Səxavət Əlisoy: Arif Hacılını heç bələdiyyəyə də üzv seçməzlər

Səxavət Əlisoy: Arif Hacılını heç bələdiyyəyə də üzv seçməzlər
17:43 29 Dekabr 2014
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

“Əgər Müsavat Partiyasının üzvlərinin demək olar ki, 50 faizi Arif Hacılını saxtakarlıqda ittiham edirlərsə, o partiyanın parlament seçkilərində iştirakı bələdiyyə seçkilərində iştirakdan da betər olacaq”. Bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Müsavat Partiyası Məclisinin 2015-ci il parlament seçkilərində iştirakla bağlı qərarına münasibət bildirərkən deyib.

S.Əlisoy bildirib ki, bir partiya ki, meydana 300 nəfər yığır, yəni özünə cəmi 300-400 nəfər tərəfdar toplaya bilir, bununla heç bələdiyyə şurasının üzvünü də seçmək mümkün deyil: “Bunlar kimə, nəyə arxayındırlar? Bu, ancaq populizmə söykənən bir qərardır. Müsavat Partiyasını saxtakarcasına ələ keçirən insanların parlament seçkilərində bir çıxış yolu var. Arif Hacılının namizədliyini Zaqatala rayonundan versinlər, Arif Hacılının tərəfdarları da, bütün Müsavat rayon təşkilatlarının hamısının üzvləri cəm olsun bir yerə, bütün beynəlxalq təşkilatları da töksünlər o rayona, bütün seçki məntəqələrinin önündə də Hacılının qurultay zamanı saxtakarlıqlara əl ataraq canfəşanlıq edən 5-6 tərəfdarı dursun, görək Arif Hacılını parlamentə üzv seçə bilirlər, yoxsa bilmirlər. Bir bu eksperimenti də keçirsinlər. Hacılını heç bələdiyyəyə də üzv seçməzlər”.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda A.Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edir. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Narazı üzvlər, həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayır. Bu və digər təklifləri müzakirə etmək üçün narazı üzvlər işçi qrupu yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR