İlqar Fəhmi: ”Məşq etməyə yer yoxdur"

İlqar Fəhmi: ”Məşq etməyə yer yoxdur"
17:39 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış şair-dramaturq İlqar Fəhminin Lent.az-a müsahibəsi:

  

- Yadıma gəlir ki, 1999-2000-ci illərdə teatr  festivalları keçirilirdi. Gərgin zəhmət hesabına başa gələn o festivallar çox istedadlı gənclər yetişdirdi. Təəssüf ki, sonradan bu xoş ənənə unuduldu. Buna görə sayca artıq üçüncü dəfə Gənclərin Ümumrespublika Teatr Festivalının keçirilməsinə  çox sevinirəm. Özü də onların sayını daha da artırmaq lazımdır. Həm də ona görə ki, nədənsə bu gün yeni nəsli çox tənqid edirlər. Hətta yaşlı nəsil sənətkarlar belə onları sərbəst düşüncəsinə görə qınayır. Amma mən yaradıcı gənclərimizdən çox şey gözləyirəm. Bax, bayaq qeyd etdiyim o festivallarda iştirak edən bir neçə gənc vardı ki, hazırda ölkənin ən tanınmış, istedadlı aktyorları, rejissorlarıdır. Festivallar əslində istedadları üzə çıxarmaq üçündür. Gənclər var ki, sözünü deməyə yer tapmır. Bu festival böyük fürsətdir.

 

- Onu da qeyd edim ki, bu festivalda bölgə gəncləri də iştirak edir.

 

- Əslində bu çox vacibdir. Amma mən çox arzulayardım ki, istər bölgə, istərsə də paytaxtda olan gənclərimiz üçün müvafiq şərait də yaradılsın. Onların çoxunun məşq etməyə yerləri belə yoxdur. Bəzən mənim yanıma gəlib tamaşaları, planları barədə danışan gənclər bundan çox gileylənirlər. Görürəm ki, çətinlik çəkirlər. Xüsusi qrantlar ayrılmalıdır ki, gənclər yerlə təmin olunsun, tamaşada istifadə etdikləri geyimləri, rekvizitləri ala bilsinlər. Hər halda bu festival gənclərə belə bir imkan yaradıbsa ki, festivalda iştirak etsinlər, bir-birləri ilə mədəni təmas qursunlar, paylaşsınlar, yaradıcılıq görüşlərində birgə iştirak etsinlər-bu alqışa layiq təşəbbüsdür.

Qeyd edək ki, AR Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin, ASSİTEJ  - Azərbaycan Milli Mərkəzinin dəstək verdiyi Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Gənclərin Ümumrespublika Teatr Festivalına 120-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.



 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR