Sakit Məmmədov: “Azərbaycan Rəssamlar İttifaqı bağlanmalıdır”

Sakit Məmmədov: “Azərbaycan Rəssamlar İttifaqı bağlanmalıdır”
19:59 29 Dekabr 2014
606 Sosial
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Rəssamlar İttifaqının sadəcə adı var. Əslində bu ittifaq yoxdur. Bu qurumu bağlamaq daha yaxşı olar. Onlar nəyə xidmət edir məlum deyil". 

 

Bunu APA tv-nin “Rəng...Fırça...Palitra...” verilişinə kifayət qədər yerli və nüfuzlu beynəlxaq mükafatların sahibi, rəssam Sakit Məmmədov deyib: "Hansısa yazıq gəlib Rəssamlar İttifaqına deyir ki, "olar bu qalereyada sərgi edim?". Deyirlər "hə, elə". Bu Rəssamlar İttifaqının fəaliyyəti demək deyil ki. Mən Şanxayda oldum. Bizi Şanxay Rəssamlar İttifaqının sədri qəbul elədi. Ekranda bir-bir bizə Çin rəssamlarını göstərdi. Göstərdikcə onlar haqqında elə gözəl danışırdı ki... Sonra bizi Rəssamlar İttifaqının muzeyi ilə tanış elədi və mən heyran qaldım.  Sədrin fəallığı xoşuma gəldi, Çin rəssamlarının başqa ölkələrdə sərgilərinin təşkilinə necə can atdığını gördüm. Bizdə hamısı yatıb, heç bir işlə məşğul olmurlar. Bir adam bir yerdə nə qədər oturar, nə vəzifədir ki, onu başqası idarə edə bilməsin. Mənim heç zaman nə Rəssamlar İttifaqına, nə də başqasına ehtiyacım olmayıb. Tələbələrimi bütün dünyaya çıxarıram. Burda mənim gənclərə ürəyim ağrıyır. Çünki, onlar məhv olurlar. Rəssamlar İttifaqı çox bərbad haldadır və oranı bağlamaq lazımdır. Günahı mən rəssamlarda görürəm. Əgər 4-5 ildən bir boyunlarını büküb gedib seçirlərsə, demək dözməlidirlər. Belə ittifaq olmaz ki, nə ittifaq? İttifaq sözü özü də qiymətdən düşür”. 

 

“Öz dünyam, öz yaşam tərzim var” deyən Sakit Məmmədov, gününün əksər hissəsini elə öz muzeyində, emalatxanasında keçirdiyini bildirib: “Rəssam yaradıcı bir insandır. Rəssam çox şeyləri görə, hiss edə bilir. Bəzilərini kətana köçürür, bəziləri isə ürəyində qalır. Rəssam olmaq çətindir. Hər rəsm çəkən rəssam deyil. Tarixdə qalan dörd, beş rəssam olar. Rəssamın dünyası tamam başqadır. Rəssam olaraq, bəzən kədərlənirsən, çünki hər şeyi görürsən... Bu da çətindir” deyib Sakit Məmmədov.  

 

Allahın yaratdığı insanı möcüzə, açılmamış bir sirr hesab edən həmsöhbətimizin yaradıcılığında portret janrı xüsusi ilə çoxluq təşkil edir. Niyə məhz bu janra üstünlük verməsinin səbəbinə gəlincə, rəssam portret janrının ona yaxın olduğunu bildirib: “Portretdə həm psixologiyanı, həm anatomiyanı bilməli, həm də çəkdiyin insanı kəşf edib, öyrənməlisən. Hər insanın portreti çəkilə bilməz. Kiminsə portretini çəkməyi mən özüm istəməliyəm. Rembrandtın portretinə baxırsan və görürsən orda hər şey var. Min illərdir Allah insanı yaradır, amma O hələ də axtarışdadır. Heç bir insan bir-birinə bənzəmir. Portret janrı mənim üçün çox maraqlıdır. Portret iki insan arasında yaranmalıdır. Qarşı tərəf də buna kömək etməlidir. Portret çəkməkdən çox zövq alıram. İnsan hələ kəşf olıunmamış bir möcüzədir. Bir insanın içində həm savaş, həm də çox gözəl hisslər var”. 

 

Özündən müştəbeh insanları sevməyən rəssam, belələrinin portretini çəkməkdən imtina edir: “İnsan var  özündən o qədər razıdır ki, istəyir hamı onun portretini çəksin. Bəziləri gəlib deyirlər ki, "mənim portretimi Rusiyada filankəs, İtaliyada da filan rəssam çəkib". Bir insan nə qədər öz portretini çəkdirər ki? Demək o insan özü-özünə vurğundur. Amma mən onda heç nə görmürəm. Bir də görürsünüz hansısa tədbirdə mənə yaxınlaşan bir insanın portretini çəkməyi özüm istəyirəm. O olur artıq əsil portret. Adam da var kim çəkir, çəksin, təki bunu çəksinlər. Bu artıq portret deyil. Bunları yaradıcılığın boş bir sahəsi hesab edirəm. Ən gözəl portret naturadan çəkilən portretdir. Adam heç olmasa gəlib iki gün qarşında oturmalıdır. Hamı deyir mənim zamanım yoxdur, amma mənim portretimi çək, elə portret olmaz ki. Mən səni haradan kəşf edim? Portretını çəkdiyim şəxs müqəvva kimi oturmur qarşımda. Söhbət edirik, çay içirik, o an gəlir ki, görürəm iş başlayır artıq və çəkirəm. O insan özünü nə qədər tərifləsə belə mən hiss elədiyimi çəkirəm. Hər kəsi olduğu kimi çəkirəm. Özündən razı birini çəkməkdənsə iki dənə uşaq portreti çəkərəm və daha çox həzz alaram. Dünyada milyardlarla insan var, hamısının portretini çəkmək olmaz ki.  Allah heç zaman bədxah ruh yaratmaz, hər şeyi insan özü özünə edir. İkiüzlülükdə də, mədxahlıqda da biz ruhumuza əziyyət veririk. Biz Allahı sevməyi öyrətməliyik, amma qorxmağı öyrədirik”. 

 

Sakit Məmmədov dərdini kətana çəkməyi xoşlamadığını da bildirib: “Dərdim var, amma o dərdi özüm çəkirəm, kətana çəkmirəm. Mənim üçün ən bahalı və ya ən ucuz əsər yoxdur. Çox zaman ən gözəl əsərlərimi qanı qara vaxtı, əsəbi olanda çəkirəm. O anda hər şeyi unuduram, bir də görürəm işin içindəyəm. Həyatda bahalı, ucuz övlad yoxdursa, eləcə də əsər yoxdu. Əsərlərim baha qiymətə satılır, çünki baha alınır”. 

 

Rəssam əsərləri satılanda kövrəldiyini deyib. Çünki bu əsərlərin necə bir ailəyə, mədəniyyətə düşdüyünü bilmir: “Qız övladını ərə verən hər bir ata kövrəlir. Mən öz əsərlərimi həmişə qız övladına bənzətmişəm. Necə bir ailəyə, mədəniyyətə gedir, bu düşüncə məni narahat edir. Yoxsa qiymət o qədər də önəmli deyil. Bəlkə düşdüyü məkanda məndən də yaxşı baxacaqlar, o cür yerə hədiyyə belə vermək olar. Əsərlə əşya kimi davranılmamalıdır. Mən əsərimi əslində bu dəyəri anlamayan birinə çox baha satmaqdansa, üzərində əsəcək birinə hədiyyə verməyi üstün tuturam. Övladımızı fəhləyə verməməliyik? Əgər o ürəkdən sevirsə, təbii ki, verməlisən, o sevgi pulla ölçülmür”. 

 

Sakit Məmmədov əməkdar rəssam fəxri adını daşıyır. Amma nədənsə təqdimat zamanı bunun adının əvvəlində deyilməsinin, yazılmasının əleyhinədir. Onun üçün ən böyük ad elə rəssam adıdır, çünki, onun fikrincə, bu Allah tərəfindən verilən mükafatdır. Elə ən böyük mükafat da Allahın mükafatıdır. 
 

Veriliş boyu Sakit Məmmədovun dörd mərtəbədən ibarət olan şəxsi muzeyini də gəzmək imkanı qazandıq. Muzeydə çox qiymətli eksponatlardan biri də dünya şöhrəti qazanmış Vaqif Mustafazadənin ağ royalıdır. Bu royalı Sakit müəllim özü alıb və üzərində tanınmış simaların imzaları toplanır. Sonda bu royal İncəsənət Muzeyinə, ya da Vaqif Mustafazadənin ev Muzeyinə hədiyyə edəcəyini deyib rəssam.   

 

Muzeyi gəzdikcə bizi daha bir bir məsələ düşündürürdü: "ürək qoyulan, bəlkə də aylarla işlənən, düşüncələrin əks olunduğu bu əsərləri satmaq çox çətin olmalıdır". 

 

Soruşanda məlum oldu ki, Sakit müəllim də elə əslində heç bir əsərini satmağa qıymır. Bunu özü etiraf edir, amma bir məsələ də var: dolanmaq. Və rəssamın dolanması bu işlə olmalıdır. Rəssam deyib ki, bir əsərini satıb yaşamaq böyük bir şeydir: “Arzu edərdim ki, bütün rəssamlarımızın əsərləri qiymətli və çox dəyərli olsun”. 

 

Onu da öyrəndik ki, Hollivvud aktrisası Monika Beluççinin bir portretini artıq işləyən azərbaycanlı rəssam, ikinci portret sifarişi alıb. Sözsüz, Sakit müəllimın yaradıcılığı tək Monika kimi dünyaca tanınmış aktrisanı heyran qoymayıb, amma hətta Beluççinin Sakit Məmmədova ikinci portreti üçün müraciət etməsi artıq ona ünvanlanacaq bir çox sözləri aciz qoyur. Həmsöhbətim üçün fərqi yoxdur, qarşısındakı hər kəsin heyran olduğu Monika Beluççidir, yoxsa adi bir insan. O insanın daxilində gördüyünü köçürür ağ kətana. 

 

Verilişin sonunda onun “Adəm və Həvva” əsərinin qarşısında dayandıq. Bu əsərin fərqliliyi Adəmlə Həvvanın göbəksiz çəkilməsidir. Rəssam deyib ki, bu ideyasına görə əsər beynəlxalq mükafatlara da layiq görülüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189076

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR