Ekspert: İrandakı siyasi cərəyanlar parlamentdə ifratçı mühafizəkarların sayını azaltmağa çalışacaqlar

Ekspert: İrandakı siyasi cərəyanlar parlamentdə ifratçı mühafizəkarların sayını azaltmağa çalışacaqlar
15:33 2 Dekabr 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Təmkin Cəfərov - Trend:

Almaniyada fəaliyyət göstərən iranlı politoloq Mehdi Məhdəvi Azad düşünür ki, İranda 2016-cı il fevralın 26-da keçiriləcək X çağırış parlament seçkilərində ölkədəki bütün siyasi cərəyanlar parlamentdə ifratçı üsulgəra (mühafizəkarlar) nümayəndələrinin sayını azaltmaq üçün güclərini birləşdirəcək. Gələcək parlamentdə mülayim üsulgəralar və islahatçılar düşərgəsinə yaxın olan mühafizəkarlar daha çox təmsil olunacaq.

M.M.Azad Trend-ə bildirib ki, İranın mühafizəkarlar düşərgəsindən olan sabiq Prezident Mahmud Əhmədinejadın dövründə ölkədə mövcud olan problemlər xalqın ifratçı mühafizəkarlara rəğbət göstərməsinə səbə olub: “Mahmud Əhmədinejadın prezidentliyi dövründə korrupsiyalar və sanksiyalar nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyan, İranın dünya ictimaiyyətindən təcridi və bu kimi səbəblər əhalinin bu düşərgədən olan namizədlərə rəğbətini azaldıb”.

Almaniyada fəaliyyət göstərən politoloqun fikrincə, İranda son 20 il ərzində keçirilən seçkilər onu göstərir ki, parlament seçkilərində islahatçıların qələbə qazanması üçün böyük şans var.

M.M.Azadın sözlərinə görə, burada önəmli olan xalqın seçimi yox, İranın Nəzarət Şurasının namizədlərin səlahiyyətlərinin təsdiqində sərgiləyəcəyi yanaşmadır: “Əgər Nəzarət Şurası islahatçılar düşərgəsindən namizədlərin səlahiyyətlərinin təsdiqi məsələsində sərt davranarsa, onda xalqın səs vermək üçün elə də çox seçimi olmayacaq. Belə olduqda, islahatçılar düşərgəsində bir paradoks yaranacaq. Onlar nə seçkiləri boykot edə biləcək, nə də istədikləri namizədləri təqdim edə biləcəklər”.

Ekspertin fikrincə, islahatçılar, ilk növbədə, parlamentdə ifratçı mühafizəkarların nümayəndələrinin sayının azalmasına çalışacaqlar: “Hazırda parlamentdə mühafizəkarlar düşərgəsindən Ayətullah Məhəmmədtəqi Misbah Yəzdinin başçılığı ilə "İslam İnqilabının Sabitliyi Cəbhəsi"ndən və sabiq Prezident Mahmud Əhmədinejadın ifratçı tərəfdarlarından olan 60 nümayəndə var ki, onların sayının 10-15 nəfərə düşməsinə və spiker Əli Laricaniyə yaxın olan mülayim mühafizəkarların onların yerini doldurmasına səy göstəriləcək”.

Qeyd edək ki, İranda parlament (İran İslami Məşvərət Məclisi) seçkiləri dörd ildən bir keçirilir. Qarşıdakı seçkilərdə əsas rəqiblər islahatçılar və mühafizəkarlar düşərgələridir. İranda X çağırış parlament seçkiləri 26 fevral 2016-cı ildə keçiriləcək. Seçkilərin keçirilməsinə nəzarəti və namizədlərin səlahiyyətlərinin təsdiqini ölkənin Nəzarət Şurası həyata keçirir. Hazırda Ə.Laricaninin sədrlik etdiyi parlamentdə 290 deputat var. Namizədlər 207 dairədən öz namizədliyini verir. Bəzi böyük şəhərlər (Tehran və digər şəhərlər) parlamentdə daha çox kürsü sahibidir. Misal üçün, Tehran seçki dariəsi yalnız bir dairədən ibarət olsa da, parlamentdə 30 təmsilçisi var. İranda əhalinin sayının artması ilə parlamentdə millət vəkillərinin də sayı artır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2464060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR