20 ildən çoxdur ki, həll olunmayan problem

20 ildən çoxdur ki, həll olunmayan problem
22:46 13 Noyabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan artıq 20 ildən çoxdur ki, Sovet imperiyasının tərkibindən çıxıb müstəqillik əldə edib. Lakin ölkəmizdə hələ də Azərbaycan dili problemi ən aktual problemlərdən biri kimi qalmaqda davam edir.

ANS PRESS-in məlumatına görə, hazırda istər televiziya və radio, istərsə də məişətdə, ictimai-iaşədə, xidmət sahəsində Azərbaycan dilinə qanunla tələb olunan səviyyədə diqqət yetirilmir.

Halbuki "Azərbaycan Respublikası dövlət dili haqqında" qanunda bütün bu hallar tam aydınlığı ilə öz əksini tapıb. 2002-ci il sentyabrın 30-da Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin təsdiq etdiyi qanunda deyilir: "Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır".



Lakin təəssüf ki, müasir dövrdə televiziya və radio kanallarda Azərbaycan dilini lazımi səviyyədə bilməyən, doğma dildə danışmaqda çətinlik çəkən aparıcılara rast gəlmək olur. Nəzərə alsaq ki, hazırda televiziya və radionun kifayət qədər geniş izləyici kütləsi var, belə bir çatışmazlığın Azərbaycan dilinin gələcəyinə, onun qorunmasına mənfi təsir göstərəcəyini də unutmaq olmaz.

Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin firkincə, Azərbaycanda belə bir problemin olmasına səbəb bu sahədə nəzarətin olmamasıdır. "Bu nəzarəti ilk növbədə həmin televiziya və radio kanalların rəhbərliyi həyata keçirməlidirlər. İşçi qəbul edilərkən onların Azərbaycan dili biliyi yoxlanılmalıdır. Bundan sonra da qəbul edilən şəxslər üçün xüsusi kurslar, təlimlər keçilməlidir ki, təkmilləşsinlər", - deyən Əjdər Ağayev bildirib ki, hazırda buna diqqət yetirilmir, insanlar tanışlıq yolu ilə işə qəbul edilir.


Əjdər Ağayev - Pedaqoji elmlər doktoru, professor


Onun sözlərinə görə, bu cür halların qarşısını almaq üçün ictimai qınaq, ifşa olmalıdır. "Əgər ictimai qınaq olarsa, televiziya və radio rəhbərlikləri də məcbur olub bu etiraza cavab verəcək, narazılığın aradan qaldırılması üçün tədbirlər görəcəklər. Bundan başqa, Milli Televiziya və Radio Şurası da dil haqqında qanuna əməl edilməsinə buna nəzarət etməlidir", - deyə Əjdər Ağayev əlavə edib.

Təəssüf ki, müasir dövrdə kommersiya, marketinq maraqları da dövlət dilinin qorunmasını arxa plana atır. Müəssisələr xarici dildə olan adlara üstünlük verir. Hətta bir sıra elektron məişət məhsullarının gətirilməsi və satışı ilə məşğul olan yerli şirkətlər də adların qoyuluşu zamanı ingilis dilində olan sözlərdən istifadə edir.

Bir sıra məşhur mağazalar şəbəkələri, xidmət sahələrində fəaliyyət göstərən müəssisələr xarici dil bilən işçilərə üstünlük verir, çox zaman bunu tələb olaraq irəli sürür, lakin həmin işçilərin Azərbaycan dilini bilməməsinə göz yumur. Bu isə xarici dil bilməyən azərbaycanlılara, Azərbaycan vətəndaşlarına çətinliklər yaradır.

Bundan başqa, çox zaman şəhərdə reklam lövhələrindəki reklamlar da sırf ingilis və ya başqa dildə olur. Kosmetik vasitələrin Azərbaycan dilində qarşılığı olduğu halda, reklamlarda həmin sözlərdən istifadə edilmir.

Hərçənd ki, "Azərbaycan Respublikası dövlət dili haqqında" qanunda bütün bu hallar da tənzimlənir. Bildirilir ki, Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir.


Bakıdakı reklam lövhələrindən biri


Onu da deyək ki, dil haqqında qanunda xarici dildən istifadə qaydaları da müəyyənləşdirilib. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

Görünən odur ki, Azərbaycan dili haqqında qanunda dövlət dilinin qorunması üçün kifayət qədər maddələr olsa da, çox zaman buna əməl edilmir. Bu isə dilin getdikcə unudulmasına, korlanmasına gətirib çıxarır. Çünki bu zaman bir sıra Azərbaycan sözləri unudulur, əvəzində alınma sözlər neologizm - yeni sözlər kimi dilə daxil olur.

Dövlət dilini qorumağın bir sıra yolları var. Məsələn, Latviyada Dövlət Dili Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəz dövlət dili qanununa riayət edilməsinə nəzarət edir. 2014-cü ildə yerli əhali mərkəzə 980 şikayət edib. Şikayətlər əsasında qurum 5,1 min yoxlama aparıb və 2 min 231 adminstrativ iş açıb. Nəticədə, dil haqqında qanunun pozulmasına görə 769 nəfər administrativ cəza alıb ki, onların 50-si məhz elan və reklamlarla bağlı olub.

Görünən odur ki, doğma dili üçün ictimaiyyət və dövlət qurumları birgə fəaliyyət göstərməlidir; ictimai qınaq olmalı, eyni zamanda aiddiyyatı dövlət qurumları müxtəlif cəza tədbirləri görməklə və başqa yollarla Azərbaycan dili haqqında qanuna riayət edilməsinə nəzarət etməli, qanunu pozanları cəzalandırmalıdır. Əks halda həmin dövlət qurumları da qanunu qoruyanların deyil, onu pozanların sırasına qoşulur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=364723

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR