Əddis-Əbəbə, 2 dekabr, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin yeni təyin olunmuş mədəniyyət və turizm naziri xanım Aişə Musa ilə görüşüb.
Görüşdə səfir nazirə Azərbaycan haqqında məlumat verib. O, Azərbaycanın turizm sahəsində əldə etdiyi uğurlardan söhbət açıb, regionun ən qədim və zəngin maddi-mədəni, dini abidələrinin ölkəmizin ərazisində yerləşdiyini diqqətə çatdırıb. Səfir bir çox mötəbər tədbirlərə ev sahibliyi edən Azərbaycanın mühüm beynəlxalq mərkəzə çevrildiyini vurğulayıb.
Nazir Aişə Musa Azərbaycanın sürətlə inkişaf etdiyini deyib və qısa müddətdə inkişaf etmiş ölkə kimi tanınmasını yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu, həm turizm, həm də mədəniyyət sahələrində əməkdaşlığın həyata keçirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin, təcrübə mübadiləsinin aparılmasının və müqavilə-hüquq bazasının yaradılmasının vacibliyi qeyd edilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə