Paytaxta gətirilən 5 tona yaxın yararsız ətin zərərsizləşdirilməsinə qərar verilib

Paytaxta gətirilən 5 tona yaxın yararsız ətin zərərsizləşdirilməsinə qərar verilib
19:48 2 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Satış məqsədilə paytaxta gətirilən 5 tona yaxın yararsız ətin zərərsizləşdirilməsinə qərar verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Həsənov AZƏRTAC-a bildirib ki, noyabrın 30-da DBNX-nin mütəxəssislərinin Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu “Mercedes” markalı yük avtomaşını saxlanılıb.
Cəmdəklərə baxış keçirilən zaman heç bir müşayiətedici baytarlıq və digər sənədlərin olmadığı müəyyən edilib. Həmçinin heyvan cəmdəklərinin mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, göyərmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olub. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün Respublika Baytarlıq Laboratoriyasına 18 nümunə təqdim edilib.
Götürülən nümunələrdə bakterioloji, mikroskopik və kimya-toksikoloji müayinələr aparılıb. Bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə, salmonella və eşerixa koli (escherichia coli) xəstəliyinin törədicisi müəyyən olunub. Biokimyəvi müayinə nəticəsində isə yoxlanılan nümunələrin keyfiyyətsiz, eləcə də 13 cəsədin ölmüş və aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvanların ətləri olduğu müəyyənləşib.
Aparılan müayinələrin nəticəsinə əsasən qida üçün yararsız olduğundan və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyindən satış məqsədilə gətirilən 5 tona yaxın ətin zərərsizləşdirilməsinə qərar verilib.
Ətlərin zərərsizləşdirilməsi tədbiri bu günlərdə həyata keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Paytaxta_getirilen_5_tona_yaxin_yararsiz_etin_zerersizlesdirilmesine_qerar_verilib-907675

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR