Kürəyimi söykəmişəm əlli illik qoz ağacına, yarpaqları tökülmüş budaqların arasından günəşə boylanıram. Belə məqamlarda həmişə ağlıma dahiyanə fikirlər gəlir. Siqaretin tüstüsü gözümü çıxarmağa başlayanda payızın gəlişi ilə paltarlarını soyunan ağacda darıxan tənha bir qoz öz yerindən qopub düz başıma düşdü. Nyutonun başına düşən alma dünya elmində yeniliyə səbəb olduğu kimi, mənim başıma düşən qoz da bu yazının yazılmasına səbəb oldu.
...Səbəbini bilmirəm, amma bəzən insan bir müddət yoldaşlıq etdiyi insanların uğursuzluğunu hiss edəndə, onların çətinlik çəkdiyini görəndə bu bəlaların ondan sovuşduğuna sevinir, qəribə rahatlıq hiss edir. Bu sevincin, rahatlığın bir səbəbi var: ətrafımızdakı insanların uğursuzluqları bizim də başımıza gələ bilərdi, amma ətrafımızdakı insanların başına gəlməklə bizdən sovuşdu. Bu zaman uğursuz və çarəsiz insanlara qarşı içimizdə mərhəmət hissi baş qaldırar, onlara diqqət göstərər, şəfqət və mərhəmətlə yanaşar, kömək etməyə çalışarıq.
Həyatımda sıxıntılar, çətinliklər, ağır günlər çox olub, yəqin, yenə də olacaq. Düzü, stabil, sakit həyatı sevmədiyim üçün problemləri maqnit kimi üzərimə çəkirəm. Və bundan zərrə qədər də peşman deyiləm. Arxada qalan bir il ərzində yaşadıqlarımı saf-çürük edəndə görürəm ki, 365 günün heç 65 gününü rahat və sıxıntısız yaşamamışam. Gərgin və sıxıntılı günlər bir-birini əvəz etdikcə qoz ağacının altında oturub ətrafımdakı insanlar haqqında düşünmək şansım, insanları tanımaq fürsətim olub. Xüsusən, işsiz qaldığım səkkiz ay nə qədər ağır keçsə də, aldığım dərslər bir o qədər çox oldu. Bu aylar ərzində biganə, laqeyd insanların münasibəti məni zərrəcə narahat etmədi, heç kəsin laqeydliyinə görə ruhdan düşmədim, heç kəsi qınamadım. Əksinə, uğursuzluqlarıma gizli-gizli sevinib üzdə guya dəstək olmağa, kömək etməyə çalışan yaxınlarımın qeyri-səmimiliyi məni çimçəşdirdi. Ağır günlərdə borc üçün qapısını döydüyüm adamlar "Vallah, mənim də vəziyyətim yaxşı deyil, problemlərim başımdan aşır, istədiyin məbləğ yoxumdur, amma al bunu, qaytarmasan da olar" deyib biryolluq əlaqəni kəsəndə qənaətlərimdə yanılmadığımı başa düşdüm. Ən ağırı odur ki, o adamlara borcumu qaytarmaq üçün bu qoz ağacının altında oturub yazdığım mesajlar, etdiyim zənglər də son vaxtlar cavabsız qalır. Belə məqamda insan həqiqətən nə edəcəyini bilmir.
Ruhdan düşməkmi? Əsla!
Bu münasibətlər qarşıdakı həyatınızı yaşamaq üçün stimul verməlidir. Bir növ, qaranlıq adamlar yolunuza işıq tutur bu məqamlarda.
...Çoxlarının tanıdığı məşhurlardan biri gözləmədiyim halda köməyini, dəstəyini təklif etdi. Çətin günlərimdə yanımda olmaq üçün israr etdi, problemlərimlə maraqlandı, söhbətləri ilə məni lüzumsuz sıxıntılardan uzaqlaşdırdı, maddi və mənəvi dəstək verdi. Bir sözlə, onu hər zaman minnətdarlıqla xatırlamağım üçün əlindən gələni etdi. Qəfildən qarşıma çıxan bu insan elə gəldiyi kimi də qəfildən yoxa çıxdı. İndi qoz ağacının altında oturub ona etdiyim zənglər, mesajlar cavabsız qalanda qənaətim bir daha möhkəmləndi: Bəziləri üçün uğursuz insanlar ildırımötürən kimidir - onlar problemləri özlərinə çəkdikləri üçün maraqlıdırlar. Əgər az-çox tanınırsansa və problemlərin varsa, baxıb şükür etmək, görüb təskinlik tapmaq, danışıb əmin olmaq üçün axtarıb səni tapacaqlar. Baxıb şükür etdikdən, görüb təskinlik tapdıqdan sonra isə çıxıb gedəcəklər. Sən isə gözünü sonsuz göylərə dikib pıçıldayacaqsan: "Salam, qoz ağacı!"
Deyəsən, şair belə demişdi: "Həyat qəribədir, qəribədir həyat". Ya da buna bənzər bir şey, fərqi yoxdur.
Qəfildən başıma düşən qoz beynimdə qəribə təlatüm yaratdı, içimdəki qocaman və müdrik el ağsaqqalı dedi ki, "gözünü çıxar, qoy gözünün üstünə, heç kəsi gözünə qoyma. Onu da bil ki, səni də gözünə qoyan yoxdur".
Day heş zad...
Cəlil Cavanşir
Milli.Az