Rəşid Behbudovun 100 illik yubileyi keçirilib

Rəşid Behbudovun 100 illik yubileyi keçirilib
21:56 2 Dekabr 2015
40 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli müğənni, SSRİ Xalq Artisti (1959), Sosialist Əməyi Qəhrəmanı (1980) Rəşid Məcid oğlu Behbudovun anadan olmasının 100 illik yubileyi qeyd edilib.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, tədbir müğənninin ifasında “Azərbaycan” mahnısının səsləndirilməsi ilə başlanıb. Bu mahnı Rəşid Behbudovun özünəməxsus vizit kartı olub. O, dünyanın hər yerində konsertlərini bu mahnı ilə başlayıb və bu mahnı ilə də qurtarırdı. Muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli müğənninin həyat və fəaliyyətindən söhbət açıb.

Bildirilib ki, Rəşid Behbudov 1915-cil il dekabrın 14-də Tiflisdə doğulub. Onun ilk müəllimi atası, Şuşanın tanınmış xanəndəsi Məcid Behbudov olub. Anası Firuzə Vəkilova rus dili müəllimi, habelə Tiflis klubunda dram dərnəyinin rəhbəri olub.
 
1943-cü ildə Bakı kinostudiyası Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” filmini çəkməyi qərara alıb. Filmin yaradıcılarından biri təsadüfən Zabitlər Evində Rəşid Behbudovun Əsgərin ariyasını oxumasını görüb və onu filmdə baş rola dəvət edib. 1945-ci ildə ekranlara çıxan film SSRİ-də və bir çox ölkələrdə uğur qazanıb.

R.Behbudov 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə M.F.Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, Fikrət Əmirovun “Sevil” operasında Balaş rolunu ifa edib. R.Behbudov 1957-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində caz üslubunu və xalq musiqi alətlərini birləşdirən ansambl yaradıb və ona rəhbərlik edib (1957-1959).

O, Azərbaycan Dövlət Mahnı Teatrını yaradıb və ömrünün sonunadək onun bədii rəhbəri və solisti olub. Teatr hazırda onun adını daşıyır. Yaraşıqlı görkəmi, aktyorluq bacarığı və məlahəti, istənilən milli musiqini duymaq istedadı Rəşid Behbudova böyük uğur gətirib və bu uğur onu ömrü boyu müşayiət edib. Müğənninin zəngin repertuarında əsas yeri Azərbaycan bəstəkarlarının mahnıları, xalq mahnıları tutub. O, bir neçə bədii filmə çəkilib. Tədbirdə Xalq Artisti, tarzən Ramiz Quliyev böyük müğənni haqqında xatirələrini bölüşüb.
 
Bildirib ki, 1978-1989-cu illərdə ansamblda işləyib və müğənnini qastrollarda müşayiət edib. Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti, gözəl müğənniləri var. Lakin populyarlıqda Rəşid Behbudovun tayı-bərabəri olmayıb.

Konsert proqramını R.Behbudov adına 2 nömrəli musiqi məktəbinin xalq-çalğı alətləri ansamblı açıb. Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin ifasında müğənninin repertuarından mahnılar, operalardan parçalar səsləndirilib.
 
Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş etdirilib. Qərb Universitetinin dizayn kafedrası tərəfindən sərgi təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41818

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR