Mehriban Əliyeva kimsəsizlər üçün tikilmiş binanın açılışında oldu

Mehriban Əliyeva kimsəsizlər üçün tikilmiş binanın açılışında oldu
17:14 29 Dekabr 2014
83 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün Bakının Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün 120 mənzildən ibarət binanın açılış mərasimində iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Baş nazirin müavini Abid Şərifov binanın rəmzi açılışını bildirən lenti kəsiblər.

 

Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında Abşeron rayonunun Masazır qəsəbəsində hər iki valideynini itirmiş kimsəsiz məzunların yerləşdirilməsi ilə əlaqədar yaşayış binasının tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. İlkin mərhələdə 120 mənzilli, 240 nəfərlik 13 mərtəbəli yaşayış binasının və infrastruktur obyektlərinin tikintisi başa çatdırılıb. Sonrakı mərhələlərdə isə əlavə hər biri 120 mənzilli, cəmi 540 nəfərlik 13 mərtəbəli 2 yaşayış binasının tikintisi nəzərdə tutulub.

 

İstifadəyə verilən binada 50 yerlik kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar və internet zalları, camaşırxana var. Binada bütün lazımi şərait yaradılıb. Mənzillərin hamısı mebel, inventar və avadanlıqla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada fəaliyyət göstərəcək xidmət sahələrində də məzunların özləri çalışacaqlar ki, bu da 35 nəfər kimsəsiz məzunun daimi işlə təmin olunması deməkdir.

 

Mehriban Əliyeva burada yaradılan şəraitdən razılığını bildirdi, valideyn himayəsindən məhrum olan uşaqlar üçün inşa edilən yeni binanın açılışı münasibətilə təbriklərini çatdırıb.    

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR