Tokioda ”Ənənələrdən gələcəyə” adlı türk moda sərgisi keçirilib

Tokioda ”Ənənələrdən gələcəyə” adlı türk moda sərgisi keçirilib
09:08 3 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 3 dekabr, AZƏRTAC
Tokioda Ankara Yetişkinləşmə İnstitutu, Yunus Emre İnstitutu və Bunka Moda Universitetinin təşkilatçılığı ilə türk dəri və ipəyindən hazırlanmış Osmanlı paltarları kolleksiyasını ehtiva edən “Ənənələrdən Gələcəyə” adlı türk moda sərgisi keçirilib.
Sərgidə Türkiyə və Yaponiyanın moda sahəsində tanınmış mütəxəssisləri, mədəniyyət və elm xadimləri, diplomatik korpusun nümayəndələri, Tokioda yaşayan türk və Azərbaycan diasporunun üzvələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Türkiyənin Yaponiyadakı səfiri Əhməd Bülend Meriç iki ölkə arasındakı dostluq əlaqələrinin 125-ci ildönümü ilə əlaqədar çoxsaylı tədbirlərin təşkil edildiyini, moda sərgisinin də bu sıradan növbəti tədbir olduğunu bildirib. Qeyd edib ki, bu sərgi iki dost ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm təsir göstərməklə yanaşı, həm də qarşılıqlı əməkdaşlığa töhvələr verəcək.
Sonra yapon və türk kinomatoqrafçıları tərəfindən lentə alınmış “Ərtoğrul 1890” filmindən parçalar nümayiş olunub. Filmin yapon rejissoru Miçutoşi Tanaka uğurlu iş birliyinə görə türk tərəfinə minnətdarlığını bildirib.
Yapon tərəfinin modernizm, türk tərəfinin isə tarixi keçmişi təmsil edən moda nümunələri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Sərgi barədə fikirlərini AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən Bunka Moda Universitetinin rektoru xanım Sanae Kosuqi bildirib ki, türk və yapon tələbələrin iştirakı ilə iki ölkənin mədəniyyətləri arasındakı əlaqələri inkişaf etdirmək niyyətindədirlər. Sərgidə Osmanlı mədəniyyətini daha yaxından hiss etdiyini bildirən S.Kosuqi, bu paltarlarda istifadə edilən qızıl və yaşıl rəngləri çox bəyəndiyini vurğulayıb.
Tokyo Yunus Emre Türk Mədəniyyət Mərkəzinin müdiri Tələt Aydın bu sərginin gələn il də davam edəcəyini bildirib. Vurğulyıb ki, yapon tələbələrin türk motivlərindən və ipəyindən ilhamlanaraq bundan sonrakı dizaynlarında həmin motivlərə daha çox yer vermələrini arzulayır.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio











Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tokioda_Anenelerden_geleceye_adli_turk_moda_sergisi_kechirilib-907752

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR