Azərbaycan Prezidentinin Naxçıvana hər səfəri qədim diyarımızın əhalisində qürur və iftixar hissi, bayram əhval-ruhiyyəsi yaradır

Azərbaycan Prezidentinin Naxçıvana hər səfəri qədim diyarımızın əhalisində qürur və iftixar hissi, bayram əhval-ruhiyyəsi yaradır
11:53 3 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 3 dekabr, AZƏRTAC
Ulu öndərimiz Heydər Əliyevə sıx bağlılığı, dərin sədaqəti ilə seçilən naxçıvanlılar dahi şəxsiyyətin yolunu uğurla davam etdirən, müasir Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərən, ölkəmizi dünyanın aparıcı dövlətləri səviyyəsinə yüksəldən dövlət başçımızı həmişə böyük sevgi, rəğbətlə qarşılayır, bununla həm də onun həyata keçirdiyi daxili və xarici siyasəti yekdilliklə dəstəklədiklərini ifadə edirlər. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına hər səfəri muxtar respublikamızda bayram əhval-ruhiyyəsi yaradır, əlamətdar hadisələrlə yadda qalır. Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsi olan mühüm əhəmiyyətə malik obyektlərin açılışı olur, ölkə rəhbəri¬nin tövsiyə və tapşırıqlarına əsasən, yeni layihələrə start verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qeyd etdiyi kimi: “Muxtar respublikada həyata keçirilən bütün quruculuq tədbirlərinin himayəçisi olan cənab Prezident 2004-cü ildən ötən müddət ərzində muxtar respublikaya səfərləri zamanı elm, təhsil və mədəniyyət, idman, səhiyyə və sosial təminat, energetika, meliorasiya, yol tikintisi, sahibkarlıq, eləcə də hərbi quruculuq sahələrini əhatə edən 120-dən çox obyektin açılışında iştirak etmiş, Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileyləri keçirilmişdir”.
Prezident İlham Əliyevin dekabrın 1-də 11 il ərzində 12-ci dəfə Naxçıvan Muxtar Respublikasına səfəri də əlamətdar hadisələrlə yadda qaldı.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışından sonra xəstəxananın kollektivi və Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışı zamanı muxtar respublikada aparılan abadlıq-quruculuq işləri, qədim diyarın sürətli inkişafı barədə danışan Prezident İlham Əliyev dedi: “Bütövlükdə Naxçıvanda işlər çox yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır. Mənim Naxçıvana səfərlərim mütəmadi xarakter daşıyır və hər dəfə bir çox açılışlarda iştirak edirəm. Bu da dinamik inkişafın təzahürüdür. Bu gün də mən bir çox önəmli tədbirlərdə iştirak edirəm. Onların içində ən böyüyü, əlbəttə ki, xəstəxananın açılışıdır. Eyni zamanda uşaq musiqi məktəbi, kənd məktəbi, sənaye kompleksi, Günəş Elektrik Stansiyası, içməli su layihəsi, yəni bu, özlüyündə bir göstəricidir. Çünki respublika həm iqtisadi cəhətdən inkişaf edir, sənaye potensialı möhkəmlənir, eyni zamanda sosial məsələlər də öz həllini tapır”.
Ölkə rəhbəri öz çıxışlarında dəfələrlə qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın və ümumilikdə, Türk dünyasının mühüm strateji məkanıdır. Qədim yurda göstərilən diqqət və qayğı ölkəmizin milli maraqlarının tələbidir. Bu mənada, Azərbaycan dövləti daim muxtar respublikaya diqqət göstərir. Tarix baxımından çox qısa bir dövr ərzində muxtar respublikada bu qədər nəhəng işlərin görülməsi, qədim diyarın başdan-başa abadlaşdırılması məhz Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin vaxtında və diqqətlə reallaşdırılması nəticəsində mümkün olub. Ötən illərdə muxtar respublikada qarşıya qoyulmuş başlıca vəzifələr – əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, təhsil, səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması görülən kompleks işlərin tərkib hissəsidir. Çünki bu gün dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır.
Digər tərəfdən, bu gün qədim diyarın inkişafını təhlil edən böyük elm xadimlərimizin, ekspertlərin ortaq fikri belədir ki, 24 ildir blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikası dövlət vəsaitindən daha böyük inkişafa xidmət göstərmək baxımından həmişə yaradıcılıqla və maksimum qənaətlə istifadə etməyin, mümkün qədər çox və keyfiyyətli işlər həyata keçirməyin nümunəsini göstərir. Naxçıvanın daxili imkanlarından, ehtiyatlarından, iqtisadi əlaqələrindən əldə olunan resurslar da ardıcıl olaraq böyük inkişafa və sosial rifahın daha da yaxşılaşdırılmasına ünvanlanıb. Burada böyük quruculuq proseslərinin əsas hərəkət¬verici qüvvəsi olan insan amilinin, mənəviyyat faktorunun, məsuliyyət duyğusunun da əsas prinsiplər səviyyəsində formalaşması inkişafa dərin ictimai məzmun gətirir. Bütün bunların təməlində isə məhz ulu öndərimiz Heydər Əliyev yolunun, onun inkişafa hesablanmış strateji yüksəliş xəttinin uğurla davam etdirilməsi dayanır. Naxçıvan Muxtar Respublikasında müasir səviyyədəki yüksək inkişaf da Azərbaycanda Heydər Əliyev yolunun geniş üfüqlərinin möhtəşəm təntənəsidir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu məqama diqqət çəkərək dedi: “Möhtərəm cənab Prezident, bu gün Azərbaycan sabit və davamlı inkişafa malikdir. Bu inkişaf ona görə sabitdir ki, onun əsasını ulu öndərimiz Heydər Əliyev qoyub. Ona görə davamlıdır ki, Azərbaycanda bu siyasətə alternativin olmadığını reallığa çeviribsiniz. Çıxışlarınızın birində dediyiniz kimi, görülən işlər onu göstərir ki, biz faktiki işlərlə, əməli addımlarla sübut etdik ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və əbədi yaşayacaqdır.
Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, o sahə üzrə hərtərəfli, əsaslandırılmış inkişaf proqramı olmasın. Ölkəmizin inkişafının mühüm elementlərindən biri də regionların sosial-iqtisadi inkişafı ilə bağlıdır. Blokada şəraitində yaşayan muxtar respublikada bütün sahələrlə yanaşı, enerji təhlükəsizliyinə də diqqət artırılmışdır. Vaxt var idi ki, muxtar respublikada elektrik enerjisi fasilələrlə verilir, qonşu ölkələrdən enerji alırdıq. Sizin rəhbərliyinizlə 2005-ci ildə muxtar respublikaya təbii qaz xətti çəkilmiş, bu hesaba enerji təsərrüfatı gücləndirilmiş, modul və qaz-turbin stansiyaları, Heydər Əliyev Su Anbarı, Arpaçay və Biləv çayı üzərində elektrik stansiyaları tikilmiş, alternativ və bərpa olunan enerji mənbə¬lərinin istismarı diqqətdə saxlanılmış, Naxçıvanda yeni Günəş Elektrik Stansiyası yaradılmışdır...”
Günəş Elektrik Stansiyasının yaradılması Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması baxımından çox böyük əhəmiyyətə malikdir. Müasir dövrümüzdə dünyanın qabaqcıl dövlətləri də təhlükəsizlik məsələləri çərçivəsində enerji təhlükəsizliyinə xüsusi diqqət yetirirlər. Çünki istənilən ölkə və ya region enerji təhlükəsizliyini tam təmin edə bilməyibsə, onda bir sıra problemlərlə qarşılaşacağı qaçılmazdır. Bu mənada, ölkə rəhbəri blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təmin olunmasına daim diqqət yetirir.
Naxçıvanda enerji təhlükəsizliyinin tam təmin olunduğunu bildirən ölkə başçısı dedi: “Muxtar respublika əhalisinin 100 faizi uzun illər ərzində təbii qaz alır. Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək. Buna nail olmaq üçün böyük işlər görülür, su elektrik stansiyaları tikilmişdir. Ordubad Su Elektrik Stansiyasının tikintisi gedir və bu gün Günəş Elektrik Stansiyasının açılışını qeyd edəcəyik”.
Qədim diyarımızda geniş vüsət alan tikinti-quruculuq, abadlıq işləri, yol-nəqliyyat sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi istiqamətində əsaslı addımlar atılıb. Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin muxtar respublikamıza səfəri çərçivəsində Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Babək rayon Nehrəm kənd 2 nömrəli tam orta məktəbin, Naxçıvan şəhərində musiqi məktəbinin yeni binasının, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Naxçıvan Sənaye Kompleksinin, Naxçıvan Günəş Elektrik Stansiyasının, Naxçıvan şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsi bunun bariz nümunəsidir.
Naxçıvan hazırda inkişafının keyfiyyətcə yeni dövrünü yaşayır. Bu gün ölkəmizin, o cümlədən muxtar respublikamızın əhalisi Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin bəhrəsini gündəlik həyatlarında hiss edir. Bu gün Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları, hətta ən ucqar dağ kəndləri də abadlaşdırılıb. Bu kəndlərdə insanların yaşayışı üçün vacib olan bütün məsələlər həllini tapıb. Kənd təsərrüfatına göstərilən diqqət təsərrüfatçılıq ənənələrinin inkişafına rəvac verir. Bu da, öz növbəsində, əhalinin məskunlaşmasına şərait yaradır. Təsadüfi deyil ki, bu gün Naxçıvanın əhalisinin sayı artaraq 450 min nəfərə çatıb. Ölkə başçısının qeyd etdiyi kimi, əhalinin artımı, əlbəttə ki, bizi daha da gücləndirir, eyni zamanda yeni inkişafı da şərtləndirir. Çünki artan əhali artan iş yerləri, yeni sənaye müəssisələri deməkdir. Muxtar respublikada yeni iş yerlərinin açılması isə insanların yurda bağlılığını artırır. Belə yüksəliş, inkişaf isə dünyada maliyyə böhranın hökm sürdüyü, qabaqcıl Avropa ölkələrinin bəzilərində çoxsaylı iş yerlərinin bağlandığı bir dövrdə baş verir. Bu isə onu göstərir ki, biz düz yoldayıq və bu yol Heydər Əliyev yoludur.
Muxtar respublikada görülən işləri, həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir. Bu gözəl uğurlar münasibətilə sizi təbrik edirəm. Sizə yeni uğurlar, qələbələr arzulayıram”.
Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasına səfərinin nəticələrinə əsaslanaraq deyə bilərik ki, muxtar respublika ölkəmizin regionları arasında özünün dinamik inkişafı, tərəqqisi ilə bu gün də seçilməkdədir. İnsanların sosial şəraiti yaxşılaşıb, ictimai və sosial obyektlər tikilib, müasir standartlara cavab verən istehsal sahələri yaradılıbdır. Dekabrın 1-də Naxçıvanda dövlət başçısının xeyir-duası ilə açılan yeni sosial, sənaye obyektləri bunun bariz nümunəsidir.
Azərbaycan Prezidentinin muxtar respublikaya göstərdiyi diqqət isə Naxçıvan Muxtar Respublikasının bundan sonra da inkişaf edəcəyinin real təminatıdır. Belə ki, dövlət başçısının 2015-ci il dekabrın 2-də imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 7 milyon manat vəsait ayrılıb. Bu, muxtar respublikada abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin edəcəkdir. İşgüzarlıqları, prinsipiallıqları ilə birlikdə Vətən sevgisinin misilsiz nümunəsini göstərən naxçıvanlılar həmişə olduğu kimi, bundan sonra da böyük nailiyyətlərə imza atacaqlar.
Rauf Əliyev
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı
bürosunun rəhbəri












Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Prezidentinin_Naxchivana_her_seferi_qedim_diyarimizin_ehalisinde_qurur_ve_iftixar_hissi_bayram_ehval_ruhiyyesi_yaradir-907776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR