Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 Dekabr
20:19 2 Dekabr 2015
145 Sosial
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

Boğazların statusu haqqında Montrö sazişi Türkiyənin strateji əhəmiyyətini artıran beynəlxalq sənəddir. Bu sənəd Çanaqqala və İstanbul boğazlarından gəmilərin keçməsi qaydalarını tənzimləyir. Moskva ilə yaranan gərginlikdən sonra Ankaranın boğazlardan keçidi Rusiya gəmiləri üçün bağlaya biləcəyi gündəmə gəlib. Daha doğrusu, media zaman-zaman Türkiyənin belə bir addımı ata biləcəyini gündəmə gətirir. Bu tip xəbərlər adətən Türkiyənin Rusiya qarşısında sahib olduğu təzyiq üsullarını gündəmə daşımaq məqsədi daşıyır. Lakin Türkiyənin məhz Montrö sazişinə əsasən boğazlardan keçidi Rusiya gəmiləri üçün bağlaya biləcəyini iddia edənlər yanılırlar. Buna elə istinad olunan Montrö sazişinin özü imkan vermir. Sazişə əsasən Türkiyə boğazlardan keçidi iki halda - ya müharibə şəraitində, ya da müharibə təhdidi ilə üz-üzə qalacağı təqdirdə bağlaya bilər. Bu iki şərtin heç biri hazırda mövcud deyil. Türkiyəyə heç bir dövlət müharibə elan etməyib, Türkiyə parlamentinin də hansısa dövlətlə müharibə etmək qərarı yoxdur. İddiaçıların əsaslandığı “müharibə təhdidi ilə üz-üzə qalmaq” situasiyası isə konkret beynəlxalq hüquqi termindir və hansı halların müharibə təhdidi hesab olunduğu bu termin vasitəsilə izah olunur. Sanksiyaların tətbiqi, qarşılıqlı ittihamlara əsaslanan bəyanatlar, informasiya savaşı müharibə təhdidi deyil, bu səbəbdən Türkiyənin əlində boğazları bağlamaq üçün əsas yoxdur. Digər tərəfdən boğazların bağlanması miqyası belə təsəvvür edilə bilinməyəcək beynəlxalq böhrana səbəb ola bilər. Bu halda beynəlxalq hüquq Türkiyənin əleyhinə olduğundan Ankara böhrandan itki ilə çıxa, Rusiyanın mövqeyi isə möhkəmlənə bilər. “Türkiyə boğazları bağlayacaq” kampaniyası aparanların bir məqsədi də budur - Ankaranı haqlı durumdan haqsız duruma sürükləmək. Amma bir fakt unudulur – Türkiyənin köklü diplomat ordusu var və belə ölkəni bu cür ucuz üsullarla böhrana sürükləmək mümkün deyil. Sözümüzün canı, Türkiyə boğazları bağlamayacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223700

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR