Evimizə səssiz, iysiz girən qatildən necə qurtulmalı?

Evimizə səssiz, iysiz girən qatildən necə qurtulmalı?
12:37 3 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda, xüsusən də paytaxt Bakıda qışın gəlişi  ilə dəm qazından boğulanların sayı artır. Maarifləndirmə işlərinin aparılmasına baxmayaraq iysiz və gözəgörünməz qatil, demək olar ki, hər gün can alır.

Son olaraq dekabrın 1-də Bakı Dövlət Universitetinin tələbəsi, 20 yaşlı İlahə Abuzərova Xətai rayonu Şıxlınski küçəsində yerləşən mənzildə dəm qazından boğularaq ölüb. Noyabrın 27-də isə akademik Tofiq Hacıyev dəm qazından eyni səbəbdən dünyasını dəyişmişdi. Bu, sadəcə, son bir neçə gündə dəm qazının qurbanına çevrilənlərdir. Ümumiyyətlə, axır 5 günün statistikasına diqqət etsək, görərik ki, 5 nəfər dəm qazının qurbanı olub.

Bəs həyatımıza son qoya biləcək dəm qazı haqda hər şeyi bilirikmi? Onun qurbanına çevrilməmək üçün hansı tədbirləri görməliyik?

Bir daha yada salaq ki, kimyəvi adı karbon-monoksid  (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4 oksidə çevrilərək tüstü boruları vasitəsilə xaric olunur. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da nəticə etibarı ilə zəhərlənməyə səbəb olur.

Dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra dördüncü yeri tutur. Diqqət etsək, görərik ki, dəm qazından zəhərlənmələrin 70 faizi hamam otaqlarında baş verir. Bunun da səbəbi qaz quraşdırılan hamamın və ya mətbəxin standartlara cavab verməməsidir. Belə ki, qaz cihazı istifadə olunan otağın, mətbəxin və ya hamamın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır.

Qaz cihazından istifadə edilən qapalı yerdə mütləq şəkildə havaçəkən sistem işləməli, nəfəslik açıq saxlanılmalıdır. Hamamda ventilyasiya borusu, qapının aşağı hissəsində dəliklər olmalıdır, hamamı isti saxlamaq üçün bunları bağlamaq olmaz. Əgər bir evə 0,1 faiz dəm qazı yığılıbsa, artıq zəhərlənmə baş verəcək. Əgər mənzilə, mətbəxə, hamamxanaya 4,5 faiz qaz yığılıbsa, bu artıq partlayışa səbəb ola bilər. Bu cür partlayışın zərbə qüvvəsi çox böyük dağıntılar yaradır. Buna görə də tüstü bacaları, ən azı, ildə iki dəfə təmizlənməli, bu məqsədlə mənzil kommunal-istismar sahələrinə və ya bacaların təmizlənməsi ilə məşğul olan xüsusi lisenziyalı özəl şirkətlərə müraciət edilməlidir.

Dəm qazı iysiz olub hiss edilməsə də, bundan zəhərlənmələrin əlamətlərini hiss etmək olur: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağ ciyərlər vasitəsilə daxil olur.

Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. Karboksihemoqlobin isə dəm qazı ilə hemoqlobinin çətin ayrılan birləşməsi olduğundan oksigenin hemoqlobin vasitəsilə üzv və toxumalara  daşınmasının qarşısını alır. Nəticədə orqanizmdə hipoksiya (oksigen aclığı) başlayır. Hipoksiya bütün orqanizmin, eləcə də onun ayrı-ayrı üzv və toxumalarının oksigenlə təchizatının pozulmasıdır. Mərkəzi sinir sistemi, ürək, həmçinin böyrək və qara ciyərin toxumaları hipoksiyaya daha çox həssasdır.

Dəm qazından zəhərlənmə avtomobillərdə də mümkündür. Belə ki, avtomobilin qarajda 10 dəqiqə işləməsi şəraitində nəfəs alan adamın qanında karbon-monoksidin miqdarı ölümcül həddə çata bilər. Havada dəm qazının miqdarı 0,08 faiz olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32 faiz olduqda 30 dəqiqə, 1,2 faiz olduqda isə 2-3 dəqiqə ərzində - 2-3 nəfəs almadan sonra ölüm baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır.

Ümumiyyətlə, dəm qazından zəhərlənmiş insan özü özünə ilkin tibbi yardım göstərə bilmir.  Bu cür insanlara yalnız onun ətrafında olanlar yardım göstərə bilərlər. Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı qıcolmalar, huşun uzun müddətə itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir.

Zəhərlənmiş insan dərhal təmiz havaya çıxardılmalı, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad edilməli, təcili tibbi yardım çağırılmalıdır. Ağciyər ödeminin qarşısını almaq üçün isə zərərçəkəni yarı oturaq vəziyyətdə oturtmaq, alnına, sinəsinə soyuq kompres qoymaq lazımdır. Əgər o, nəfəs almırsa və ürək dayanmışsa, dərhal ürəyin xarici masajı və süni tənəffüs həyata keçirilməlidir.

"Yeni Müsavat"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR