Zakir Həsənov: Azərbaycan Ordusunun təchizatında ən müasir silahlar var (FOTO)

Zakir Həsənov: Azərbaycan Ordusunun təchizatında ən müasir silahlar var (FOTO)
15:03 2 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məktəbin zabit və kursant heyətinin, pedaqoji kollektivinin, həmçinin xüsusi təyinatlı təhsil müəssisələri üzrə qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Z.Həsənov tədbirdə çıxış edərək özünün də məzunu olduğu Hərbi Liseyin şəxsi heyəti ilə görüşündən məmnun olduğunu bildirib və ölkəmizdə ordu quruculuğu prosesində təhsil ocağının xüsusi rolunu qeyd edib.

Nazirin sözlərinə görə, hələ sovet dövründə xalqımızın ümummilli lideri Heydər Əliyev bu vacib təhsil müəssisəsini yaratmaqla böyük uzaqgörənlik nümayiş etdirib: “Dahi rəhbərimiz hələ neçə illər əvvəl Azərbaycanın müstəqil dövlət olacağını düşünərək belə qətiyyətli islahatlara imza atmışdı. Mən deyərdim ki, müasir Silahlı Qüvvələrimizin formalaşmasında Hərbi Liseyin çox mühüm əhəmiyyəti olub. Məktəbin yetirmələri bu gün də ordumuzun sıralarında məsul vəzifələrdə xidmət edərək ölkəmizin hərbi qüdrətinin güclənməsində bacarıq və səylərini əsirgəmirlər”.

Kursantlara ulu öndər Heydər Əliyevin irsindən nümunə götürməyi tövsiyə edən nazirin sözlərinə görə, onlar bu məktəbdə təhsil almalarından iftixar hissi duymalı, zabit olmağı qarşısına məqsəd qoyan hər kəs dövlətə və xalqa sədaqəti, nizam-intizamı, mənəvi dəyərlərə bağlılığı ilə seçilməlidir.

Z.Həsənov çıxışında son illər Azərbaycan xalqı və dövləti, şəxsən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun inkişaf etdirilməsinə göstərilən diqqət və qayğıdan söhbət açıb və qeyd edib ki, hazırda hərbi hissələr müasir səviyyədə qurulur, yeni silah və hərbi texnikalar alınır: “Artıq ordunun təchizatında ən müasir silahlar var. Bu dövlətimizin iqtisadi inkişafının təzahürüdür. Hər kəs bilməlidir ki, xalqımız və dövlətimiz Silahlı Qüvvələrin hərbi potensialının artırılmasında maraqlıdır. Bizim vəzifəmiz isə torpaqlarımızı son qarışına kimi azad etməklə göstərilən bu yüksək etimadı layiqincə doğrultmaqdır”.

Müdafiə naziri çıxışının sonunda kursantlara təhsildə və intizamda uğurlar arzulayıb və əminliklə qeyd edib ki, onlar xalqımızın tarixi qəhrəmanlıq ənənələrini layiqincə davam etdirəcəklər.

Tədbirdə çıxış edən Hərbi Liseyin rəisi polkovnik Rüfət Əmirov, müəllimlər və kursantlar əvvəlki dövrlərlə müqayisədə hərbi təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün bir sıra vacib işlər görüldüyünü bildirib, eləcə də göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə müdafiə naziri tərəfindən təhsildə və intizamda fərqlənən bir qrup kursanta hədiyyələr təqdim edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2464076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR