""İndi kimə qulaq asasan?"" - FOTO

""İndi kimə qulaq asasan?"" - FOTO
19:27 13 Noyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Məhrumiyyətlərlə böyüyüb. Anasının üzünü görməyib. Bir yaşındaykən atası həbsə düşüb və 8 il bibisinin himayəsində yaşayıb. Deyir, yetim adı ilə böyüyüb. Buna baxmayaraq, orta məktəb dövründən xəyallarını qurduğu sənətə yiyələnib. Diktor olub. Sevdiyi sənətlə məşğul olduğuna görə özünü xoşbəxt sayır. Müsahibimiz çoxlarını səsinin sehrinə salan Azərbaycan Dövlət Radiosunun ali dərəcəli diktoru, əməkdar artist Eldost Bayramdır.

"Yetim adı ilə böyümüşəm"

1947-ci ildə Kürdəmir rayonunun Çöl Ərəb kəndində dünyaya göz açıb. Atası kolxoz sədri, briqadir vəzifələrində çalışıb. Anası isə müsahibimiz doğulandan bir müddət sonra dünyasını dəyişib: "Mən doğulandan on günmü, bir aymı sonra anam rəhmətə gedib. Daha sonra atam Böyük Vətən Müharibəsində əsir düşdüyünə görə satqınlıqda ittiham olunaraq 25 il həbs cəzasına məruz qalıb. 8 il həbsxana həyatı keçirdikdən sonra bəraət alıb. Bu müddətdə məni iki qızı ilə birlikdə böyük bibim saxlayıb. Yetim adı ilə böyümüşəm. Bibimin böyrəyində problem var idi. Hər yaz xəstəliyi tuturdu və əhd edirdi ki, "qardaşım sağ-salamat gəlsin, onun əmanətini verim, sonra Allah mənim canımı alsın". Atam gələndən bir il sonra bibim rəhmətə getdi. Atam həbsdən qayıdanda mənim 9 yaşım var idi".

Həbsxanadan çıxandan sonra atası bir müddət kənddə işləyir. Ancaq kənd mühiti ilə xarakteri düz gəlmədiyinə görə rayona köçür. Bir il sonra oğlunu da özü ilə aparır: "Sonra atam ailə qurdu. Rayona köçəndə kiçik bibim də mənimlə birlikdə getdi. Bu dəfə məni kiçik bibim saxlamağa başladı. Yəni, analığımın üzərinə heç bir yük düşmədi".

"Atamın xatirinə qiymət yazırdılar"

Uşaqlıqda çox dəcəl olsa da, sonradan həlimləşir. Orta məktəbdə dərslərini oxumasına gəlincə, dəqiq fənlərlə heç vaxt arası olmur. Ancaq humanitar fənləri sevir. Deyir ki, dəqiq fənlərdən müəllimlər atasının xatirinə ona qiymət yazır. Pambıq yığmaqda isə heç bir şagird ona çatmır: "Yaxşı pambıq yığırdım. Bizim rayonda pambıqçılıq geniş yayılmışdı. Həmişə orta məktəbi bağlayıb bizi pambıq yığmağa aparardılar. Rəhmətlik bibimlə yarışardım".

Orta məktəbi bitirəndə ədəbiyyatı sevdiyindən sənədlərini indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verir. Amma yazılı imtahandan kəsilir. Bir il atasının iş yerində - Ərazi Nəqliyyat İdarəsində çalışır. Növbəti il sənədlərini indiki Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsinə verir və qəbul olur. Yaxşı pambıq yığmağı tələbəlik illərində dadına çatır: "İkinci kursda oxuyanda institutu bağlayıb tələbələri 26 günlüyə İmişliyə pambıq yığımına göndərdilər. Pambıq sahəsinə baxanda könlüm açıldı. Yarpaqları tökülmüş tərtəmiz pambıqlar, "gəl, məni yığ", deyirdi. Dedim, mənə kisə yox, xaral versinlər. İkiəlli işlədiyimdən pambığı hamıdan çox yığırdım. Hətta birinci gün xaralı yerindən tərpədə bilmədiyimdən tələbə yoldaşlarımdan kömək istədim ki, yola çıxarım, oradan maşınla gəlib götürsünlər. Heç kim mənə kömək etmədi ki, çox yığıb onları biabır etmişəm. Tələbə yoldaşlarım məndən dəfələrlə az pambıq yığırdı. Hətta bir dəfə 115 kq pambıq yığmışdım. Kilosuna 10 qəpik nəğd pul verirdilər. Tələbələrdən biri atasına zəng edib pul istəyir, digəri şikayətlənirdi. Amma mənim atamın xəbəri olmadı ki, 26 gün İmişlidə pambıq sahəsində olmuşam, elə bilirdi institutdayam. Qazandığım pula elə İmişlidəcə idman kostyumu, ayaqqabı aldım. Qalanını da Bakıya qayıdanda xərclədim".

İlk diktorluq

Tələbə vaxtı universitetin yataqxanasında qalır: "Bir tərəfdə qızlar, bir tərəfdə oğlanlar yaşayırdı. Bir dəfə yataqxanaya səsgücləndirici gətirdilər. Həftə sonu Zöhrə adında qızla yataqxananın daxilində diktor olduq. Səhv etmirəmsə, üçüncü kursda oxuyurdum. Səsgücləndirici ilə professor-müəllim heyətinin fəaliyyətindən, tələbələrin həyatından, yataqxana həyatından və s. məlumat verirdik. Sonda bədii guşə olurdu. Qeyri-rəsmi olaraq mənim diktorluğum o vaxtdan başlayıb. İlk dəfə rayonda radiomuz olanda Aydın Qaradağlının, Ramiz Mustafayevin səsini dinləmişəm və diktor olacağımı qarşıma məqsəd qoymuşam. Bu, orta məktəbdə oxuduğum vaxtlara təsadüf edir".

İnstitutu bitirəndə təyinatını Kürdəmirə vermək istəyirlər: "Yalvardım ki, təyinatımı ora verməsinlər. Yoxsa evin tək uşağı olduğuma görə Bakıya qayıtmaq və diktor olmaq arzularım puç olacaqdı. Təbii ki, atamın planları var idi. Axırda təyinatımı Ağsuya verdilər. Xəbərim olmadan atam Ağsunun maarif şöbəsi ilə danışıb məni Ağsu ilə Kürdəmirin arasındakı İlxıçı kəndindəki orta məktəbə saldırdı. Bu məktəbdə 1,5 ay həm tarix, həm də ədəbiyyatdan dərs dedim. Sonra oradan hərbi xidmətə yollandım. Bir il Moskvada qulluq etdim. Moskvadan sənədlərimi Azərbaycana göndərərkən haraya göndərmək lazım olduğunu soruşdular. Bakı şəhərinin Oktyabr rayonuna (indiki Yasamal rayonu - L.M.) göndərmələrini xahiş etdim. Bakıda bir-iki ay dincələndən sonra özümə iş axtarmağa başladım. İl yarım Qaqarin adına Pioner və Məktəblilər Sarayında pioner işləri üzrə metodist kimi işlədim. Amma ürəyim radio-televiziyanın yanında idi. Tələbə yoldaşlarımdan biri dedi ki, televiziyada işləmək üçün rus dilində səlis, dialektsiz danışmalıyam. Kənd uşağı olduğumdan rus dilində diksiyam yaxşı deyildi. Buna görə radioya getməli oldum. Amma sonradan bildim ki, televiziyada diktor işləmək üçün rus dilini səlis bilmək vacib deyilmiş".

Beləliklə, arzularının ardınca Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti - L.M.) üz tutur: "Aşağıda diktor olmaq istədiyimi dedim, içəri keçməyə icazə verdilər. Bəxtim onda gətirdi ki, qadın diktorlardan hansısa analıq məzuniyyətinə çıxdığından boş yer var idi. Beləcə, məni işə götürdülər".

"Məzuniyyətdə olduğumdan töhmət verə bilmədilər"

Diktorluğa yeni başlayanda iki dəfə çox kobud səhvə yol verir: "1981-ci il idi. Oxuduğum mətndə söhbət İrandakı partiyadan gedirdi. O vaxt inqilab yeni olmuşdu və Kommunist Partiyası İrana düşmən idi. Mən partiya sözünü görəndə şüuraltı elə bildim ki, söhbət Kommunist Partiyasından gedir. Çünki o vaxt Kommunist Partiyası mətnlərdə çox işlənirdi. İrandakı partiyanın adını demək əvəzinə "İran kommunist" deyib dayandım. Fasilə verərək yatanları oyatdım. Dinləyirlər axı. Gördülər diktor dayanıb, daha da maraqla qulaq asmağa başladılar. Ardını oxumağa başladım. İnsanlar əvvəlini eşitmişdilər. Əslində mən cümləni təzədən oxumalı, İrandakı partiyanın adını deməli idim. Bəxtim orada gətirdi ki, məzuniyyətdə idim, köməyə çağırmışdılar. Buna görə mənə töhmət verə bilmədilər. "Nəzərinə çatdırılsın" başlığı ilə səhvimi Teleradio Şirkətinin foyesinə vurdular".

"İndi kimə qulaq asasan?"

E.Bayram deyir ki, o vaxt adicə bir sözü səhv deməyə qorxurmuşlar: "Səhv edəndə səs otağından çıxan kimi sədr müavininin yanına çağırırdılar. O qədər ciddilik, nəzarət var idi. SSRİ miqyasında yeganə Teleradio Komitəsi idi ki, mətnlər birbaşa efirdə oxunurdu. Moskva başda olmaqla, bütün müttəfiq respublikaların radio verilişlərinin hamısını səsyazma ilə efirə verilirdi. Məəttəl qalırdılar ki, biz necə risk edib birbaşa efirdə oxuyuruq".

O dövrlə indiki dövrün diktorlarını müqayisə edən həmsöhbətimizin fikrincə, indi dövran başqadır: "Elə bil cəzasızlıqdır. Evdə radionu dinləyəndə aparıcılar intonasiyanı düz deməyəndə, vurğunu düz qoymayanda çox pis oluram. Axı mən bunun yaxşısına öyrəşmişəm. O vaxt hansısa sözün düzgün deyilişini öyrənmək üçün deyirdilər ki, radioya qulaq as, gör, diktor o sözü necə deyir. O vaxt diktorlar etalon idi. İndi kimə qulaq asasan. Düzdür, indi də yaxşı gənc diktorlarımız var, amma çox deyil".

Kaspi.az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/382261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR