Boğaz məsələsi

Boğaz məsələsi
12:19 3 Dekabr 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

Rəhmətlik Əli dayı deyərdi ki, əgər sən ağzındakı tikəni çeynəyib udmamısansa, o, hələ sənin deyil. Boğazdan keçəndən sonra sənin olacaq. Demək, boğaz insanın ən vacib yerlərindən biridir.

Uşaq vaxtı elə indinin özündə də kənd yerlərində deyirlər ki, filankəs gəlib mənə boğaz çəkdi. Hətta formasını da göstərirdilər. Məsələn,  barmaqları ilə boğazının dərisindən dartıb dedi:  mən ölüm bu işi bağışla getsin.

İnək yelinləyəndə, əmcəklərinə süd gələndə  “boğazdı” deyirlər, yəni bir neçə gündən sonra doğacaq.

Adam adamı çox istəyəndə deyir, sənsiz boğazımdan heç nə keçmir. Ən çətin sual qarşısında qalanda deyir: boğazım qurudu.

Bir sözlə, boğaz nədirsə çox ciddi bir məsələdir və dünyanın bütün işləri gəlib boğazdan keçir. Böyük  Fizuli “Səhhət və mərəz” əsərində  deyirdi ki, can qalasına yol boğazdan başlanır. Amma boğazdan keçməyənlər də olur. Birinin ağır sözü, hədəsi görürsən ki, boğazdan keçə bilmir. İlişib qalır boğazın tən ortasında.

Məsələn, Türkiyənin rus təyyarəsinin vurması boğaz üçün yetərli hadisə deyil. Neçə gündü təyyarənin vurulması Rusiyanın boğazından keçmir. Prezident Putinin  bəyanatları və gərgin müsahibələr onu göstərir ki, doğurdan da, vurulan təyyarənin boğazdan keçməyi çətin və müşkül məsələdir. Bəs onda rus təyyarəsi niyə Türkiyə sərhədini keçirdi? Türkiyə öz sərhədlərini qoruyur, bu, onun haqqıdır  və rus təyyarəsinin Türkiyə tərəfdən  edilən  xəbərdarlıqlara məhəl qoymayaraq at oynatması sindromu da  Türkiyənin boğazından keçmir. Ona görə də təyyarə bir neçə yerə parçalanır ki, boğazdan rahat keçə bilsin. Amma yenə keçmir.  Bir sözlə, bu hadisə  həm Rusiyanın, həm Türkiyənin boğazından keçməkdən ötrü yaradılıb. Amma nə fayda.

Məlum məsələyə qərb dövlətləri qoşuldu. Çalışdılar ki, Türkiyənin boğazından  təyyarənin dirisini,  ölüsünü isə Rusiyanın boğazından keçirsinlər. Hətta bizimkilər də hadisəyə münasibət bildirdilər. Aqil Abbasla Rəşad Məcid  dedilər ki, təyyarənin  dirisi Türkiyənin boğazından keçsin. Məsələ də həll olunsun.  Təklifdən sonra elə bil təyyarə yenidən vuruldu, qan düşdü, ara qızışdı, az qala desinlər ki, təyyarəni sürən Rəşad Məcid, vuran da  Aqil Abbas  imiş. Ona görə də bu təklif heç kimin, xüsusən, həssas medianın boğazından keçmədi.

Dünyada gedən boğaz söhbətlərindən sonra tarixi boğazlar hərəkət keçdi. Bosfor  boğazı Qara dəniz və Mərmərə dənizlərini  birləşdirməkdən imtina həddinə çatdı. Hətta Avropa və Asiyanı ayıracağı qənaətinə gəldi. Rusiya və Türkiyənin hazır münasibətləri tarixi  beynəlxalq ticarət yolu olan Bosfor boğazından asanlıqla keçə bilmir. Ola bilsin ki, yol tamamilə bağlansın. Bu da bütün boğazların ağsaqqalı və yekəsi. Hələ  Dardanel  boğazı da bir yandan. O Egey və Mərmərə dənizini  birləşdirməkdən imtina etsə, onda dünya iqtisadiyyatı  silkələnər. Dünya okeanlarına yol Qara dənizdən başlanır. Bu boğazlar Avropa və Asiyanı birləşdirən ən iri boğazlardır. İndi balaca bir təyyarənin sərhədi keçməsi və vurulması Rusiya və Türkiyənin boğazından keçmirsə, onda  bu boğazlara  nə demək olar?

Ən böyük boğazlar balaca boğazlardan keçir. Yadıma Mirzə Cəlilin 20-ci əsrin əvvəllərində yazdığı “Dardanel boğazı”, “Rus məxrəci”, “Ərəb məxrəci” felyetonları düşür. Tarix eynən təkrarlanır. Dünyada yeni heç nə yoxdur. Hər şey təkrardır.   Boğazları qorumaq lazımdır...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR