Sahibkarlar ​Dövlət Gömrük Komitəsinə şikayət edib

Sahibkarlar ​Dövlət Gömrük Komitəsinə şikayət edib
18:02 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycana tranzitlə gətirilən məhsulların yükləndiyi  konteynerlər, malların ikili təyinatlı olub-olmamasını laboratoriyada yoxlanılması üçün gömrük əməkdaşları tərəfindən yoxlanılır. Bu isə sahibkarlar üçün əlavə problemlər yaradır, vaxt itkisinə səbəb olur. "Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi tərəfindən sahibkarlar üçün bu gün Bakıda keçirilən seminarda çıxış edən "Karvan Logistics" şirkətinin nümayəndəsi Rafiq Abbasov deyib.
R.Abbasov gətirilən məhsulların ikili təyinatlı olub-olmamasının dövlət rüsumuna təsir etmədiyini qeyd edib: "Laboratoriya yoxlamaları nəyə lazımdır? Onun rüsuma heç bir aidiyyəti yoxdur. Laboratoriya yoxlamaları daşımaların tezliyinə problemlər yaradır. Həm də konteynerlər açıldıqdan sonra malları əvvəlki kimi qablaşdırmaq olmur".
Şirkətin başqa nümayəndəsi Rahil Məlikov isə gömrük əməkdaşlarının boş konteynerlərə görə ödəniş tapşırığı (invoys) tələb etdiyini qeyd edib.
Məsələlərə aydınlıq gətirən DGK-nin Gömrük nəzarətinin təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov sahibkara yüklərlə bağlı əvvəlcədən gömrük əməkdaşlarına məlumat verməyi məsləhət görüb.
C.Qasımov çıxışı zamanı həmçinin sərhəd-keçid məntəqələrində mal yoxlamalarına sərf edilən vaxtın azaldığını və bu vaxta qədər DGK tərəfindən 40-a qədər normativ-hüquqi akt qəbul edildiyini bildirib: "Sərhəd-keçid məntəqələrinin infrastrukturunun genişləndirilməsi üzrə böyük işlər görülüb və bu işlər nəticəsində hazırda yüklərin yoxlanılmasına 20 dəqiqədən az vaxt sərf edilir".
Qeyd edək ki, bu gün Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Biznes subyektləri üçün əlverişli şəraitin yaradılması məqsədilə gömrük proseduraları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr” mövzusuna dair seminar başlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/sahibkarlar-dovlet-gomruk-komitesine-sikayet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR