Texnologiyanın yaratdığı Haşimota xəstəliyi - REPORTAJ

Texnologiyanın yaratdığı Haşimota xəstəliyi - REPORTAJ
17:39 2 Dekabr 2015
45 Sosial
Ölkə mətbuatı
A- A+

Zob  -  qalxanvari vəzinin həcminin böyüməsidir. İnsanı başdan ayağa idarə edən bir orqandır. Buna görə də qalxanvari vəzini orqanizmin dirijoru adlandırırlar. Qalxanvari vəzinin 10-15 növ geniş yayılmış xəstəlikləri var. Bunların hər birində zob deyilən proses baş verə bilər.

 

Həkim-endokrinoloq Günel Şiriyeva deyir ki, insanlar özlərində bu xəstəliyin olub-olmamasını ultrasəs müayinəsindən keçdikdən sonra dəqiqləşdirə bilərlər: "Qalxanvari vəzi sanki boynunuzda kəpənək şəklində dayanmış bir vəzdir. Bunun sağ, sol və boyuncuq hissəsi var. Bu payların toplanması qadınlarda 18-in üzərini, kişilərdə isə 20-ni keçərsə bu artıq zob deməkdir".

 

Həkimin sözlərinə görə, bu gün qalxanvari vəzin ən geniş yayılmış xəstəliklərindən biri  “otoimmün tiroidit” deyilən Haşimota xəstəliyidir ki, bu xəstəlik 1910-cu ildə  yapon alimi Haşimota tərəfindən qadınlar üzərində aşkar edilib. Haşimota xəstəliyi daha çox texnologiyanın inkişaf etmiş ölkələrində ortaya çıxır. Son 5-6 ildə Azərbaycanda  texnologiyanın inkişaf etməsi bu xəstəliyin ölkəmizdə də artmasına səbəb olub. Bəs Haşimota nədir?

 

Bu xəstəlik digər xəstəliklərə bənzəmir. Müalicəsi və xəstəliyin gedişatı tamamilə fərqlidir. Onun sözlərinə görə, dünyada buna ana-qız xəstəliyi deyilir - əgər anada bu xəstəlik varsa, birmənalı olaraq qızına keçir: "Qısa şəkildə "otoimmün triodit" xəstəliyi orqanizmin öz orqanını qəbul etməməsindən yaranır. Məsələn, asqırdığımız zaman yad cisim kənarlaşır, uzaqlaşdırılırsa, orqanizm də eyni zamanda qalxanvari vəzisini uzaqlaşdırır. Bir ananın hamiləlik dönəmində diabet və digər xəstəliklərin genetik kodlanması kimi  "otoimmün triodit" də genetik kodlanır. Daha sonra onun üçün uyğun bir dövrdə - böyük stresslərin yaşandığında, yaxud orqanizm külli miqdarda yoda məruz qaldıqda, radiasiya, şüalanma kimi təsirlərdən ortaya çıxır".

 

Həkimin sözlərinə görə, ona müraciət edənlər arasında 40-50 yaşında xanımlarla yanaşı,  4-5 yaşlı uşaqlar da var. Onun sözlərinə görə, qalxanvari vəzi xəstəliklərinə daha çox qadınlarda rast gəlinir ki, bunun da əsas səbəbi onların daha çox stress keçirməsidir. Həkim deyir ki, kişilərdə ən böyük faktor siqaretdir. Siqaret çəkməyən, yaxud genetikasında qalxanvari vəzi xəstəliyi olmayan bir kişidə bu xəstəliyə çox az rast gəlinir.  Qadınlarda stress, menstrual və klimaks dövrünün başlaması, hamiləlik orqanizmdə hormonal dəyişikliklərin getməsi dövrüdür. Buna görə də qalxanvari vəzi xəstəlikləri bu dövrdə daha çox ortaya çıxır.

 

Günel Şiriyevanın dediyinə görə, Haşimota xəstəliyi daha çox yodun çoxluğundan yaranan xəstəlikdir. Ona görə də bu  xəstələr mütləq yoddan uzaq durmalıdır: "Yodun orqanizmə çox daxil olması antikorların artmasına, bu da vəzin böyüməsinə gətirib çıxarır. Yodun orqanizmə az daxil olması eyni zamanda insanların sinir sisteminə də müsbət təsir göstərir. Əgər biz gündə 2-3 dilim çörək yeyiriksə, yetəri qədər yod alırıq. Ölkəmizdə yodlaşmış duzdan istifadə edildikdən sonra yod defisiti demək olar ki, xəstələrdə nadir hallarda rast  gəlinir. Tam tərsinə, yod çoxluğu olan xəstələrə daha çox təsadüf edilir".

 

Həkim əlavə edib ki, bu xəstələr türkəçarələrdən də istifadə etməməlidir. Onun sözlərinə görə, ən çox Azərbaycanda istifadə olunan üsullardan biri qozu spirtdə saxlamaq, yodu suya qatıb qoxlamaq, otağa qoymaq, bədənlərinin müxtəlif nahiyələrini "kletka" etməkdir ki, bu da qəti şəkildə yolverilməzdir: "Tərkibində çoxlu yod olan dərmanların qəbul olunması xüsusi ilə də polivitaminlər, otoimmün tiroiditi tezləşdirir. Bizim genetikamızda bu hallar var, amma biz özümüzü qoruduğumuz zaman bu problemə ancaq 60-70 yaşında rast gəlmək mümkündür. Amma biz onu tezləşdiririk. Bundan başqa, belə problemi olanlar yeməklərin üzərinə duz tökməsinlər. Bu, yalnız Haşimota xəstəsi olanlara deyil, eyni zamanda haşimotası olmayan, düyünü olan istənilən xəstəyə aiddir. Yod defisiti, yodun çox qəbul olunması, düyünlərin böyüməsinə gətirib çıxaran faktordur. Bundan başqa tərkibində çox yod olan qidaları - qoz, fındıq, feyxoa,  korolyok bunların miqdarını bir az azaltmaq lazımdır".

 

Endokrin sistemi xəstəlikləri xroniki xəstəliklərdir və uzun müddət gedir. Əgər  erkən dönəmdə bu xəstəlik aşkar edilərsə, profilaktik müalicə ilə aradan qaldırmaq mümkündür. Haşimota çox az ehtimalla əməliyyat ediləcək xəstəlikdir. Amma təəssüflər olsun ki, son vaxtlarda bu  xəstəliyi əməliyyat edirlər: "Qalxanvari vəzinin həcmi 18 olan bir xəstədə məsələn, maksimum həcm  35 olur. O, asanlıqla müalicəyə tabe olur və 6 aydan sonra xəstədə hər şey normallaşır, həcm  15-18-ə düşür. Artıq əməliyyata ehtiyac qalmır. Bir də düyün məsələsi var. Haşimota xəstələri bu yandan çox şanslıdırlar ki, onlarda düyünlər gərilir və tamamilə yox olur. Amma bir dəfə yox olması o demək deyil ki, bir daha əmələ gəlməyəcək. Nəzarətsiz qaldıqda, bəlkə də əvvəlkindən daha böyük ölçüdə düyünlərin yaranmasına gətirib çıxaracaq".

 

Bəs bu cür xəstələr özlərini necə qorumalıdır?

 

Günel Şiriyeva: "Qanın nəticələrinin gözəl olması lazımdır. Qanda dəmir, B 12 və fol turşusu ideal səviyyədə olmalıdır. Özümüzü və uşağımızı qorumaq üçün  sadəcə Ultrason, TSH hormonunun baxılması və qanın ümumi analizinin  verilməsi əsas şərtdir. Sadəcə, qanın müalicəsi ilə geriyə gedən çox xəstəmiz var. Yalnız hemoqlobinin normal olması hər şeyin normal olduğunu göstərmir".

 

Haşimota xəstələrinin ən çox istifadə etməsi lazım olan maddə Selen və Sinkdir. Bunları təbii şəkildə balqabaq tumları və zəfəranla əvəz edə bilərlər. Gündə 10-15 boranı tumunu yemək orqanizmdə sink ehtiyatını artırır. Bundan başqa, həftədə 2-3 dəfə az miqdarda zəfəranı stəkana töküb üzərinə qaynar su əlavə edərək qəbul edə bilərlər. Daha sonra xəstələr su içməyi artırmalıdırlar. Su içdikləri zaman orqanizm daha yaxşı hormonları idarə etməyə başlayır. 70-75 kq çəkisi olan bir insan 2 litrə yaxın su içməlidir. Qalxanvari vəzinin işini yaxşılaşdıran səbəblərdən biri də idmandır. Həftənin 3 günü 30 dəqiqə iti addımlarla yürüşün olması qalxanvari vəzinin daha yaxşı işləməsinə gətirib çıxarır. Haşimotanın ortaya çıxmasının əsas səbəblərindən biri də  ayaqüstü qidaların qəbul edilməsidir ki, bundan uzaq durmaq lazımdır.

 

Günel Şiriyeva bildirib ki, Haşimotadan əziyyət çəkənlər gələcəkdə başqa insanlara nisbətən diabet və allergik xəstəliklər riskini daha çox daşıyır.

 

Bu cür xəstələr depressiyaya daha çox meylli olur. Onların həyata pozitiv baxa bilməməsi xəstəliyin daha da şiddətlənməsinə gətirib çıxaracaq. Əgər özləri bunu bacara bilmirlərsə mütləq peşəkarlardan yardım almalıdırlar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223688

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR