Rəngkarlıq, gümüş işləri və batika

19:08 13 Noyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi İslam Səfərlinin ailəsində dünyaya göz açan İlham Səfərlini sənətsevərlər fərdi yaradıcılıq üslubu axtarışlarla zəngin olan rəssam kimi tanıyırlar.
AZƏRTAC xəbər verir ki, bunu onun noyabrın 13-də “ATV Qalereya” sərgi salonunda açılan növbəti fərdi sərgisində nümayiş olunan sənət nümunələri də təsdiqləyir.
“Azad Azərbaycan” Teleradio Şirkətinin Bədii Şurasının sədri Etibar Babayev bildirib ki, ATV-nin yeni mövsümdə imza atdığı yeniliklərdən biri olan “ATV Qalereya”da bu artıq ikinci sərgidir. Qeyd edilib ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü İlham Səfərlinin əsərləri həm janr müxtəlifliyi, həm də işlənmə texnikası ilə maraq doğurur.
Vurğulanıb ki, rəssamın Azərbaycanda və xaricdə sərgiləri keçirilib, əsərləri Mədəniyyət və Turizm Nazirliyinin fondunda və bir sıra xarici ölkələrdə şəxsi qalereyalarda saxlanılır.
“Azad Azərbaycan” şirkətinin prezidenti, əməkdar jurnalist Vüqar Qaradağlı bildirib ki, qalereyanı yaratmaq təşəbbüsümüz uğurlu alınıb. ATV vasitəsilə sərgisi açılan rəssamların əsərləri təbliğ olunur. O, qeyd edib ki, istər mövzu əhatəsi, istər işlənmə texnikası baxımından seçilən yeni ekspozisiya rəssamın 40 illik mürəkkəb sənət yolu barədə dolğun təsəvvür yaradır. İlham Səfərlinin təsviri və tətbiqi sənətin ayrı-ayrı janrlarında yaratdığı gözəl nümunələr onun özünəməxsus dünyagörüşünün, zəngin mənəvi aləminin, gərgin əməyinin bəhrəsidir.
Xalq rəssamı Arif Hüseynov, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova rəssamı təbrik edərək bildiriblər ki, incəsənətin media vasitəsilə tamaşaçılara çatdırılması gözəl təşəbbüsdür. Belə bir formatda sərginin açılması maraqlı ideyadır.
Rəssam sərginin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Tədbirdə İslam Səfərlinin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.
Rəngkarlıq, gümüş işləri və batika nümunələrinin nümayiş olunduğu sərgi bir ay davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rengkarliq_gumus_isleri_ve_batika-901901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR