“Motivlər 2” şərti adlı kinoalmanaxın istehsalı yekunlaşıb

14:22 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirlyinin sifarişi ilə hazırlanan yeni kinoalmanax 2016-cı ilin əvvəllərində tamaşaçılara təqdim olunacaq.
Yeni kinoalmanax Amil Məmiyevin “Qara bağ”, Emin Əfəndiyevin “Hədiyyə”, Emin Mirabdullayevin “Postskriptum” və Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filmlərindən ibarətdir.
 Dram janrında lentə alınan “Qara bağ” filminin çəkilişləri Bakı şəhərində və Hacıqabul rayonunun Qızıl burun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb.
“Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “yenifilm.az” gənclər üçün ssenari müsabiqəsinin qalibi – Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilən ekran əsərinin quruluşçu rejissoru Amil Məmiyev, quruluşu operatoru Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfər, Ayşad Məmmədov, Məzahir Həşimov və digərləri canlandırıb.
Rejissor Amil Məmiyev deyib ki, filmin adının “Qara Bağ” olması heç də təsadüfi deyil. “Qara Bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırki yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.
Melodrama janrında çəkilən “Hədiyyə” filminin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu rejissoru Emin Əfəndiyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində baş rolları İlahə Həsənova, Qorqud Cəfərli və Şamil Süleymanlı canlandırır.
Film yeni ailə həyatı qurmuş iki gəncin sevgisindən bəhs edir. Bu iki gənc özlərini cəmiyyətdə hələ də tapmayıblar. Buna baxmayaraq onlar sevgiləri uğrunda öz həyatlarını belə qurban verməyə hazırdırlar.
“Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən “Postskriptum” bədii filminin ssenari müəllifləri Ramiz Fətəliyev və Emin Mirabdullayev, quruluşçu rejissoru Emin Mirabdullayev, quruluşçu operatoru Əli Sultan, quruluşu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə aktyor Azər Aydəmir baş rolu - Robert Nobeli canlandırır. Ekran əsərində əməkdar artistlər Ayşad Məmmədov, Eldar Bağırbəyov və digərləri rol alıb.
Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.
Psixoloji dram janrında lentə alınan “Onun atası” filminin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultan, quruluşu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.
Yeni ekran əsərində baş rolları Şamil Süleymanlı, Məbud Məhərrəmov, Ülviyyə Rza və digərləri canlandırıb.
Filmdə keçən əsrin 90-cı illərində müharibənin cəmiyyətə vurduğu fəsadlardan bəhs edilir. Sadə ailə başçısı olan jurnalist vətənini ailəsi qədər üstün tutaraq Qarabağ müharibəsində itkin düşür. Paralel olaraq jurnalistin axtarışları zamanı onun ailəsinin və yaxınlarının keçirtdiyi həyacan və müharibənin cəmiyyətə mənfi təsiri təsvir edilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/motivler-2-serti-adli-kinoalmanaxin-istehsali-yekunlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR