Ermənistan üçün ağır il

Ermənistan üçün ağır il
00:06 30 Dekabr 2014
328 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan 2015-ci ilin ilk günlərindən Rusiya, Belarus və Qazaxıstanın təsis etdikləri Avrasiya İqtisadi İttifaqının üzvü olacaq

Ermənistanda başa çatan 2014-cü ilin ən əhəmiyyətli, eyni zamanda ən çox mübahisə, mülahizə və narazılığa səbəb olan hadisəsi ölkənin Avrasiya İqtisadi İttifaqına qatılması hesab edilə bilər.

Yeni ilin ilk günü Gömrük İttifaqının təsisçi üzvləri Rusiya, Belarus, Qazaxıstan arasında mayın 29-da imzalanmış Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması haqqında müqavilə qüvvəyə minir, yanvarın 2-dən isə Ermənistan bu qurumun tamhüquqlu üzvü olacaq.

Ermənistanın Gömrük İttifaqına daxil olmaq niyyətində olduğunu prezident Serj Sarkisyan ötən il sentyabrın 3-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra bəyan edib. Ermənistan prezidenti bu qərarın ilk növbədə Ermənistanın təhlükəsizliyi maraqlarından irəli gəldiyi ilə əsaslandırıb.

Bunadək Şərq Tərəfdaşlığı proqramı çərçivəsində dörd ilə yaxın davam edən danışıqlar nəticəsində Ermənistanın Avropa İttifaqı ilə assosiasiya müqaviləsi bağlanacağı gözlənilirdi.

Ermənistanın Gömrük İttifaqı ölkələri ilə ümumi sərhədi yoxdur, Rusiyadan onu Azərbaycan və Gürcüstan əraziləri ayırır. Bu səbəbdən Ermənistanın Aİİ üzvlüyü haqqında müqavilədə xarici ölkələrlə İttifaq üzvləri arasında yüklərin daşınması üzrə xüsusi qaydalar nəzərdə tutulur.

Sənəd üzrə qanunvericiliyin uyğunlaşdırılması və gömrük qaydalarının unifikasiyası üçün 2 ildən 8 ilədək vaxt ayrılır.

Ermənistanın iqtidarı və qeyri-iqtidar siyasi qüvvələrinin çoxu Ermənistanın Aİİ üzvlüyünü dəstəkləyir.

Eyni zamanda Ermənistanın Aİİ-yə daxil olması məsələsinin Milli Məclisdə müzakirəsi və ratifikasiyası parlament önündə etiraz aksiyaları ilə müşaiyət olunub.


Konstitusiya islahatları

2014-cü ildə ölkənin vətəndaş cəmiyyəti və siyasi qüvvələrinin diqqət mərkəzində olan məsələlərdən biri Ermənistan Konstitusiyasının dəyişikliyi məsələsi olub.

Konstitusiya islahatı prezident dövlət idarəetmə sistemindən tam parlament sisteminə keçməsini nəzərdə tutur.

Ölkə vətəndaşlarına təqdim edilən Konstitusiya konsepsiyası layihəsinə əsasən, ölkə prezidenti seçki hüququna malik olan bitərəf (heç bir siyasi partiyaya üzv olmayan) namizədlər arasından Milli Məclis tərəfindən 7 il müddətinə seçilir və ikinci dəfə bu vəzifəyə namizəd ola bilməz.
Yeni sistem üzrə baş nazir də parlament seçkilərinin nəticəsinə görə təyin olunur. Baş nazir hökumət kabinetini tərtib edir və yalnız Milli Məclis qarşısında cavabdehdir.

Parlamentin siyasi rolunun artırılması ilə parlament müxalifətinin rolunun da artırılması nəzərdə tutulur.
Qanunverici orqan olaraq, Milli Məclis hökumətin fəaliyyətinə nəzarət edəcək, prezident isə qanunverici və icra hakimiyyətləri tərəfindən Konstitusiya üzrə səlahiyyətlərinin yerinə yetirilməsi üzərində nəzarət etməlidir.

Qanun layihəsi Venesiya Komissiyasının müsbət rəyini qazanıb. Lakin müxalif qüvvələr (parlament respublikası tərəfdarı olan Daşnaksutyundan başqa) bu dəyişikliklərin ikinci və son prezidentlik müddəti başa çatan Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası ilə yenidən hakimiyyət başında qalması üçün imkan yaratdığını ehtimal edir və layihənin əleyhinə çıxış edirlər.

Konstitusiya islahatı konsepsiyası parlamentdə qəbul olunub və 10 ay müddətində prezidentin imzası ilə təsdiq edilməli və 2015-ci ildə referenduma təqdim olunmalı idi. Lakin Serj Sarkisyan layihəni hələ imzalamayıb. Bəziləri bunu Ermənistanın Avrasiya İttifaqına qatılması ilə bağlı şəraitin dəyişməsi ilə başlı olduğunu ehtimal edir.

Pensiya sisteminə qarşı mübarizə

2014-cü il yeni pensiya sisteminin tətbiq edilməsinə qarşı güclü etiraz aksiyaları ilə başlayıb.

Yüzlərlə insan pensiya sistemi üzrə məcburi komponentin ləğv edilməsi tələbilə etiraz aksiyalarına qatıldı.
Yeni pensiya sistemi üzrə 40 yaşından aşağı Ermənistan vətəndaşlarının aylıq əmək haqqının 5 faizi məcburən xüsusi pensiya fondunda onun adına açılmış əmanət hesabına keçirilməli idi.

Mütəmadi olaraq nümayiş, yürüş və mitinqlər keçirən fəallar öz qazanclarının bir hissəsini fondlara verib, 30-40 ildən sonra geri ala biləcəklərinə inanmırdılar.
Etiraz aksiyaları güclü “Dem em!” (“Əleyhinəyəm!”) adlı hərəkatına çevrildi. Daha sonra isə hərəkata birləşən müxalifətçi parlament fraksiyaları - Jaranqutyun (İrs), Daşnaksutyun, Erməni Milli Konqresi və Firavan Ermənistan – yeni pensiya haqqında qanunun ölkə konstitusiyasına uyğunluğunu müəyyən etmək xahişilə Konstitusiya Məhkəməsinə müraciət etdilər.

KM-nin qərarı ilə pensiya sistemi haqqında qanunun bir sıra müddəalarını etibarsız tanıyıb, parlament isə qanunvericilik dəyişikliyi edib.
İyulun 1-dən məcburi sığorta pensiya sistemi yalnız dövlət idarə və müəssisələri əməkdaşlarına şamil olunur, özəl sektorda çalışanlar üçün isə üç il ərzində tətbiq ediləcəyi nəzərdə tutulur.

Rəsmən işsizlik səviyyəsi 16 faiz, qeyri-rəsmi daha yüksək olduğu halda maaşından məcburi tutumlara qarşı çıxış edənlərin sayı az qala sıfıra enib.

Yeni baş nazir

Aprel ayında altı il Ermənistanın baş naziri olmuş Tiqran Sarkisyan istefa verib, onun yerinə Ermənistan parlamentinin sədri Hovik Abrahamyan təyin olunub.

Müşahidəçilər Tiqran Sarkisyanın istefasını onun Avropa İttifaqı və Qərblə inteqrasiya tərəfdarı olduğu və Ermənistanın Avrasiya seçimi ilə bağlı olduğunu deyirlər. İki aydan sonra onun ABŞ-da Ermənistanın səfiri təyin olunması bu ehtimalların həqiqətə uyğun olduğunu düşünməyə əsas verir.
Parlamentin sədri Hovik Abrahamyan baş nazir vəzifəsinə təyin olundu, Milli Məclisin sədri vəzifəsini vitse-spiker Qalust Sahakyan tutdu.
Hovik Abrahamyanın icra hakimiyyəti orqanlarında müxtəlif vəzifələrdə böyük iş təcrübəsi var və onun həm iqtidar, həm müxalif düşərgələrlə “dil tapmaq” qabiliyyətinə malik olduğu vurğulanır. O, dialoqa hazır olduğunu göstərərək etiraz aksiyası zamanı etirazçılarla birbaşa ünsiyyətə girir, qeyri-iqtidar partiyalarının birgə tədbirlərinə baş çəkə bilər.

Hovik Abrahamyan mövcud hakimiyyətin tənqidçiləri, məsələn, sabiq prezident Robert Koçaryan və ən iri sahibkarlardan olan Firavan Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanla da yaxşı münasibətləri qoruyur.

Müxalifətin vəd etdiyi “qızğın payız” baş tutmadı

2014-cü ildə Ermənistanda siyasi mübarizə qeyri-iqtidar qüvvələrinin vaxtaşırı müxtəlif tərkibdə birləşmələri formatında aparılıb.
“Müxalif dördlük” bayrağı altında mübarizəyə qatılan Firavan Ermənistan, İrs, Daşnaksutyun və Erməni Milli Konqresi çox qısa bir vaxtda “müxalif üçlüyə” çevrilir. Digər üç partiyanın ölkənin parlament idarəetmə modelinə keçməsinə qarşı olduğu səbəbindən Daşnaksutyun bu müxalif blokdan çıxır.

Qeyri-iqtidar “üçlük” Yerevanın mərkəzində bir neçə miqyaslı aksiya təşkil edib. Yerli media tədbirlərin kütləviliyi xeyriyyəçiliyi ilə tanınan sahibkar Qaqik Tsarukyanın və başçılıq etdiyi Firavan Ermənistan Partiyasının “siyasi nüfuzu” sayəsində təmin edildiyinə eyham vurur.
Üçlüyə daxil olan qüvvələrin daxili məsələlərdə mövqelərinin üst-üstə düşdüyü təsəvvürü yaransa da, xarici siyasət məsələlərində daban-dabana ziddir. Sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi və Firavan Ermənistan Ermənistanın Avrasiya İqtisadi İttifaqına qatılmasını dəstəkləyirsə, sabiq xarici işlər naziri Raffi Hovhannisyanın başçılıq etdiyi İrs Partiyası bunun əleyhinə çıxış edir.
Əvvəlcə “dördlük”, sonra isə “üçlük” liderlərinin “iqtidar üçün qızğın payız” təşkil etmək vədləri gerçəkləşmədi. Bu qüvvələr əsas məsələlər üzrə ümumi mövqe, vahid proqram formalaşdıra bilmədilər.

Bunun fonunda prezidentin istefasını və dərhal hakimiyyət dəyişikliyini tələb edən bir qrup Qarabağ müharibəsi veteranları və vətəndaş fəallarının “Preparliament” adlı hərəkatı meydana gəlir.

“Preparliament”-in azsaylı aksiyaları barədə geniş məlumat hərəkat üzvlərinin avtomobillərini yandırmaq cəhdi və bəzi müharibə veteranları zorakılığa məruz qaldıqdan sonra yayıldı.

Ermənistan və Ukrayna hadisələri

Ermənistanın Ukrayna hadisələri ilə bağlı rəsmi mövqeyi az qala Yerevanla Kiyev arasında münasibətlərin pozulmasına səbəb olacaqdı.
Rəsmi Yerevan Krımın müstəqilliyi haqqında referendumu dəstəkləyib.

Ermənistan prezidenti Serj Sarkisyan Vladimir Putinlə telefonla “iki ölkə başçıları arasında Ukrayna böhranı və ondan çıxış yollarına dair fikir mübadiləsi” zamanı “bu referendum xalqların azad iradəsilə öz müqəddəratını təyin etmək haqlarının həyata keçirilməsinin növbəti nümunəsi” adlandırıb.

Daha sonra isə, martın 27-də Ermənistan BMT Baş Assambleyasının “Krım referendumunun qanuni qüvvəyə malik olmaması” haqqında qətnaməsinin əleyhinə səs verib.

Bundan sonra Ukrayna XİN Ermənistandakı səfiri İvan Kuxtanı məsləhətləşmə üçün Kiyevə çağırıb. Lakin daha Ermənistan prezidenti tərəfindən Ukraynada prezident seçkilərinin faktiki tanıması Ukrayna rəhbərliyi tərəfindən “dostluq jesti” kimi qəbul olunub və səfir Kuxta Yerevana qaytarılıb.
Qarabağ münaqişəsi baxımından Ermənistanda xalqların öz müqəddəratını təyin etmək haqları prinsipinə üstünlük verildiyinə baxmayaraq, Ermənistanda bu məsələyə dair rəsmi Yerevanın mövqeyini hamı dəstəkləmir, yüzlərlə vətəndaş fəalları Yerevanda Rusiya səfirliyi önündə “Krımın ilhaqına” qarşı və Ukrayna səfirliyi qarşısında Maydan hərəkatı ilə həmrəylik aksiyalarını təşkil ediblər.

Milli valyutanın dəyərdən düşməsi

İlin sonunda təxminən bir ay ərzində Ermənistan milli valyutası – dramın məzənnəsinin 35 faizdən də çox aşağı düşməsi əhalini təşvişə salıb. Bir gündə əsas istehlak mallarının qiymətləri 40 faizədək artıb, bəzi mallar mağazalardan yox olub.
Avtoyanacaq kimi istifadə edilən maye qazın qiymətinin 190 dramdan 230 drama qalxması bir çox istiqamətlərdə avtobus hərəkətinin dayanmasına gətirib, sürücülər tətil elan ediblər.

Mərkəzi bankın və hökumətin müdaxiləsi nəticəsində dramın dəyəri iki-üç gün ərzində artmağa baılayıb, lakin hələ bir ay əvvəlki dəyərindən 10-12 faiz aşağıdır.

Son illərin təcrübəsi göstərir ki, valyutanın sabitsizliyi nəticəsində artan istehlak mallarının qiyməti heç vaxt olduğu səviyyəyə enmir.
Artıq Yerevan meriyasında nəqliyyatda gediş qiymətlərinin artırılması ətrafında müzakirələr başlanıb.

İqtisadçılar yeni ildə elektrik enerjisinin qiymətinin də artacağında şübhələnmirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR