x
Loading...
.

Babatunde Osotimehin: Azərbaycanın inkişaf modelinin humanitar sahədə də nəticələri təqdirəlayiqdir

18:38 13 Noyabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+
.


Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Əhali Fondunun (UNFPA) icraçı direktoru Babatunde Osotimehinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov BMT-nin Əhali Fondunun Azərbaycan üçün əsas humanitar tərəfdaşlardan biri olmaqda davam etdiyini bildirib, qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsində Fondun Bakı ofisinin fəaliyyətini xüsusi qeyd edib. Nazir bu kimi səfərlərin münasibətlərimizdə yeni istiqamətlərin müəyyənləşdirilməsində rolundan danışıb, təhsil və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu diqqətə çatdırıb. O, ADA Universiteti və BMT-nin Əhali Fondu arasında imzalanmış Anlaşma Memorandumunun bu baxımdan uğurlu başlanğıc ola biləcəyini və sonrakı əməkdaşlığa zəmin yarada biləcəyini əlavə edib.
Elmar Məmmədyarov BMT çərçivəsində müəyyən edilmiş inkişaf məqsədlərinin milli hədəflərə inteqrasiyası siyasətinin müsbət nəticələrindən bəhs edərək, həmçinin Azərbaycanın BMT-nin 2015-ci il “Cənub-Cənub” mükafatına layiq görüldüyünü qeyd edib.
Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma evlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərlə bağlı İnsan Hüquqları Şurasının tövsiyələrinin praktiki icrasında və digər beynəlxalq təşkilatların diqqətinin ölkədəki məcburi köçkün probleminə yönəldilməsi sahəsində BMT-nin Əhali Fondu ilə əməkdaşlıqda maraqlı olduğumuzu bildirib.
Babatunde Osotimehin səfəri çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verərək, 1994-cu ildə Qahirədə keçirilmiş əhali və inkişaf üzrə Konfransın məqsədlərinin reallaşdırılmasındakı səylərinə və BMT-nin Davamlı İnkişaf Məqsədlərinin Azərbaycanda dəstəklənməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə BMT Əhali Fondunun mükafatını təqdim etməkdən şərəf duyduğunu qeyd edib.
Azərbaycanın seçdiyi inkişaf modelinin humanitar sahədə də nəticələrinin təqdirəlayiq olduğunu qeyd edən qonaq sabit əhali artımı və əhali tərkibinin gənc olmasının insan potensialına qoyulan kapitalın parlaq nəticələr vəd etdiyini vurğulayıb.
BMT-nin Əhali Fondunun Azərbaycan Hökuməti ilə əməkdaşlığından məmnunluğunu bildirən B.Osotimehin əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Babatunde_Osotimehin_Azerbaycanin_inkisaf_modelinin_humanitar_sahede_de_neticeleri_teqdirelayiqdir-901868

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR