Nazirlik: Azərbaycanda aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslərdir

Nazirlik: Azərbaycanda aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslərdir
09:57 3 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı.3 dekabr. REPORT.AZ/ Bu gün Beynəlxalq Əlillər günüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, hazırda Azərbaycanda aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. 
Nazirlikdən bildirilib ki, bu müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial müavinətin aylıq məbləği isə 7,4 dəfə artırılıb. Azərbaycanda əmək pensiyaçılarının da 28,8 %-i əlilliyə görə əmək pensiyası alanlardır və 2003-cü illə müqayisədə əmək pensiyalarının orta aylıq məbləğində 9,5 dəfə artım özünü göstərib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezidentin aylıq təqaüdləri ilə təmin olunan vətəndaşların 69 faizini müharibə əlilləri və onlara bərabər tutulanlar, 20 Yanvar əlilləri, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlillər təşkil edir. Təkcə ötən il müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb və I qrup əlilliyə görə sosial müavinət alanlara əlavə olaraq hər ay Prezident təqaüdünün təyin olunmasına başlanılıb.
Nazirliyin məlumatına görə, ümumilikdə keçən il və cari ilin ötən dövründə növbədə dayanan bütün müharibə əlilləri və onlara bərabər tutulan 1933 nəfər şəxsə “Naz-LİFAN” markalı minik avtomobili verilib ki, bu da indiyədək avtomobillə təmin edilən əlilliyi olan şəxslərin 33,6 faizini təşkil edir.
Bu ilin ötən dövründə artıq 180-ə yaxın mənzil müharibə əlillərinin və şəhid ailələrinə istifadəsinə verilib və hazırda Bakıda, ölkənin bölgələrində həmin şəxslər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.
Nazirlikdən bildrilib ki, hazırda ölkənin müxtəlif bölgələri üzrə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, onlarda hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bərpa-müalicə xidməti ilə təmin olunur.
Bu ilin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 nəfər bu təbəqələrdən olan şəxs xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib ki, bu da ötən illə müqayisədə 64,6 faiz çoxdur.
Azərbaycanda əlilliyi olan insanların peşə reabilitasiyası sahəsində işlərin davamı kimi, cari ilin 10 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 508 nəfər əlilliyi olan şəxsi əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycanda-ayliq-sosial-muavinetle-temin-olunanlarin-59-2-faizi-elilliyi-olan-sexslerdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR