Bakıda 21-ci əsrin yolkəsən "quldurlar"ını gözləyən cəzalar

Bakıda 21-ci əsrin yolkəsən "quldurlar"ını gözləyən cəzalar
09:27 3 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bəzi küçələrdə binaların qarşısında yeni şlaqbaumlar peyda olmağa başlayıb. Bakının bəzi yerlərində aparılan müşahidələr zamanı məlum olub ki, şlaqbaumlara daha çox yüksək vəzifəli məmurların və iş adamlarının yaşadığı binaların ərazisində rast gəlinir.

Bu isə ərazidən keçən və ya qonaq gələn insanların haqlı narazılığına səbəb olur. Onlar avtomobillərini saxlamaq üçün ya yer tapmır, ya da maşınlarını kənar yerlərdə saxlamağa məcbur olurlar. Halbuki, şlaqbaumların quraşdırıldığı binanın həyətində avtomobillərin yerləşməsi üçün xeyli boş yer var.

Bundan əlavə, həmin ərazidə hər hansı xoşagəlməz hadisə baş verdiyi zaman şlaqbaumlar operativ nəqliyyat vasitələrinin, yəni yanğınsöndürənlərin, təcili tibbi yarım və polis maşınlarının ora girib hadisəyə dərhal müdaxilə etməsinə mane olur.

Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, binaların qarşısına şlauqbaumlar qoyulması qanunla tənzimlənir: "Qanunla da sədlərin, şlauqbaumların özbaşına qoyulması yolverilməzdir. Buna görə məsuliyyət nəzərdə tutulub".

Bununla qanunvericilikdə nəzərdə tutulan məsələləri Milli.Az-a şərh edən yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, bu məsələdə iki şeyi fərqləndirmək lazımdır: "Biri ola bilər ki, fiziki və ya hüquqi şəxsin, hər hansı təşkilatın, qurumun qapalı ərazisi olsun. Belə yerlərdə şlaqbaumun quraşdırılması ilə bağlı heç kimdən rəsmi icazə almağa ehtiyac yoxdur və öz ərazilərinə girişə məhdudiyyət tətbiq edə bilərlər. Amma ictimai yerlərdə, küçələrdə, xüsusən də ümumi yaşayış binalarının həyətində, ətrafındakı yerlərdə şlaqbaumlar quraşdırılması isə tam fərqli yanaşma tələb edir. Belə yerlər heç bir halda xüsusi mülkiyyətdə, hansısa qurumun ayrıca istifadəsində və icarəsində ola bilməz".

Ekspert qeyd edib ki, qanunvericilikdə şlaqbaumlarla əlaqədar ayrıca təfərrüatlar yer almasa da, yol hərəkətinin təşkili və texniki vasitələrin tətbiqinə dair ümumi məsələlər var. Onlardan çıxış edərək demək olar ki, hər hansı binanın həyətinin girişində şlaqbaum qoyulmalıdırsa, yerli icra hakimiyyətinə müraciət edilməlidir. Daha sonra həmin icra hakimiyyətinin təklifi həmin məsələ Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasında mütləq müzakirə olunmalıdır: "Adıçıkilən Komissiyada Dövlət Yol Polisi, Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və s. dövlət qurumlarının nümayəndələri təmsil olunur. Bunlar elə qurumlardır ki, yollarda onların fəaliyyəti ilə bağlı hər hansı problem olmamalıdır. Məsələn, əraziyə təcili tibbi yarım maşını gələndə deməsin ki, burada şlaqbaum olduğudan görə xəstəyə vaxtında yardım edə bilmədik, öldü. Eyni zamanda yanğınsöndürən deməsin ki, şlaqbauma görə ora girib yanğını söndürə bilmədim. Ona görə də həmin qurumların rəyi əvvəlcədən alınır. Yalnız bundan sonra şlaqbaumun qoyulmasına icazə verilə bilər".

Hüquqşünas əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinın 164-cü maddəsinə əsasən, özbaşına şlaqbaumlar quraşdıran şəxslər bu maneələr aradan qaldırılmaq şərtilə inzibati məsuliyyətə cəlb edilirlər: "Həmin maddəyə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə fiziki şəxslər 80 manatdan 100 manatadək miqdarda, vəzifəli şəxslər 400 manatdan 500 manatadək miqdarda, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək miqdarda cərimə edilir".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/386803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR