Hikmət Hacıyev: “Bu qurama məhkəmə işinin heç bir hüquqi əsası yoxdur”

Hikmət Hacıyev: “Bu qurama məhkəmə işinin heç bir hüquqi əsası yoxdur”
20:24 29 Dekabr 2014
81 Ölkə
Ölkə mətbuatı
A- A+

“Ermənistanın kütləvi informasiya vasitələrində Dilgəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurulmuş qondarma məhkəmə işinin başa çatması haqqında məlumat yayılıb. Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan bu qurama məhkəmə işinin heç bir hüquqi əsası yoxdur və onun iddia olunan nəticəsi hər hansı hüquqi mahiyyət kəsb edə bilməz”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə prosesi”ni şərh edərkən deyib.

 

”Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan ərazisində ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər, Həsən Həsənov isə qəddarcasına öldürülüb. Ermənistan Avropa insan hüquqları konvensiyası, beynəlxalq humanitar hüquq, BMT-nin işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı konvensiyasını, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt üzrə öhdəliklərini kobud şəkildə pozaraq, mülki şəxslərin girov götürülməsinə, işgəncələr əsasında onlardan ifadələrin alınmasına və saxta məhkəmə qarşısına çıxarılmasına görə məsuliyyət daşıyır. İnsan hüquqlarının ümumbəşəri dəyər olduğunu xatırladaraq, bir sıra beynəlxalq təsisatları və dairələri insan hüquqları məsələsinə seçimli yanaşmayaraq, insan hüquqlarını kobud, sistematik və kütləvi şəkildə pozan Ermənistan Respublikasından Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azad edilməsini və itkin düşmüş dörd mindən artıq azərbaycanlının taleyi barəsində izahat verilməsini tələb etməlidirlər”, - deyə o vurğlayıb.

 

H. Hacıyev həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən ümdə hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının müdafiəsinə lazımı diqqət ayırmalıdır. Onun sözlərinə görə, D. Əsgərov və Ş. Quliyevin girovluqdan azad edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlarla təmaslar davam etdiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR