Bakıdan çıxan ikimərtəbəli qatara təxribat (FOTO)

Bakıdan çıxan ikimərtəbəli qatara təxribat (FOTO)
15:21 2 Dekabr 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+

İkimərtəbəli Bakı-Sumqayıt qatarının hərəkəti təhlükə qarşısında qalıb. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, bəzi vətəndaşlar özlərinin normalara sığmayan davranışı ilə elektrik qatarlarının təhlükəsiz hərəkətinə mane olurlar.

Belə ki, ötən gün saat 19.00 radələrində Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı Keşlə-Biləcəri mənzilinin 2649-cu kilometrində relsin üzərinə mişar daşları iri qırıqlarının düzüldüyünü görüb qatarı saxlayıb. Təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə nəticəsində qatarların hərəkətində ləngimələrə yol verilib.

DİN Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində dəmir yolunun üzərinə daş qırıqları qoyanlar saxlanılıb.

Araşdırma zamanı məlum olmuşdur ki, saxlananlar Binəqədi rayonu 100 №-li orta məktəbin XI sinif və Binəqədi rayonu 143 №-li orta məktəbin IX şagirdləridir.

Saxlananlar Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsində dindirilərkən, hadisəni törətdiklərini etiraf ediblər.


Saxlanılan şagirdlərdən biri

Bu adıçəkilən istiqamətdə hərəkət edən qatara olan ilk hücum deyil. 19 oktyabr saat 18.00 radələrində Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı 2636-cı km-dən (Xırdalan- 10-cu blok post mənzilində) keçərkən iki naməlum şəxs kustar üsulla hazırlanmış daşatanla qatarı daşa basıblar.

Bir daha Bakı-Sumqayıt marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək.

Məlum olduğu kimi, sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarları hərəkətə başlayıb və "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş yüksək komfortlu ikimərtəbəli elektrik qatarları sərnişinlərin istifadəsinə verilib.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR