İsraildə Rəşid Behbudovun 100 illik yubileyi qeyd olunacaq

14:47 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, yubiley tədbiri dekabrın 19-da İsrailin Netanya şəhərindəki mədəniyyət evində (Geyxal Tarbut) keçiriləcək.
Bu barədə məlumat verən “Odlar yurdu” İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri Səadət Şükürova bildirib ki, bir il bundan əvvəl yaradılan teatr truppası böyük müğənni Rəşid Behbudova həsr edilən tədbiri israilli tamaşaçılara təqdim edəcək: "Rəşid Behbudov sözün həqiqi mənasında dünyada Azərbaycanın brendidir. O, Bolqarıstanda, Macarıstanda, İtaliyada, Hindistanda, Çində, Suriyada, Türkiyədə, Misirdə, İordaniyada, İranda, İraqda, Finlandiyada, Polşada və Latın Amerikası ölkələrində qastrol səfərlərində olub. Bütün bu ölkələrdə Rəşid Behbudov konsertlərini “Azərbaycan” mahnısı ilə başlayıb və bu mahnı ilə başa çatdırırdı".
Onun fikrincə, R.Behbudov bənzərsiz və əlçatmaz sənətkar kimi yaşayıb: "Həqiqi artistizm, lirizm, Tanrı vergisi olan bənzərsiz səsinə görə Rəşid Behbudovun tayı-bərabəri yox idi. Böyük sənətkar şöhrətin zirvəsində ikən qəflətən və gözlənilmədən dünyasını dəyişdi, onu sevənlərin qəlbində əsl vətənpərvər kimi qaldı. Məhz bu səbəbdən bizim İsrail-Azərbaycan truppası Rəşid Behbudova həsr edilən yubiley gecəsi keçirməyi özünə borc və şərəf bilir. Böyük müğənni sənətsevərlərin xatirəsində əbədi yaşayacaq. O, həmişəlik birinci olacaq. Doğrudan da o gedəndən sonra sanki kainat boş qalıb...”.
Xatırladaq ki, R.Behbudov 1915-ci il dekabrın 14-də Tiflis şəhərində anadan olub. 1989-cu ildə 73 yaşında dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/i-srailde-resid-behbudovun-100-illik-yubileyi-qeyd-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR