Azərbaycan idxal olunan avtomobillər və yaxtalar üzrə aksiz dərəcələrini artırır

Azərbaycan idxal olunan avtomobillər və yaxtalar üzrə aksiz dərəcələrini artırır
17:23 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda idxal olunan minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üzrə aksiz dərəcələrinin artırılması təklif edilir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında müzakirə olunan "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsində deyilir.

Dəyişikliklərə əsasən, ölkəyə idxal olunan minik avtomobillərində mühərrikin həcmi 2000 sm³-dək olduqda aksiz dərəcəsi mühərrikin həcminin hər sm³-ə görə 0,15 manatdan 0,20 manata qədər artırılacaq. Mühərrikin həcmi 3000 sm³-ə qədər olduqda indi 300 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1 manat aksiz dərəcəsi tətbiq olunursa, dəyişiklik qəbul olunduqdan sonra belə avtomobillər üçün 400 manat və əlavə olaraq 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1,5 manat aksiz dərəcəsi ödəniləcək. Bundan başqa, hazırda mühərrikin həcmi 4000 sm³-dək olduqda aksiz dərəcəsi 1300 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 2 manat təşkil edirsə, qanun layihəsi təsdiqlənəndən sonra aksiz dərəcəsi müvafiq olaraq 1900 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 4 manat olacaq.

Hazırda qüvvədə olan qanunda mühərrikin həcmi 4000 sm³-dən çox olduqda bəndinin əvəzində yeni qanun layihəsinə iki bənd - mühərrikin həcmi 5000 sm³-dək olduqda və 5000 sm³-dən çox olduqda əlavə edilib.

Dəyişikliklərə görə, aksiz dərəcəsi mühərrikin həcmi 5000 sm³-dək olduqda 5900 manat və əlavə olaraq 4000-5000 sm³ hissəsi üçün hər sm³-ə görə 8 manat, mühərrikin həcmi 5000 sm³-dən çox olduqda 13 900 manat və əlavə olaraq 5000 sm³-dən çox olan hissəsi üçün hər sm³-ə görə 10 manat təşkil edəcək.

Bundan başqa, hazırda istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrdə mühərrikin həcminin hər sm³-ə görə aksiz dərəcəsi 1 manatdırsa, dəyişiklikdən sonra bu kateqoriya üzrə aksiz dərəcəsi 3 manat olacaq.

Qanun layihəsində mövcud olan və ona dəyişikliklər edilməsi nəzərdə tutulan aksiz dərəcələri:

Vergitutma obyektinin adı

Aksizin dərəcəsi

İndi

Dəyişiklikdən sonra

Minik avtomobilləri:

- mühərrikin həcmi 2000 sm³-dək olduqda

Mühərrikin həcminin hər sm³-nə görə - 0,15 manat

Mühərrikin həcminin hər sm³-nə görə - 0,20 manat

- mühərrikin həcmi 3000 sm³-dək olduqda

300 manat + mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə - 1 manat

400 manat+mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə - 1,5 manat

- mühərrikin həcmi 4000 sm³-dək olduqda

1300 manat + mühərrikin həcminin 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə - 2 manat

1900 manat + mühərrikin həcminin 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə - 4 manat

- mühərrikin həcmi 5000 sm³-dən çox olduqda

5900 manat+ mühərrikin həcminin 4000-5000 sm³ hissəsi üçün hər sm³-ə görə - 8 manat

- mühərrikin həcmi 5000 sm³-dən çox olduqda

13900 manat+ mühərrikin həcminin 5000 sm³-dən çox olan hissəsi üçün hər sm³-ə görə - 10 manat

İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr

Mühərrikin həcminin hər sm³-ə görə - 1 manat

Mühərrikin həcminin hər sm³-ə görə - 3 manat

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR