Ötən həftə Azərbaycan istehsal etdiyi ilk gəmisini suya buraxdı. Amma ətrafda cərəyan edən hadisələrin bolluğu fonunda bu hadisənin əhəmiyyəti diqqətdən bir qədər kənarda qaldı. Əslində, bu tarixi fakt Azərbaycanın gəmiçiliyimizə, nəqliyyat sektorumız, iqtisadiyyatımız üçün böyük perspektivlər vəd edir.
Gəmiçilik sektorunun inkişafının ölkə iqtisadiyyatında rolunu Milli.Az-a şərh edən iqtisadçı-elspert Pərviz Heydərov bildirib ki, bir neçə gün əvvəl Bakı Gəmiqayırma Zavodu tərəfindən inşa edilən ilk sərnişin gəmisinin suya buraxılması mühüm hadisə oldu: "Bu zavod 2013-cü il sentyabrın 20-də istifadəyə verilib. Sözügedən zavodun tikilib istifadəyə verilməsi iqtisadiyyatın diversifikasiya siyasətinin tərkib hissəsini təşkil edirdi. Yeri gəlmişkən, məlumdur ki, Azərbaycan öz əlverişli coğrafi mövqeyindən istifadə etməklə yük daşımalarını artırmaq üçün artıq xeyli müddətdir ki, böyük səylər göstərir".
Ekspertin fikrincə, ümumiyyətlə, Azərbaycanın qeyri-neft iqtisadiyyatında nəqliyyat sektoru mühüm əhəmiyyət daşıyır və yaxın gələcəkdə bütövlükdə iqtisadiyyatın lokomotivini təşkil etmək iqtidarındadır: "Təsadüfi deyil ki, son illər ərzində bura böyük məbləğdə investisiyalar cəlb edilib və ölkə üzrə ən böyük infrastruktur layihələri məhz nəqliyyatda gerçəkləşdirilib. Bu da təbiidir. Ona görə ki, ölkənin coğrafi vəziyyəti elədir ki, daxildə yaradılan nəqliyyat infrastrukturu bütün beynəlxalq zəruri tranzit imkanlarının gerçəkləşdirilməsi üçün də əlverişli zəmin yaratmalı və həm siyasi, həm də iqtisadi divident gətirməlidir. Odur ki, nəqliyyat sektorunun inkişafı düşünülmüş şəkildə həyata keçirilir".
İqtisadçı qeyd edib ki, Azərbaycanın gəmi istehsalında uğur əldə etməsi bu sahədə xaricdən olan asılılığı da azaldacaq: "Azərbaycan son 10-11 il ərzində xaricdən tankerlər, yük gəmiləri, bərələr daxil olmaqla 17 gəmi alıb. Bu da, sözsüz ki, Bakıda Gəmiqayırma Zavodunun tikilməsini zəruri edirdi. Çünki məqsəd həm də bu sahədə xarici istehsalçılardan asılılığı azaltmaq idi. Təsadüfi deyil ki, bu sahədə xarici şirkətlərlə əməkdaşlığa da başlandı və artıq 2013-cü ildə istifadəyə verilən zavodda keçən ildən etibarən gəmilər inşa edilir. Zavod həm ölkə daxilindən, həm də neft konsorsiumu tərəfindən sifarişlər alıb. Zavodun digər Xəzəryanı ölkələrdən də sifarişlər alacağı gözlənilir. Çünki bu, zavod bütün növ gəmilər istehsal etmək iqtidarındadır".
Qeyd edək ki, istismara buraxılan gəmi Xəzər hövzəsində ən müasir və qabaqcıl sənaye müəssisəsi olan Bakı Gəmiqayırma Zavodunda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə tikilən 3 sərnişin gəmisindən birincisidir. Digər iki gəminin isə gələn il hazır olacağı planlaşdırılır.
İlkin İzzət
Milli.Az