Azərbaycanın müdafiə naziri C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşüb

Azərbaycanın müdafiə naziri C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşüb
15:18 2 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktəbin zabit və kursant heyətinin, pedaqoji kollektivinin, həmçinin xüsusi təyinatlı təhsil müəssisələri üzrə qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək özünün də məzunu olduğu Hərbi Liseyin şəxsi heyəti ilə görüşündən məmnunluğunu bildirib və ölkəmizdə ordu quruculuğu prosesində təhsil ocağının xüsusi rolunu qeyd edib.
Nazir bildirib ki, hələ keçmiş sovetlər dövründə xalqımızın ümummilli lideri Heydər Əliyev bu vacib təhsil müəssisəsini yaratmaqla böyük uzaqgörənlik nümayiş etdirib. O deyib: “Dahi rəhbərimiz hələ neçə illər əvvəl Azərbaycanın müstəqil dövlət olacağını düşünərək belə qətiyyətli islahatlara imza atmışdı. Mən deyərdim ki, müasir Silahlı Qüvvələrimizin formalaşmasında Hərbi Liseyin çox mühüm əhəmiyyəti olub. Məktəbin yetirmələri bu gün də ordumuzun sıralarında məsul vəzifələrdə xidmət edərək ölkəmizin hərbi qüdrətinin güclənməsində bacarıq və səylərini əsirgəmirlər”, - deyə nazir bildirib.
Kursantlara ulu öndər Heydər Əliyevin irsindən nümunə götürməyi tövsiyə edən nazir deyib ki, onlar bu məktəbdə təhsil almalarından iftixar hissi duymalı, zabit olmağı qarşısına məqsəd qoyan hər kəs dövlətə və xalqa sədaqəti, nizam-intizamı, mənəvi dəyərlərə bağlılığı ilə seçilməlidir.
Müdafiə naziri çıxışında son illər Azərbaycan xalqı və dövləti, şəxsən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordunun inkişaf etdirilməsinə göstərilən diqqət və qayğıdan söhbət açıb və qeyd edib ki, hazırda hərbi hissələr müasir səviyyədə qurulur, yeni silah və hərbi texnikalar alınır.
“Artıq ordunun təchizatında ən müasir silahlar var. Bu, dövlətimizin iqtisadi inkişafının təzahürüdür. Hər kəs bilməlidir ki, xalqımız və dövlətimiz Silahlı Qüvvələrin hərbi potensialının artırılmasında maraqlıdır. Bizim vəzifəmiz isə torpaqlarımızı son qarışına kimi azad etməklə göstərilən bu yüksək etimadı layiqincə doğrultmaqdır”, - deyə Zakir Həsənov qeyd edib.
Nazir kursantlara təhsildə və intizamda uğurlar arzulayıb və əminliklə qeyd edib ki, onlar xalqımızın tarixi qəhrəmanlıq ənənələrini layiqincə davam etdirəcəklər.
Tədbirdə çıxış edən Hərbi Liseyin rəisi, polkovnik Rüfət Əmirov, müəllimlər və kursantlar əvvəlki dövrlərlə müqayisədə hərbi təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün bir sıra vacib işlər görüldüyünü bildirib, eləcə də göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə təhsildə və intizamda fərqlənən bir qrup kursanta müdafiə naziri tərəfindən hədiyyələr təqdim edilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_mudafie_naziri_CNaxchivanski_adina_Herbi_Liseyin_sexsi_heyeti_ile_gorusub-907542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR