Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun “Miqrasiyanın əsasları” adlı yeni əsəri çapdan çıxıb.
Lent.az-ın xəbərinə görə, kitabda miqrasiya prosesinin əsasları elmi-nəzəri baxımdan araşdırılır. Miqrasiya anlayışının konseptual məzmunu şərh olunur. Predmetin tərkib hissələri analiz obyektinə cəlb olunur, nəticə etibarilə tərkib komponentlər öyrənilir və sistemli qaydada oxuculara təqdim edilir.
Miqrasiya müxtəlif elmlərin öyrənmə obyekti olaraq, fənlərarası bir predmet kimi diqqətdən keçirilir, miqrasiologiya fənninin elmi-nəzəri əsasları qeyd olunur. Həmçinin miqrasiya proseslərinin forma və məzmunu, prosesin baş vermə səbəbləri elmi-tədqiqat obyektinə cəlb edilir. Bununla yanaşı, miqrasiyanın coğrafi-siyasi aspektləri, dünyanın miqrasiya mərkəzlərinin formalaşması əsasları elmi baxımdan təhlil olunur.
Kitab müvafiq istiqamətdə təhsil alan ali məktəb tələbələri, sosioloqlar, siyasətşünaslar, iqtisadçılar, o cümlədən beynəlxalq münasibətlər istiqaməti üzrə işləyən mütəxəssislər üçün faydalı ola bilər. Əsər miqrasiya xidməti əməkdaşları üçün də miqrasiyanın ümumi əsaslarını öyrənmək baxımından səmərəli ola bilər.