BMT-nin baş katibinin müavini 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

18:43 13 Noyabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, BMT-nin Əhali Fondunun icraçı direktorunun, BMT-nin baş katibinin müavini Babatunde Osotimehinin başçılığı ilə nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Babatunde Osotimehinin başçılığı ilə nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlara mərkəz barədə etraflı məlumat verilib. Bildirilib ki, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və korrupsiya hallarını aradan qaldırır. 2012-ci ilin iyul ayının 13-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması ilə bu sahədə mühüm islahata imza atıldı. Həmin ilin dekabrında isə Bakıda pilot layihə olan 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı.
Sonra paytaxtın bir neçə rayonunda da “ASAN xidmət” sakinlərin istifadəsinə verildi. Bu proses regionları da əhatə etdi.
Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir.
B.Osotimehin Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində müsbət proseslərin BMT-nin Əhali Fondu tərəfindən maraq və rəğbətlə izlənildiyini vurğulayıb. O, təmsil etdiyi təşkilatın ölkəmizlə əməkdaşlığı gələcəkdə də məqsədyönlü şəkildə davam etdirmək əzmində olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_nin_bas_katibinin_muavini_5_sayli_ASAN_xidmet_merkezinin_fealiyyeti_ile_tanis_olub-901874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR