsi açıq məşqdə jurnalistlər üçün brifinq keçirib. Xorvatiyalı mütəxəssis "Report"un da suallarını cavablandırıb...


- Bir müddət öncə səhhətinizdə problem yaranmışdı. İndi səhhətiniz yaxşıdır?
- Yaxşıyam, sağlamam. Çox sağ olun.
- Heyətdəki zədələr milli komandaya problem yaratmayacaq?
- Bir neçə zədəli oyunçu var. Öncədən də indiyədək millidə çıxışını görmədiyim bir neçə futbolçunu sınaqdan çıxarmağı düşünürdüm. Amma həm təlim-məşq toplanışı zamanı zədələnənlər, həm də eyni səbəbdən hazırlıq prosesinə qoşulmayanlar oldu. Bunlar problem deyil. Yeni oyunçuları sınaqdan keçirəcəyəm. Bu, onların özlərin üçün də bir şansdır.
- Bəs Moldova ilə oyunda Azərbaycan yığmasının şanslarını necə dəyərləndirirsiniz?
- Bu oyun mənim üçün çox vacibdir. Baxmayaraq ki, yoldaşlıq oyunudur. Hər oyunda qalib gəlmək istəyirəm. Oyuna hazırlığımız davam edir. Moldova ilə matçda qələbə istəyirəm. Hələ bir neçə gün vaxtımız var. Məqsəd noyabrın 17-də çıxıb gözəl futbol göstərmək, yaxşı nəticə verməkdir. Bir neçə vacib oyunçumuz yoxdur. Kapitan Rəşad Sadıqov 2 gün öncə zədə alıb. Evə getməli idi. Lakin milli komanda hazırlaşır və çərşənbə axşamı günü gözəl oyun sərgiləməklə yaxşı nəticə əldə etmək niyyətindədir.
- 19 və 21 yaşadək futbolçulardan ibarət yığmaların Avropa çempionatının seçmə qrup mərhələlərindəki nəticələrini necə dəyərləndirirsiniz. Həmin komandalardan yığmada çıxış etməyə qadir futbolçu var?
- Hər iki komandanın nəticəsi ilə heç kim razı ola bilməz. Həm 19 yaşadək futbolçulardan ibarət yığmanın 2 oyununu izlədim, həm də U-21-in oyunlarını izləmişəm. Vaxtım olsa, bu gün Almaniya ilə səfər oyununa da baxacağam. Sözsüz ki, oyunun gedişindən və nəticədən razı qalmadım. Bu gün o komandalardan əsas millidə çıxış edə biləcək futbolçu görmürəm. Əsas millidəki bir neçə futbolçu baş məşqçi Yaşar Vahabzadə ilə birgə Almaniyaya gediblər. Çünki vacib oyundur. Elnur Cəfərov U-19-un heyətində ötən gün Türkiyə ilə qarşılaşmada qırmızı vərəqə aldı, amma yaxşı oyun sərgilədi. Hazırda həm əsas millidə, həm də aşağı yaşlılardan ibarət komandalarda çıxış edən futbolçulardan başqa yeni adlar görmədim.
- Rəşad Sadıqovun millidəki gələcək taleyi ilə bağlı danışmısınız?
- Bolqarıstanla qarşılaşmadan sonra 3 dəfə Sadıqovla danışmışam. Onun gələcək taleyi ilə bağlı çox söhbət etmişik. İstərdim ki, Rəşad yığmada qalsın. Çünki onun milliyə köməyi dəyəcək, bunu bacarar. Cavabımı bilirsiniz, qərarı özü qəbul edir.
- Eddi İsrafilovun yığmaya çağırılmamasının səbəbi nədir?
- Şadam ki, bizim millidə İspaniya La Liqasında oynayan futbolçu çıxış edir. Ötən tur İsrafilov 90 dəqiqə oynayıb və komandası 3:1 hesabı ilə qalib gəlib. Bu gün yoldaşlıq görüşü keçirəcəklər, ümid edirəm ki, Eddi yenə oynayacaq. Noyabrın 20-də isə "Eybar"ın La Liqada növbəti oyunu olacaq. Şans verdim ki, klubunda qalsın. Mənə vacibdir ki, o, əsas heyətdə yer tapsın və oyun təcrübəsi qazansın. Klub mənə müraciət edib, "Eybar"ın baş məşqçisi xahiş edib ki, mümkünsə, bu toplanış müddətində yığmaya gəlməsin və komandasına kömək etsin. Ən başlıcası, "Eybar"ın əsas heyətdə yerini möhkəmləndirməsidir. Eddini növbəti oyunlara dəvət edəcəyik. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/robert-prosinecki-moldova-ile-yoldasliq-gorusunde-qelebe-isteyirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR